Tur-aksiya qubalı şagirdlərin yaddaşında silinməz izlər buraxıb

 

Quba-İsmayıllı-Qəbələ- Şəki marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən məktəblilər səyahətlərini başa vuraraq Qubaya qayıdıblar.

AzərTAc xəbər verir ki, "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində dörd gün davam edən tur-aksiya müddətində Qubanın müxtəlif məktəblərinin IX-XI siniflərində təhsil alan 40 şagird Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı, Qəbələ və Şəki  rayonlarının qədim tarixi, mədəniyyət abidələrini, turizm mərkəzlərini və digər görməli yerlərini ziyarət ediblər.

Şagirdlərin səfərdən xoş təəssüratlarla qayıtdıqlarını bildirən qrupun rəhbəri Mehparə Rüstəmova AzərTAc-a müsahibəsində deyib: "Belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarıq. Dövlət başçısı xalqımızın gələcəyi olan gənclərin savadlı, geniş dünyagörüşünə malik olmaları üçün əlindən gələni edir".

Quba şəhərindəki 3 nömrəli  tam orta məktəbin şagirdi Fəzilə Ağayeva deyib ki, haqqında kitablarda oxuduğum tarixi yerləri gəzdim. Xüsusilə Şəkinin tarixi məkanları mənim yaddaşımda  unudulmaz izlər buraxdı.

Həmin məktəbin digər şagirdi Məhəmməd Əliyev Qəbələnin qədim tarixi ilə yanaşı, müasir simasının da onu valeh etdiyini bildirərək deyib: "Bu şəhər nağıllar aləmini xatırladır. Ölkəmizin dilbər guşələrini gəzib zövq aldıq".

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 7.