Uzun ömrün
sirri
"Gədəbəy
Mineral Suları"nın bu
sloqanının nüvəsində dayanan
sirlərdən biri turşu-qələvi
balansı ilə bağlıdır
Hazırda ölkəmizdə fəaliyyət göstərən istehsal fəaliyyətli sahibkarlıq subyektləri arasında "Gədəbəy Mineral Suları" MMC öz profilinə görə xüsusi olaraq seçilir. Ölkəmizdəki biznes mühiti və rəhbərlik etdiyi müəssisənin mövcud vəziyyəti haqqında məlumat almaq üçün müəssisənin həmtəsisçisi İlham Əliyevə müraciət etdik.
- Əvvəlcə
bir sahibkar kimi Azərbaycanda mövcud
olan biznes mühiti haqqında fikirlərinizi bilmək
istərdik. Sahibkarlar üçün
yaradılan şərait Sizi nə dərəcədə
təmin edir?
- Müəssisəmiz 2010-cu ildə təsis olunub. Şübhəsiz ki, ölkədə normal biznes mühiti olmadan bizim inkişafımız mümkün deyildi. Biz məhz Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı vəsait hesabına Gədəbəy rayonunun Zəhmət kəndində su istehsalı və qablaşdırılması fabrikini yarada bildik. Bulaqlardan nəql olunaraq istehsalat sahəsinə çatdırılan suyun anbarlara yığılması, tam müasir tələblərə uyğun müasir ultrafiltrasiya sistemi və ümumilikdə prosesdə istifadə olunan avadanlıqların hər biri tam müasir tələblərə uyğundur. Bütün bunlar isə dövlətin dəstəyi sayəsində mümkünləşib. Hazırda müəssisəmizdə işləyənlərin sayı yüz nəfərə yaxındır. Müəssisənin satış imkanları ildən-ilə genişlənir. Bu ilin əvvəlində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev müəssisədə olub. O, görülən işlərdən məmnun qalmaqla yanaşı, əlavə tövsiyələrini də verdi. Ümumiyyətlə, ümumi fəaliyyətimizi dövlətin bizə verdiyi dəstəyə uyğun şəkildə qurmağa çalışırıq ki, lazımi töhfələrimizi verə bilək.
- Biznes
fəaliyyətinə başlayarkən məhz Gədəbəy
sularını seçməyiniz hansı səbəbdən
qaynaqlanır?
- Biznes fəaliyyətinə başlamazdan əvvəl bir qədər araşdırmalarımız oldu. Biz respublikanın bölgələrinin müəyyən məhsullar üzrə brendləşməsi üzərində dayandıq. Məsələn, Gədəbəy rayonunda yetişdirilən kartof digər regionlarda olanlarla müqayisədə daha keyfiyyətlidir və brendə çevrilib. Göyçayın narı, Şəkinin halvası, Qubanın alması, Xaçmazın pomidoru, İsmayıllının pendiri, cənub bölgəsinin ləvəngisi və bu qəbildən olan digərlərini sadalamaq olar. Bu sıraya brend kimi qəbul olunan Gədəbəyin bulaq suları da daxildir. Araşdırma apardığımız zaman biz öyrəndik ki, Gədəbəydən avtobuslarla xüsusi qablarda bulaq suyu gətirilir və paytaxtın Sabunçu rayonu ərazisində normal satışı təmin olunur. Bu fəaliyyət bizdə ideya formalaşdırdı. Nəzərdə tutduq ki, həmin suyun daha sivil qaydada istehsalat sahəsini yaratmaqla qablaşdıraraq respublika ərazisində kütləvi satışını təşkil edək. Lakin bu çox da asan məsələ deyildi. Çünki "Sirab" və "Badamlı" kimi ölkəmizdə məşhur olan su brendlərinin ardınca yeni brend, marka ortaya qoymaq iddiamız yaranmışdı. Həmin sudan götürülən nümunəni analiz etmək üçün laboratoriyaya verdik. Nəticələr olduqca yüksək və ürəkaçan idi. Ən mühümü bu suyun insan sağlamlığına xeyirli olması idi. Bildiyiniz kimi, insan orqanizminin 75-80 faizindən çox hissəsi sudan ibarətdir. Bütün toxumalar, hüceyrələr bu suyun içərisində fəaliyyət göstərir. Bizim suyun üstün cəhətlərindən biri pH turşu-qələvi balansından ibarət olmasıdır. Suda qələvi çox olduqda daha xeyirli sayılır. Məsələn, pH 8 olduqda daima bu sudan istifadə edənlər daha çox yaşayırlar. Ona görə də sloqanımız "Uzun ömrün sirri"dir. Bu sloqanın nüvəsində dayanan sirlərdən biri pH-la bağlıdır. İkinci mühüm mineral metasilikatdır. Bu element mədə-bağırsaq sistemində həzmlə bağlı böyük əhəmiyyətə malikdir. Oturaq iş mühiti və ya qidalanma rejiminin gözlənilməməsi səbəbi ilə bağlı insanlarda qəbizliyə meyillilik də xeyli artıb. Mədə-bağırsaq sisteminin normal fəaliyyətində və qəbizliyin aradan qaldırılmasında metasilikatın müstəsna əhəmiyyəti var. Aparılan kimyəvi analizlərin nəticələri bizdə bu suya olan inamı daha da artırdı. Bir daha bu suyun istehsalına başlamağa və niyyətimizin uğurla nəticələnəcəyinə əmin olduq.
- Bu
gün respublikamızda su
biznesi ilə məşğul olan sahibkarlar çoxdur. Siz rəqabətə
davam gətirmək və eyni
zamanda daha da inkişaf etmək üçün hansı tədbirləri görürsünüz? Konkret
olaraq Sizin
satdığınız suyun digərlərindən
fərqli üstünlükləri hansılardır?
- Biz suyun
istehsal sahəsində həm suyun, həm də bu
prosesdə istifadə olunan
avadanlıqların sanitar-gigiyenik normalara uyğunluğuna
çalışırıq. Onun üçün də tez-tez sular laborator
analizə cəlb olunur. Bundan başqa, suyun təmizlənməsində
ultrafiltrasiya sistemindən
istifadə edilir ki, bu da
mexaniki proses olduğu üçün
suyun tərkibində olan elementlərə mənfi təsir göstərmir. Nəticədə suyun təbiiliyi
qorunur. Vacib məsələlərdən biri də insanlara
suyun çatdırılması
üçün servisin
yüksək səviyyədə
qurulması, işçilərin
vəzifələrini şərəflə
yerinə yetirmələridir.
Malın
çatdırılması ilə paralel müştəri məmnuniyyətinin
qazanılması da vacib məsələdir.
Həm işinə, həm xidmət göstərdiyin
insanlara, həm də dövlətə sevgi olanda sanki
Tanrı adamın bütün işlərinin
irəli getməsinə
kömək edir.
Xüsusi cəhətlərdən biri də bulaq
sularının axıb
töküldüyü anbarda
bütün sutka ərzində müqəddəs
Quran ayələrinin oxunmasıdır.
Uzun illər su üzərində
tədqiqatlar aparmış
yapon alimi Massarinin bir deyimi var. O deyir ki, suyun çox
güclü enerji yaddaşı var. Onu qəbul edin və təsirini hiss edin. O, suyu qablara dolduraraq müxtəlif otaqlarda yerləşdırır və
fərqli musiqilər qoyur. Sular donandan
sonra mikroskop altında onların kristal quruluşuna
baxır. Məsələn, Çaykovskinin musiqisi
səslənən otaqdakı
suyun çox gözəl mozaikası
var. Rok musiqi altında dondurulan suda isə burulğan
effekti hiss olunur.
Beləliklə də o, suyun
informasiya yaddaşının
olmasını isbat edir. Biz də
istehsalat sahəmizdə
müqəddəs Quran ayələrini
səsləndirməklə insanlara ünvanladığımız
suyun onlara xoş ovqat və müsbət enerji verməsini istəyirik.
- Deyilənə görə, hazırda növbəti istehsalat müəssisənizin açılması
istiqamətində ciddi
işlər görülür.
Yeni müəssisənin istifadəyə
verilməsi Sizə nə verəcək?
- Biznesi velosipedə bənzədirlər.
Gərək o, daim hərəkətdə
olsun. Əks halda heç
bir uğurdan söhbət gedə bilməz. Ona görə də
dövlətimizin dəstəyi
ilə ikinci fabrikimizin tikintisini aparırıq. Burada istehsal
həcmi və quraşdırılan texnologiyalar
daha böyük olacaq. Bu fabrikdə saatda 16 min ədəd 0,5 litrlik qabda
su istehsalı mümkün olacaq. Eyni zamanda, müxtəlif növ limonadların da istehsalı nəzərdə tutulur.
Məqsəd ölkənin istehlak
bazarına daha keyfiyyətli və ağız dadına uyğun limonadlar cəlb etməkdir. Bu da istehsal və satış həcminin artmasına təkan verəcək.
Beləliklə də işçilərin
sayı təxminən
60 nəfərə qədər
artacaq. Dağlıq
relyefə malik, Ermənistanla sərhəd
bölgədə yerləşən bir rayonda yeni iş
yerlərinin açılması
çox vacib məsələdir.
- "Gədəbəy
Mineral Suları" MMC-nin
məhsulları artıq
ölkə hüdudlarından
kənara ixrac edilməkdədir. Yaxın perspektiv üçün
ixracın həcmini hansı səviyyəyə
çatdırmağı proqnozlaşdırırsınız?
- İlk fabrikimizi
açanda bazarın tələbatını tam bilmədiyimiz
üçün oradakı
texnologiyalar böyük
həcmdə məhsul
istehsal etməyə imkan vermirdi. Yeni fabrikdə isə istehsal artacaq. Hazırda ixrac yalnız Rusiyayadır. Sonrakı mərhələdə
isə məhsullarımız
Orta Asiya və ərəb ölkələrinə ixrac
olunacaq. Artıq bu
istiqamətdə danışıqlar
gedir. Qarşı tərəflər götürülən nümunələrə
uyğun olaraq suyun keyfiyyətindən razıdırlar. Əgər əvvəl
ixrac ümumi istehsalın 10 faizini təşkil edirdisə, sonradan bu həcm
orta hesabla 20-30 faizi keçəcək.
Müsahibəni apardı:
Əli SƏLİMOV
Azərbaycan. - 2014.- 6 avqust.- S. 7.