Finlandiyalı deputatlar
təmas xəttində atəşkəsin pozulmasından narahat olduqlarını bildiriblər
Finlandiya
Azərbaycan Assosiasiyası diaspor təşkilatının
nümayəndələri Finlandiya Parlamentinin bir qrup
deputatı ilə görüşüblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, görüş zamanı diaspor nümayəndələri son günlər Ermənistan ordusunun bölmələrinin qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın etməsi və düşmən ölkənin kəşfiyyat-təxribat qruplarının cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhdini deputatların diqqətinə çatdırıblar. Assosiasiyasının üzvləri baş vermiş hadisələrə beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin biganə qalmasından təəssüf hissi keçirdiklərini bildiriblər. Diaspor təşkilatının nümayəndələri Finlandiya kimi humanist bir dövlətin baş vermiş hadisələrə biganə qalmayacağını və insan tələfatına səbəb olan bu təxribatlara obyektiv qiymət verəcəyinə inandıqlarını vurğulayıblar.
Finlandiya parlamentinin üzvləri ölkələrimiz arasında sıx dostluq əlaqələrinin olduğunu qeyd ediblər. İki ölkə arasında iqtisadi, mədəni əlaqələrin mövcud olduğunu deyən deputatlar Finlandiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildiriblər.
Deputatlar təmas xəttində
atəşkəsin pozulmasından narahat
olduqlarını, Dağlıq Qarabağ
məsələsinin sülh yolu ilə həll olunacağına ümid etdiklərini diqqətə
çatdırıblar.
Azərbaycan. - 2014.- 6 avqust.- S. 2.