Yüksək dövlət qayğısı mətbuatın inkişafına təkan verir

 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu ənənəni Prezident İlham Əliyev uğurla davam etdirir

 

Tarixini Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzetindən götürən Azərbaycan milli mətbuatı daim mütərəqqi idealların carçısı kimi çıxış edib, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib. Azərbaycan mətbuatı hələ yarandığı ilkin dövrlərdə maarifpərvər ziyalılarımızın ideyalarının cəmiyyətdə nüfuz qazanmasında, xalqımızın mənəvi dəyərlərinin tərəqqisində, milli şüurunun və mədəniyyətinin formalaşmasında, sonrakı mərhələlərdə isə müstəqillik amalının güclənməsində böyük rol oynayıb.

Söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması demokratik inkişafın əsas meyarlarından biridir. Bu mənada Azərbaycan XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni siyasi-ictimai formasiyaya keçidlə əlaqədar ölkəmizdə mətbuatın və bütövlükdə KİV-in fəaliyyətinin tənzimlənməsində yeni qaydaların tətbiqinə zərurət yaranmışdı. Müstəqil Azərbaycanın seçdiyi yol mətbuatın sərbəst fəaliyyətini, söz azadlığının təmin olunmasını tələb edirdi.

Lakin müstəqilliyimizin ilk illərində Azərbaycanda azad mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmadı. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən səbəblər üzündən KİV-lər ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşdi. Bu səbəblərdən biri mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidarların çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuatın qarşısının alınmasında görməsi idi. 1992-ci ilin aprelində prezident səlahiyyətlərini icra edən Y.Məmmədovun fərmanı ilə hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. Həmin ilin may ayında zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün bir illik fəaliyyəti dövründə isə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşmişdi. O zamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirmişdi. Həmin illərdə nəinki hansısa jurnalistin, hətta sıravi vətəndaşın təhlükəsizliyinə də təminat yox idi. Jurnalistlər hər addımda ağır senzura ilə üzləşir, fikirlərini sərbəst ifadə edə bilmirdilər. Mətbuat nümayəndələrinin ayrı-ayrı məmurlar tərəfindən döyülməsi, hakimiyyətə qarşı tənqidi yazılar dərc edən nəşrlərin bağlanması isə adi hala çevrilmişdi.

Azərbaycan mətbuatı demokratiyanın tələb etdiyi azadlıqlara yalnız 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın istək və arzusu ilə hakimiyyətə qayıdışından sonra nail oldu. Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-in fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi. Əsas Qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmiş demokratik-hüquqi islahatlar kütləvi informasiya vasitələrinin və jurnalistlərin sərbəst fəaliyyətinə geniş imkanlar açdı. Konstitusiyanın 50-ci maddəsi ilə hər kəsin informasiya əldə etmək hüququ təmin edildi.

Ulu öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Belə ki, Heydər Əliyevin 1998-ci il 18 iyun tarixdə təsdiqlədiyi  "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" vətəndaşların Konstitusiyada əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman KİV-in sərbəst inkişafı, cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Həmin fərmanla informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən "Qlavlit" ləğv olundu. Fərmanla həmçinin hərbi senzuranın yaradılması haqqında 1992-ci ilin aprelində imzalanmış fərman, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu. Bu addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin vaxtdan etibarən sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlandı.

2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Azərbaycan Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla bu sahədə liberallığı tam təmin etdi, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürdü. Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlət mətbuat üzərində nəzarət funksiyasından imtina etdi. 2003-cü ildə yaradılan və mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurası isə öz vəzifəsini uğurla həyata keçirir.

Ulu öndər Heydər Əliyevin mətbuatın inkişafı sahəsində atdığı addımların nəticəsi kimi mətbuatın maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün mühüm qərarlar qəbul edildi, güzəştlər tətbiq olundu. Qəzet kağızına əlavə dəyər vergisi ləğv edildi, KİV-in iqtisadi müstəqilliyinə təminat məqsədilə bir sıra qəzetlərə uzunmüddətli və güzəştli kreditlər verildi. Bundan başqa, ayrı-ayrı qəzetlərin dövlət orqanlarına olan borcları donduruldu, məhkəmələr tərəfindən cərimələnmiş qəzetlər təzminat ödəməkdən azad edildilər. Söz azadlığına və müstəqil mətbuatın inkişafına əvvəlki hakimiyyətin dövründən qalmış əngəllərin, maneələrin ləğv edilməsi, KİV qanunvericiliyinin təkmilləşdirilməsi, mətbu orqanların inkişafı üçün onlara edilən çoxsaylı güzəştlərlə yanaşı, ulu öndər Heydər Əliyev mətbuat işçiləri ilə görüşlərin ənənəsini yaratmış, mətbuatla bağlı ortaya çıxan problemlərə operativ münasibətini bildirmiş, problemlərin məhz mətbuatın xeyrinə həll edilməsinin tərəfdarı olmuşdur. Məhz buna görə də Heydər Əliyev 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

Ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. 2005-ci və 2010-cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətlə mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar alması, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. Ötən dövrdə Prezident İlham Əliyevin sərəncamları ilə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi onu deməyə əsas verir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da sözügedən Konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mətbuat Şurası üçün yeni inzibati binanın tikintisi və təntənəli açılış mərasiminin keçirilməsi, o cümlədən mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binasının tikintisi də mətbuata yüksək qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır.

Bu gün Azərbaycanda yüksək dövlət qayğısı mətbuatın hərtərəfli inkişafına böyük təkan verir. Çünki ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənəni Prezident İlham Əliyev uğurla və layiqincə davam etdirir. Bütün bunları yüksək qiymətləndirən Azərbaycan mətbuatının nümayəndələri isə ötən illər ərzində Prezident İlham Əliyevi iki dəfə "Jurnalistlərin dostu" elan etməklə Azərbaycan dövlətinin və onun rəhbərinin mətbuata qayğı siyasətinə öz təşəkkürlərini ifadə ediblər.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 3.