Azərbaycanın görkəmli idman xadimi, məşhur futbolçu Ələkbər Məmmədov son mənzilə yola
salınıb
Avqustun 4-də görkəmli idman xadimi, məşhur futbolçu, SSRİ-nin Əməkdar İdman Ustası və Əməkdar Məşqçisi Ələkbər Məmmədov son mənzilə yola salınıb.
AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, tanınmış idmançılar iştirak ediblər.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalının səhnəsində qoyulmuşdu.
Məşhur futbolçunun tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Ələkbər Məmmədovun həmkarları, dostları, tanışları və tanınmış idman xadimləri axın-axın Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının binasına gələrək, görkəmli idman xadiminə və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mərhumun Azərbaycan futbolunun inkişafında yorulmaz fəaliyyətindən və yüksək insani keyfiyyətlərindən geniş söz açıb. Bildirib ki, Azərbaycan idmanında özünəməxsus yeri olan Ələkbər Məmmədov ölkə futbolunun inkişafına dəyərli töhfələr verib. Azərbaycanın futbol tarixində dərin izlər qoymuş Ələkbər Məmmədovun adı ölkəmizin idman salnaməsinə həmişəlik həkk olunub. Mənəvi-əxlaqi keyfiyyətləri və doğma xalqına dərin bağlılığına görə idman ictimaiyyəti onun şəxsiyyətinə hörmət və ehtiramla yanaşır. Mahir futbolçunun nailiyyətləri həmvətənlərinin qəlbini daim qürur hissi ilə doldurub. Ələkbər Məmmədov dünya futbolunun parlaq simalarından biri kimi Azərbaycanda idmanın bu növünün inkişafı və təbliğində böyük xidmətlər göstərib. Bütün həyatını futbola həsr etmiş Ələkbər Məmmədov ömrünün sonunadək ona sadiq qalıb, öz fədakarlığı və peşəkarlığı sayəsində idman həvəskarlarının dərin rəğbətini qazanıb.
Sonra görkəmli futbolçunun cənazəsi son mənzilə yola salınıb.
Mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Ələkbər Məmmədov 1930-cu il mayın
9-da Bakıda anadan olub. O, 1948–1953-cü illərdə
Bakının “Neftçi”,
1954–1959-cu illərdə Moskvanın
“Dinamo” və
1960–1962-ci illərdə yenidən
“Neftçi” komandalarının
heyətində çıxış
edib. Məşhur idmançı 1958-ci ildə futbol üzrə ilk Avropa kuboku uğrunda seçmə yarışlarda
SSRİ yığma komandasının
heyətində yer alıb, dünyanın iyirmidən artıq ölkəsinin stadionlarında
əfsanəvi oyun nümayiş etdirərək
futbolumuzun şərəfini
yüksəklərə qaldırıb
və Azərbaycan futbol məktəbini layiqincə təmsil edib.
Ələkbər Məmmədov 1963–1965-ci və
1971–1972-ci illərdə “Neftçi”
komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi kimi, respublikamızda gənc idmançıların hazırlanması
və yüksək səviyyəli futbolçuların
yetişdirilməsində müstəsna
rol oynayıb. O, Azərbaycan
Futbol Federasiyaları Assosiasiyasının və
Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü
idi.
Ələkbər Məmmədov 1955-ci il sentyabrın 4-də Moskva “Dinamo”sunun heyətində “San-Siro” stadionunda “Milan” komandası
ilə keçirilən
qarşılaşmada dörd
qol vuraraq rekorda imza atıb.
Allah rəhmət eləsin!
Azərbaycan. - 2014.- 5 avqust.- S. 5.