Azərbaycan və İran
arasında İKT sahəsində əməkdaşlığın
perspektivləri müzakirə olunub
Avqustun
5-də rabitə və yüksək texnologiyalar naziri Əli
Abbasov Bakıda səfərdə olan İran İslam
Respublikasının rabitə və informasiya texnologiyaları
naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, tədbir nazir Əli Abbasovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin bu il iyunun 17-dən 19-dək İrana səfəri zamanı keçirilmiş ikitərəfli görüşlərin davamı olaraq təşkil edilib.
Son illər Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan danışan Əli Abbasov bildirib ki, ölkəmiz İran dövləti ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycan hökuməti özəl informasiya texnologiyaları şirkətlərinin əməkdaşlığına hər zaman dəstək verməyə hazırdır. Ə. Abbasov ölkəmizin dünyanın bir sıra aparıcı ölkələri ilə birgə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə forumların təşkili təcrübəsini əsas götürərək, bu il İKT üzrə İran-Azərbaycan Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb.
Ölkələrimiz arasında əməkdaşlıqda İKT sahəsini yeni fürsət kimi dəyərləndirən Mahmud Vaezi hər iki ölkənin müvafiq nazirlikləri arasında rabitə sahəsindəki mövcud əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Qonaq ölkələrimiz arasında internet, radioyayım, radiotezliklərin idarə edilməsi və başqa sahələrdə nəzərdə tutulan məsələlərin danışıqlar yolu ilə həllini dəstəkləyərək, İranla Azərbaycanın İKT sahəsinin inkişafında bir-birinə qarşılıqlı kömək göstərməsinin vacibliyini vurğulayıb.
Görüşdə rabitə və informasiya texnologiyaları sahəsi üzrə
əməkdaşlığın növbəti mərhələsi,
yeni istiqamətlər, gələcək
perspektivlər müzakirə olunub.
Azərbaycan. - 2014.- 6 avqust.- S. 5.