ABŞ Azərbaycanlıları Şəbəkəsi qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi haqqında Amerika ictimaiyyətini məlumatlandırır

 

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində vəziyyətin gərginləşməsi, Ermənistanın Azərbaycana qarşı təxribatları və təcavüzü haqqında Birləşmiş Ştatlar qanunvericilərinin, ölkə administrasiyasının və kütləvi informasiya vasitələrinin məlumatlandırılması kampaniyasına başlayıb. USAN-ın müraciətində bildirilir ki, erməni silahlı birləşmələri iyulun 31-dən başlayaraq Azərbaycanın Qazax, Tərtər və Ağdərə rayonlarında Silahlı Qüvvələrimizin mövqelərinə hücum ediblər. Nəticədə Azərbaycan Milli Ordusunun 12 hərbi qulluqçusu həlak olub.

Müraciətdə deyilir: "Bu, Azərbaycanın münaqişənin dinc yolla nizamlanmasına tərəfdar olaraq qaldığı bir vaxtda baş verir. Ermənistan rəhbərliyi regionda sabitliyi pozmağa yönəlmiş, müharibəyə təhriketmə siyasətindən əl çəkmir".

Sənəddə vurğulanır ki, Ermənistan silahlı qüvvələri BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ilin aprel-noyabr aylarında qəbul olunmuş, Ermənistan qoşunlarının işğal zonasından dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələrə məhəl qoymadan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır.

Müraciətdə deyilir: "Şərqi Ukraynadakı separatçılıq meyilləri kimi, erməni separatçılığı da pislənməlidir. Amerika hökuməti Ermənistan rəhbərliyinə təzyiq göstərməlidir ki, işğalçılıq siyasətindən əl çəksin".

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

 

Vaşinqton

 

Azərbaycan. - 2014.- 5 avqust.- S. 4.