Yeniyetmələr Qubaya istirahətə göndərildi

 

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Cari ilin yay aylarında bu istiqamətdə bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir. Həmin işlər çərçivəsində növbəti tədbir dünən "Sahil bağı"nda təşkil olundu.

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, DİN Daxili Qoşunlar Komandanlığı və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsi əsasında 250-dən çox  yeniyetmənin Beynəlxalq Təhsil Kompleksinin Quba filialının bazasında yaradılan hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirildi.  Artıq 9-cu dəfə keçirilən və ənənəvi təşkil olunan düşərgədə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan yeniyetmə iştirak edəcək.

Yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin yeniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan danışaraq uşaqlara şən və yaddaqalan istirahət arzuladı: "Düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaq".

Onun sözlərinə görə, düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq icra hakimiyyəti tərəfindən bir sıra təşkilati işlər həyata keçirilib. Bir gün əvvəl istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilib: "Uşaqlar üçün xüsusi geyimforma, lazımi idman ləvazimatları alınıb. Daxili Qoşunların Qubadakı "N" saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulub". İcra başçısı onu da əlavə etdi ki, yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir avqustun 18-dən Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunacaq.

Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaq. Onlarla yanaşı, Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunub. Burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər.

Çıxışlardan sonra Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb Qubaya yola düşdülər.

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 6.