Qırmızı Qəsəbənin dağ yəhudiləri dini icmasının başçısı: Azərbaycanda yəhudi icmalarının fəaliyyətinə heç bir maneə yoxdur, yəhudilərin dini hüquqları pozulmur

 

Yəhudi Xəbərlər Agentliyi (YXA) “İradlar əsassızdır” sərlövhəli məqalə dərc edib. Məqalədə ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlığına dair hesabatında Azərbaycan hakimiyyət orqanlarının ünvanına səslənən tənqidlə bağlı narazılıq ifadə olunub.

YXA-nın məqaləsində deyilir: “ABŞ Dövlət Departamenti 2013-cü il üçün beynəlxalq din azadlığına dair hesabat dərc edib. Hesabatda Azərbaycanda din sahəsində Dövlət Departamentinin nöqteyi-nəzərindən bir sıra mənfi məqamlara görə respublikanın hakimiyyət strukturları tənqid olunub.

ABŞ Dövlət Departamentinin fikrincə, Azərbaycan vətəndaşlarının, xüsusən dini azlıqların nümayəndələrinin dini hüquqları, əslində, dövlət qurumları tərəfindən pozulur.

Məsələn, Azərbaycanın bütün dini icmaları məcburi qaydada dövlət qeydiyyatından keçməlidirlər. Qeydiyyat olmadan bu birliklərin üzvləri “qanunsuz fəaliyyətə” görə iri məbləğdə cərimələr ilə cəzalandırılır və hətta cinayət təqibinə məruz qalırlar.

ABŞ Dövlət Departamentinin fikrincə, dini qurumları qeydiyyata alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə “dövlətin əlində dini icmalara tuşlanan güclü silahdır”.

Bununla belə, Dövlət Departamenti etiraf edir ki, Azərbaycanın hakimiyyət orqanları buya digər dini icmanı qeydiyyata almaqdan imtina edəndə, bunu dini birliyin fəaliyyətinin, məqsəd və məramının respublika Konstitusiyasına və digər qanunlara zidd olduğu halda edirlər.

Rəsmi Bakı Dövlət Departamentinin hesabatını radikal və qeyri-ənənəvi dini cərəyanların Azərbaycanda xalqın dini-mənəvi dəyərlərinə ciddi ziyan vuran təxribatçılıq fəaliyyəti ilə məşğul olmasını nəzərə almayan qeyri-obyektiv hesabat adlandırıb.

Azərbaycanın Quba rayonunun dağ yəhudiləri dini icmasının başçısı Boris Simanduyev YXA-ya müsahibəsində vurğulayıb: “Azərbaycanda yəhudi icmalarının fəaliyyətinə heç bir maneə yoxdur. Əksinə, dövlət yəhudi icmalarına maddihüquqi yardım göstərir. Biz Azərbaycana gələn ABŞ-ın ictimai və dövlət xadimlərinə dəfələrlə bu barədə məlumat vermişik”.

Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) Azərbaycandakı bölməsinin başçısı Semyon İxiilov YXA-ya müsahibəsində deyib: “Buya digər problemlərin təhlili həllinə kömək edir. Bəs, əsassız tənqid nə həll edir? Bu gün Azərbaycan dünyada ən tolerant ölkədir.

Əminəm ki, yəhudilər, müsəlmanlar və xristianlar respublikada din sahəsində ümumi səylərlə əldə olunan sabitliyin qanunun xaricində olan dini radikallar tərəfindən şübhə altına alınması əleyhinədirlər”.

Məqalənin tam mətni ilə http://aen.ru/?page=brief&article_id=71285 linki vasitəsilə tanış ola bilərsiniz.

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 3.