Naxçıvan Muxtar
Respublikası Ali Məclisində
müşavirə keçirilib
Avqustun
5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində
2014-2015-ci ilin payız-qış mövsümünə
hazırlıq və qarşıda duran vəzifələrlə
əlaqədar müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, muxtar respublika Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və təhsil naziri Piri Nağıyev payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov, Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev, muxtar respublikanın fövqəladə hallar naziri Şamı Abdullayev, ədliyyə naziri Suliddin Əliyev, iqtisadiyyat və sənaye naziri Famil Seyidov, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, “Naxçıvan” Sərhəd Diviziyasının komandiri Asəf Quliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli aidiyyəti sahələr üzrə payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublika fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunur. Enerji təminatı sahəsində görülən işlərin davamı olaraq cari ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyaları istifadəyə verilib. Haliyədə 36 meqavat gücündə “Ordubad” Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Bundan əlavə, alternativ enerji mənbələrindən istifadə olunması istiqamətində də işlər görülür. Qaz təchizatında da ardıcıl tədbirlər görülüb, itkini minimuma endirmək məqsədilə Naxçıvan-Şahbuz orta təzyiqli və Naxçıvan-Sədərək yüksək təzyiqli yeni magistral qaz kəmərləri istifadəyə verilib, Naxçıvan-Culfa qaz kəmərində bərpa işləri aparılıb.
Qeyd olunub ki, muxtar respublikada yay mövsümündə elektrik enerjisinə gündəlik tələbat 80-85 meqavat, təbii qaza tələbat 700 min kubmetrdir. Qış mövsümündə isə elektrik enerjisi tələbatı 45-50 meqavat, təbii qaz tələbatı 1 milyon 700 min kubmetr təşkil edir. Əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə indidən xüsusi diqqət yetirilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.
Ali Məclisin Sədri müşavirədə aidiyyəti təşkilatlara konkret tapşırıqlar verərək deyib: Dövlət Energetika Agentliyi qış aylarında abonentlərin və təsərrüfat subyektlərinin elektrik enerjisi ilə fasiləsiz təchizatı üçün istismar müddəti ötmüş elektrik avadanlıq və xətlərinin yenilənməsini diqqət mərkəzində saxlamalıdır. Elektrik enerjisinin keyfiyyətlə ötürülməsi və qəza hallarının qarşısının alınması üçün Naxçıvan şəhərində yerüstü elektrik xətlərinin yeraltı kabellərlə əvəz olunması davam etdirilməli, qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi təmin edilməli, elektrik enerjisindən istifadə zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər görülməlidir.
Dövlət Energetika Agentliyinə, həmçinin tapşırılıb ki, elektrik enerjisindən qanunsuz istifadənin qarşısını almaq məqsədilə aidiyyəti orqanlarla birlikdə reydlərin keçirilməsini davam etdirsin, baş verə biləcək qəza hallarının nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün tələb olunan mal-materialın, avadanlıqların alınıb muxtar respublikaya gətirilməsini və zəruri ehtiyatının yaradılmasını təmin etsin, işçilərin qış mövsümünə uyğun xüsusi geyimlə təminatı üçün tədbirlər görsün, qəza-bərpa briqadalarının komplektləşdirilməsi və onların təlimatlandırılması işini mövsüm başlananadək başa çatdırsın.
Müşavirədə təbii qaz yanacağı ilə təminatla əlaqədar vəzifələrdən danışan Ali Məclisin Sədri “Naxçıvanqaz” İstehsalat Birliyinə tapşırıb ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar qısa müddətdə qaz təchizatı sisteminə texniki baxışı həyata keçirsin, mövcud nasazlıqları vaxtında aşkar edərək aradan qaldırsın. İstifadə müddəti bitmiş qaz sayğaclarının dəyişdirilməsini sürətləndirsin, sayğacdankənar istifadənin qarşısının alınması üçün görülən işlərin səmərəliliyini artırsın. Təbii qaz nəqlinin qış mövsümünə uyğun texnoloji rejimlə həyata keçirilməsi üçün qaztənzimləyici qurğuların tənzimlənməsini təmin etsin. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunması diqqət mərkəzində saxlanılsın, işçilərin qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin olunması üçün tədbirlər görülsün. Qəza hallarının aradan qaldırılmasında operativlik təmin edilsin, yeni qaz xətləri çəkilərkən və bərpa olunarkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqət artırılsın. Yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə olunsun, işlənən materialların yerinə yenilərinin alınıb gətirilməsi və sabit ehtiyatın yaradılması diqqət mərkəzində saxlanılsın. Yeni qaz xətlərinin təhlükəsiz yerlərdən çəkilməsi təmin edilsin, quraşdırılan sayğacların istismar müddəti nəzarətdə saxlanılaraq aidiyyəti orqanlarla birlikdə qaz sayğaclarının təmiri sexi yaradılsın.
Müşavirədə rayonların icra hakimiyyətlərinə tikintisi və ya əsaslı təmiri aparılan qazanxanaların qış mövsümünədək istifadəyə verilməsinin təmin edilməsi, bütün qazanxanaların fasiləsiz fəaliyyət göstərmələri üçün elektrik enerjisi, təbii qaz və su təchizatı məsələlərinin araşdırılıb, nöqsanların qısa müddətdə aradan qaldırılması tapşırılıb. Qeyd olunub ki, ictimai yaşayış binalarının zirzəmilərindən keçən istilik və su xətlərinin istismara yararlılığı araşdırılmalı, zəruri təmir işləri qısa müddətdə başa çatdırılmalı, bununla yanaşı, binaların dam örtüklərinin, giriş qapılarının və pəncərə şüşələrinin təmiri üçün müvafiq tədbirlər görülməlidir. Mənzil fondunda, kommunal infrastruktur obyektləri və şəbəkələrində baş verə biləcək qəza hallarının aradan qaldırılması üçün zəruri ehtiyatların yaradılması təmin edilməlidir. Noyabr ayının sonunadək Naxçıvan şəhərində yeni su və kanalizasiya sistemləri istismara verilməli, istifadəçilərlə müqavilələr bağlanmalıdır.
Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi payız-qış mövsümündə ixtisaslaşdırılmış nəqliyyat vasitələrini cəlb etməklə muxtar respublikaya müntəzəm olaraq yanacaq daşınmasını və zəruri ehtiyatların yaradılmasını təmin etməlidir. Bildirilib ki, muxtar respublikada aparılan tədbirlər nəticəsində əksər təhsil, səhiyyə, idman və mədəniyyət obyektləri istilik sistemi ilə təchiz edilib, lakin hələlik bəzi müəssisə və təşkilatların qızdırılmasında maye qaz və neft məhsullarından da istifadə olunur. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi bu müəssisələrin qış mövsümündə normal fəaliyyətini təmin etmək məqsədilə lazımi səviyyədə maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirməlidir.
Müşavirədə digər sahələrlə bağlı tapşırıqlar da müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, Maliyyə Nazirliyi təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə veriləcək yanacaq və qışa hazırlıqla bağlı tələb olunan digər avadanlıqların alınması üçün vəsaitin köçürülməsini təmin etməlidir. Nəqliyyat Nazirliyi ayrılmış marşrut avtobus və mikroavtobusların qrafikə uyğun hərəkətini və nəqliyyat vasitələrinin texniki sazlığını diqqətdə saxlamalıdır. Marşrut və digər nəqliyyat vasitələrinin qarlı günlərdə rahat hərəkət etmələri üçün şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən mövcud texnikalar saz vəziyyətə gətirilməli, yollar vaxtında təmizlənməlidir. Avtomobil Yolları Dövlət Şirkəti tabeliyində olan maşın və mexanizmlər üçün ehtiyat hissələrinin alınmasını təmin etməli və qum tədarükünü diqqətdə saxlamalıdır. Naxçıvan Beynəlxalq Hava Limanı uçuşların təhlükəsizliyi üçün davamlı olaraq bütün elektrik – işıq sisteminin, rabitə qurğularının, maşın-mexanizmlərin texniki baxışını həyata keçirməlidir. Tələbata görə yanacaq və mal-material ehtiyatı yaradılmalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmiryolu nəqliyyatında qış aylarında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır.
Daxili İşlər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görməlidirlər. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti aidiyyəti nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən təmin olunmalıdır. Səhiyyə Nazirliyi şəhər və rayon mərkəzlərində, o cümlədən qəsəbə və kəndlərdə əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatını daha da gücləndirməlidir.
Qeyd olunub ki, hazırda muxtar respublikada ümumi tutumu 12 min 150 ton olan 19 soyuducu anbar fəaliyyət göstərir. İqtisadiyyat və Sənaye Nazirliyi qış aylarında da əhalinin tələbatının keyfiyyətli məhsullar hesabına ödənilməsi üçün mövsüm ərzində istehsal olunmuş tələbatdan artıq yerli kənd təsərrüfatı məhsullarının soyuducu anbarlar tərəfindən alınmasını davam etdirməli və məhsulların spesifik xüsusiyyətləri nəzərə alınmaqla anbar şəraitində saxlanılması üçün tədbirlər görməlidir. Bununla yanaşı, mövcud istixanalardan səmərəli istifadəyə nəzarət artırılmalı, yeni istixanaların yaradılması istiqamətində tədbirlər davam etdirilməlidir. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birlikdə bağçılıq, tərəvəzçilik, heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatlarının qışlamaya hazırlanması məqsədilə müvafiq dərman ehtiyatlarının, yem bazasının yaradılmasına, aqrotexniki və xəstəliklərə qarşı profilaktiki mübarizə tədbirlərinin vaxtında yerinə yetirilməsinə diqqəti artırmalıdır.
Ali Məclisin Sədri deyib: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatını diqqət mərkəzində saxlamalı, qazanxana təsərrüfatı işçiləri üçün müvafiq kursların yaradılmasına nail olmalı, qış mövsümünədək tələb olunan işlərin həyata keçirilməsi üçün aidiyyəti orqanlarla birlikdə müvafiq tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qış aylarında abonentlərə keyfiyyətli rabitə xidməti göstərilməsi üçün lazımi mal-material ehtiyatı yaratmalıdır. Xətt təsərrüfatının etibarlılığının daha da yüksəldilməsi, rabitə kabellərinin elektrik xətləri ilə təhlükəli kəsişmələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli, rayon mərkəzlərində və kəndlərdə abadlıq işləri aparılan zaman yeraltı rabitə qurğularının tikilməsi diqqətdə saxlanmalıdır.
Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi tədbirlərini gücləndirməli, müəyyən olunmuş təhlükəsizlik normaları çərçivəsində elektrik enerjisi və təbii qazdan istifadə ilə bağlı əhali arasında maarifləndirmə tədbirlərini davam etdirməli, Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində müvafiq izahat işləri aparmalıdır. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının, sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların muxtar respublikaya gətirilməsinə və istismarına yol verməməli, bu barədə istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təminatını diqqətdə saxlamalıdır.
Ali Məclisin Sədri qeyd edib ki, qış mövsümündə muxtar respublika ərazisindəki hərbi hissələrdə daxili intizam qaydalarına, şəxsi heyətin ərzaq məhsulları ilə təminatına xüsusi diqqət yetirilməli, tədarük olunan məhsulların keyfiyyəti diqqət mərkəzində saxlanmalıdır. Sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı vaxtında başa çatdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini təmin etməli, payız mövsümündə yeni yaşıllıqların salınmasını davam etdirməlidir. Nazirlik qış aylarında muxtar respublikanın bitki və heyvanat aləminin qorunması üçün vaxtında müvafiq tədbirlər görməlidir. Aidiyyəti orqanlar ötən payız-qış mövsümündə yol verilən çatışmazlıqları ciddi təhlil etməklə həmin nöqsanların bir daha təkrarlanmaması üçün təsirli tədbirlər görməlidirlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti taxıl məhsullarına tələbatın ilboyu dolğun şəkildə ödənilməsi və qiymətlərin sabit saxlanılması məqsədilə tələbata uyğun taxılın muxtar respublikaya gətirilməsi üçün müvafiq tədbirlər görməli, Dövlət Taxıl Fondunda buğda ehtiyatının yaradılmasını təmin etməlidir. Nazirlər Kabineti tərəfindən istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın bölgüsü təsdiq edilməli, zəruri yanacaq və avadanlıqların alınmasını təmin olunmalı, payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının 20-dək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verilməlidir.
Ali Məclisin Sədri
qarşıya qoyulan vəzifələrin
icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan. - 2014.- 6 avqust.- S. 5.