Dağlar qoynunda
altıncı görüş
Bu yerlərin başı buludlardan nəm çəkən dağları da dünyaya tanıdıldı. Bu dağlar Qəbələyə çox yaraşır. Qəbələnin günü-gündən artan gözəlliyinə bu qocaman dağlar öz əzəməti və qüdrətindən sanki bir naxış vurub. Təsadüfi deyildir ki, Qəbələnin inkişafından, sorağı ölkə hüdudlarından çox-çox uzaqlara yayılmış müasir bir şəhərə çevrilməyindən ağızdolusu danışan müsafirlər dağlara da biganə qala bilmir, öz heyranlıqlarını böyük məmnunluqla dilə gətirirlər.
İldən-ilə Qəbələnin uğurları da çoxalır, tədbirləri də, qonaqları da. Bütün dünyaya səs salmış möhtəşəm tədbirlərdən biri də altıncı dəfə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalıdır. 6 il əvvəlki birinci festivalda dünyanın 16 ölkəsindən - ABŞ-dan, Fransadan, Rusiyadan, Çindən, Xorvatiyadan və digər dövlətlərdən musiqili qonaqlar qatılmışdısa, sonrakı festivallarda 30-dan yuxarı ölkədən tanınmış musiqiçilər bura üz tutdular.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu il iyulun 23-dən avqustun 1-dək keçirilən musiqi bayramı da rəngarəngliyi və möhtəşəmliyi ilə seçildi. Rusiyadan, Türkiyədən, Cənubi Afrikadan, ABŞ-dan, Kanadadan, Fransadan, Avstriyadan, İsraildən, Ukraynadan və digər ölkələrdən gəlmiş dünya şöhrətli dirijorlar, musiqiçilər, ifaçılar və musiqi kollektivləri tamaşaçılara böyük zövq verdilər. Yohannesburqun Filarmonik orkestrinin, İsrailin "Bross kvintet"inin, "Kiyev solistləri" milli kamera orkestrinin, Təl-Əviv balet qrupunun, Oksana Yablonskayanın, Dmitri Yablonskinin, Cen Zimbalistanın və başqalarının bənzərsiz ifaları yaddaşlarda unudulmaz izlər qoydu. Ölkəmizi təmsil edən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov və digərləri, həmçinin gənc ifaçılar həm yerli, həm də xarici ölkələrdən gəlmiş tamaşaçılarda böyük təəssüratlar yaratdılar.
Festivalın açılış günündə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük musiqi bayramı iştirakçılarına təbrik məktubu oxundu: "Hörmətli festival iştirakçıları! Əziz dostlar! Sizi -Qəbələ VI Beynəlxalq Musiqi Festivalı iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətin mövcud olduğu Azərbaycanda tamamilə bənzərsiz bir mədəni məkan formalaşmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Nüfuzu ildən-ilə artmaqda olan və hər il dünyanın ayrı-ayrı ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı da artıq milli mədəniyyətimizin tarixində ənənəyə çevrilmiş musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk.
Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram".
Açılış mərasimində çıxış edən festivalın bədii rəhbərlərindən biri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov festivalların keçirilməsində, Azərbaycan mədəniyyətinin inkişafında və dünya miqyasında təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz işlər gördüyünü xüsusi vurğuladılar.
F.Heydərovun dediklərindən: "Bu günlərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn qonaqlar da Qəbələdə musiqi festivalının keçirildiyini hiss edirlər. Bu festival həm də böyük maarifçilik missiyası daşıyır. Dünyanın hər yerindən Qəbələnin səsi gəlir, bu gözəl diyarda isə dünya musiqisi səsləndirilir. Bu festival Azərbaycan xalqının yüksək mədəniyyətə malik olduğunu bir daha təsdiqləyir".
Hər il olduğu kimi, bu il də yerli tamaşaçılardan əlavə, Bakıdan, Gəncədən, Oğuzdan, Ağdaşdan, İsmayıllıdan, Şəkidən, Göyçaydan, Mingəçevirdən və digər bölgələrdən müəllimlər, musiqiçilər, həkimlər, ziyalılar, gənclər konsertlərə gəlib istər dünya musiqi incilərini, istərsə də Azərbaycan bəstəkarlarının əsərlərini böyük heyranlıqla dinlədilər. Belə musiqili axşamların birinin Qax şəhərində keçirilməsi də festivalın yeniliklərindən oldu. Böyük sənətkar Dmitri Yablonskinin, Azərbaycanın Xalq artisti Yeganə Axundovanın ifaları tamaşaçılara əsl musiqi bayramı ovqatı yaşatdı. D.Yablonski konsertdən sonra müsahibə verərkən Qax kimi gözəl bir şəhəri, musiqisevər qaxlıları da tanımasından məmnun olduğunu xüsusi vurğuladı.
Ümumilikdə isə almaniyalı Benjamin Steyn, Huriya Parçami, gürcüstanlı Dodo Kaxadze və digər festival iştirakçıları bu möhtəşəm musiqi bayramının hər il keçirilməsinin əhəmiyyətindən razılıqla danışdılar, Azərbaycan muğamına heyranlıqlarını isə xüsusi vurğuladılar.
Festival boyu verilən konsertlər, o cümlədən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifası, Xəyyam Mirzəzadənin "Səməd Vurğun poemasına illüstrasiyalar"ı, V.A.Motsartın "Alleqro"su, Qara Qarayevin "Alban rapsodiyası" və digər tanınmış Avropa və azərbaycanlı bəstəkarların əsərlərindən parçalar nəinki tamaşaçıların, elə axşamlar ay işığında daha füsunkar görünən dağların da yaddaşına bəzək oldu. Festivalın ən heyrətamiz səhnələrindən biri də Azərbaycan muğamının nura bələnmiş sədaları eşqinə Uzaq Şərqdən, Avropadan, Amerikadan ürəklərində sevgilərlə Qəbələyə üz tutan dinləyicilər idi. Onlar muğam ifaçılarını sonsuz bir maraqla, heyranlıqla dinlədilər.
Müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları, pianoçular Aslan Aslanovu, Müşfiq Quliyevi, Alfrede Corto adına Paris Musiqi Məktəbinin tələbəsi, klarnet ifaçısı Səddam Novruzbəyovu, Madrid Kraliça Sofiya adına Ali Musiqi Məktəbinin tələbəsi, skripka ifaçısı Kamran Quliyevi öz möhtəşəm ifaları ilə tamaşaçılar daha yaxından tanıdılar.
Təqdirəlayiq haldır ki, festivalda ifaçılar, onların səsləndirdiyi əsərlərlə tamaşaçı auditoriyası arasında qəribə bir bağlılıq, ecazkar harmoniya yaranmışdı. Hər konsertin məzmununa uyğun olaraq tamaşaçı auditoriyası formalaşdırılmasına təşkilatçılar xüsusi fikir vermişdilər. Bunun nəticəsidir ki, Frederik Şopenin, Sergey Raxmaninovun, Pyotr Çaykovskinin, Dmitri Şostakoviçin, Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin və digər korifeylərin əsərləri alqışlarla qarşılanırdı.
Beləcə, yaşıl dağlar qoynunda daha bir görüş - Qəbələ VI Beynəlxalq Musiqi Festivalı da öz işinə yekun vurub Azərbaycanın musiqi tarixinə qovuşdu. Bu böyük musiqi bayramı bir daha göstərdi ki, Azərbaycan təkcə paytaxtda deyil, bölgədə də unikallığı və bənzərsizliyi ilə dünyanı heyran qoyan beynəlxalq tədbirləri keçirmək iqtidarındadır.
Telman NƏZƏRLİ
Azərbaycan. - 2014.- 6 avqust.- S. 6.