Türkiyə ictimaiyyətinin
tanınmış nümayəndələri xalqımızla
həmrəylik nümayiş etdirirlər
Ermənistan
silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan
dövlət sərhədi və qoşunların təmas xəttinin
müxtəlif istiqamətlərində atəşkəs
rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə
basqın etmələri ilə əlaqədar xalqımıza
dəstək vermək məqsədilə Mərmərə
Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin
baş direktoru, professor Akkan Suver, ehtiyatda olan general - mayor
Necdet Timur, ehtiyatda olan general –polkovnik Yüksel Önel və
digər şəxslərdən ibarət geniş nümayəndə
heyəti ölkəmizin İstanbuldakı baş
konsulluğunu ziyarət edib.
Qonaqları səmimiyyətlə salamlayan baş konsul Həsən Zeynalov son günlər Ermənistan tərəfindən atəşkəs rejiminin daha intensiv şəkildə pozulmasının səbəbləri, Azərbaycanın sürətli inkişafının regional proseslərə təsiri və digər məsələlərdən bəhs edib. Türkiyə ictimaiyyəti tərəfindən bütün dövrlərdə Azərbaycana geniş dəstək verildiyini diqqətə çatdıran baş konsul bildirib ki, iyulun 31-dən bəri Türkiyənin tanınmış ziyalıları, media təmsilçiləri, elm və mədəniyyət xadimləri, sadə vətəndaşlar Azərbaycana olan tükənməz sevgi və məhəbbətlərini, qardaş dəstəklərini müxtəlif formalarda çatdırırlar. Onlar baş konsulluğa gəlir, Azərbaycan ilə tam həmrəy olduqlarını xalqımıza çatdırmağı xahiş edirlər.
Dağlıq Qarabağ probleminin tarixi və keçmiş SSRİ-nin süqutu ərəfəsində yenidən ortaya çıxmasının səbəblərinə toxunan H.Zeynalov bildirib ki, ermənilər vasitəsilə Azərbaycana qarşı həyata keçirilən ərazi münaqişəsi və uydurma “erməni soyqırımı” məsələsi bir-biri ilə sıx bağlı olan məsələlərdir. Bu problemlər bundan sonra da maraqlı qüvvələr tərəfindən qaldırılacaqdır. Odur ki, Dağlıq Qarabağ münaqişəsi ilə uydurma “erməni soyqırımı”nı biri-birindən ayırmadan düşmənə qarşı informasiya cəbhəsində mübarizə daha da əlaqələndirilmiş formada aparılmalıdır. Bu istiqamətdə atılan addımlar mövsümü xarakter daşımamalı, bütün təsirli vasitələrdən istifadə olunmalıdır.
Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasının Türkiyə ictimaiyyəti tərəfindən böyük kədər və etirazla qarşılandığını diqqətə çatdıran professor Akkan Suver bildirib ki, Ermənistan rəhbərliyi baş verən hərbi cinayətə görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır.
Son illər Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan qürur duyduqlarını ifadə edən yüksək rütbəli keçmiş hərbiçilər N.Timur və Y.Önel bildiriblər ki, Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etməyə qadirdir və Türkiyə ictimaiyyətinin bütün təbəqələri, o cümlədən ehtiyatda olan hərbiçilər hər zaman Azərbaycan xalqını dəstəkləyirlər.
Çıxışlarda qeyd olunub ki,
kənar qüvvələrin təsiri və özlərinin
xislətindən irəli gələn əsassız iddialarla Azərbaycan xalqına qarşı
ağır cinayətlər törədən erməni millətçiləri
və təcavüzkar Ermənistan dövləti Azərbaycan
tərəfinin sülh
çağırışlarına və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində
həll olunmasına göstərdiyi səylərə dəyər
vermir. Son günlər təcavüzkar Ermənistanın hərbi
birləşmələri tərəfindən atəşkəs
rejiminin pozulması və onun
ağır nəticələri Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində Azərbaycan
tərəfini sülh
danışıqları cəhdlərindən
yayındırmaq məqsədi daşıyır.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan. - 2014.- 6 avqust.- S. 2.