Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamenti və Bundestaqa
müraciət edib
Avropa
Azərbaycanlıları Konqresi (AAK) Avropanın beynəlxalq təşkilatlarına
müraciət edərək Ermənistan silahlı qüvvələrinin
işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti
yenidən gərginləşdirməyə, müharibənin
alovlanmasına yönələn cəhdlərindən dərin
narahatlığını bildirib və dünya ictimaiyyətini
baş verənlərə laqeyd qalmamağa
çağırıb.
Bu barədə AzərTAc-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Müraciətdə Ermənistan tərəfindən intensiv şəkildə atəşkəsin pozulduğu və ermənilərin basqını nəticəsində Azərbaycan hərbçilərinin həlak olduğu, eyni zamanda dinc sakinlərin atəşə tutulduğu bildirilir.
Bəyanatda həmçinin Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki, erməni əsarətində olduğu, işğal olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmaması, Azərbaycanın daim regionda sülhsevər siyasətin tərəfdarı kimi çıxış etməsi vurğulanır.
AAK Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə qarşı zəruri addımlar atmağa, münaqişənin yenidən alovlanması təhlükəsinin regionda sülhə və sabitliyə ciddi təhlükə yaratdığını nəzərə almağa çağırıb.
Qeyd edək ki, Ermənistanın
işğalçılıq siyasətini pisləyən Bəyanat
ATƏT-in Minsk qrupunun
üzvlərinə, Almaniya Federativ Respublikasının Parlamentinə (Bundestaq), Avropa Parlamentinin Xarici Əlaqələr
və İnsan Hüquqları Komitələrinə,
həmçinin “Human Rights
Watch” beynəlxalq insan
hüquqlarının müdafiəsi təşkilatının
və “Amnesty International”
təşkilatının Almaniyadakı nümayəndəliklərinə
göndərilib.
Azərbaycan. - 2014.- 6 avqust.- S. 1.