Cəbhə bölgəsində yaşayan əhalinin əhval-ruhiyyəsi yüksəkdir

 

Tərtər rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən kəndlərində həyat öz axarı ilə davam edir.

Belə kəndlərdən biri də təmas xəttində yerləşən Qapanlı kəndidir. Son günlər demək olan ki, hər gün düşmən təxribatı ilə üzləşən kəndin əhalisi nikbinliyini itirmir. Onlar öz doğma kəndlərini tərk etmək haqqında belə fikirləşmir, qüdrətli Azərbaycan ordusuna güvənərək gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olurlar.

AzərTAx xəbər verir ki, əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin Qapanlı kəndində sakinlərlə görüşü keçirilib.

Rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin və hərbiçilərin də iştirak etdikləri görüşdə son günlərdə cəbhədə yaranmış gərginlikdən, əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb, sakinlərin müraciətləri, arzu və təklifləri dinlənilib.

Bildirilib ki, Qapanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən hər gün atəşə tutulmasına baxmayaraq, sakinlərin əhval-ruhiyyəsi yüksəkdir. Kənd əhalisi ordumuzun əsgərləri ilə birlikdə kəndin müdafiəsində ayıq-sayıq dayanır.

Tədbirdə Prezident İlham Əliyevin cəbhəyanı kəndlərə göstərdiyi diqqət və qayğıdan bəhs edilərək qeyd olunub ki, Qapanlı kəndində hər bir evə içməli sutelefon xətti çəkilib, qazelektrik problemləri həll edilib. Kənddə 240 şagird yerlik orta məktəb binası inşa olunub, müharibə zamanı dağıdılmış evlər bərpa edilib, kəndarası yolda gecə işıqlandırma sistemi quraşdırılıb. Hazırda kənd yolunun asfaltlanması davam etdirilir.

Görüşdə cari məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq quruculuq işlərindən razılıqlarını ifadə edərək, cəbhəyanı kəndlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 2.