Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə olub
Avqustun
6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağdam və Bərdə
rayonlarına səfər edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə gəldi.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Məlumat verildi ki, təmas xəttində yerləşən bu hərbi hissədə əsgərlərin və zabitlərin xidməti üçün hərtərəfli şərait yaradılıb.
Ali Baş Komandan İlham Əliyev komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izlədi.
Sonra Prezident döyüş tapşırığını yerinə yetirərkən xüsusilə fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi.
Dövlət başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etdi.
Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışı
- Bu gün təmas xəttində vəziyyətlə tanış oluram. Müdafiə Nazirliyi müntəzəm olaraq operativ məlumat verir. Vəziyyət tam nəzarət altındadır. Bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə edib.
Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik.
Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilibdir. Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilibdir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda, istənilən vəzifəni icra edə bilər.
Bu gün təmas xəttində olarkən son günlər ərzində baş vermiş hadisələri də yada salırıq. Düşmən, erməni işğalçı qüvvələri bir həftə bundan əvvəl qorxaqcasına, namərdcəsinə gecə vaxtı bizim bölgələrimizə hücum etmişlər. Biz itki vermişik, əsgərlərimiz şəhid olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin, onların ailələrinə, yaxınlarına səbir versin. Ancaq, eyni zamanda, düşmən layiqli cavab aldı. Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir. Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilmişdir və bu əməliyyatlarda xüsusi rəşadət, cəsarət, peşəkarlıq göstərən əsgər, gizir və zabitlər bu gün bu masa arxasında əyləşmişlər. Mən onları təltif etmişəm. Göstərdiyiniz cəsarətə görə, peşəkarlığa görə sizə Azərbaycan xalqı adından öz minnətdarlığımı bildirmək istəyirəm və əminəm ki, bundan sonra da bütün döyüş tapşırıqlarını ləyaqətlə icra edəcəksiniz.
Bu gün düşmən
panikadadır, isterikadadır. Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr
baş verdiyini bilək. Biz tam şəkildə hərbi
və mənəvi üstünlüyü əldə
etmişik. Biz öz torpağımızdayıq.
Bir həftə bundan əvvəl həlak olmuş şəhidlərimiz
öz torpağında
şəhid olmuşlar.
Sual olunur: erməni əsgərinin –
işğalçı qüvvələrin
əsgərinin Ağdam
ərazisində nə
işi var? Bu gün Ermənistanın
faşist rəhbərliyi,
hərbi xunta öz ölkəsini uçuruma aparır.
Onlar bizim torpaqlarımızı
işğal ediblər,
eyni zamanda, bütün Ermənistanı
işğal ediblər.
Erməni xalqı kriminal,
korrupsioner rəhbərlikdən
öz canını qurtarmalıdır. Əks təqdirdə
Ermənistanı böyük
fəlakətlər gözləyir.
Əgər Ermənistan faşist
dövləti öz çirkin əməllərindən
əl çəkməsə,
erməni dövlətinin
mövcudluğu sual altına düşə bilər.
Bu gün biz yaxşı
bilirik ki, Ermənistan dövləti
tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur,
Göyçə mahalı
bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq
və qayıdacağıq.
Biz öz ərazi
bütövlüyümüzü bərpa etməliyik.
Dağlıq Qarabağ əzəli
Azərbaycan torpağıdır.
Həmişə belə
olub, bu gün də belədir, sabah
da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin
əvvəllərində baş
vermiş hadisələr
nəticəsində müvəqqəti
olaraq torpaqlarımız
işğal altına
düşmüşdür. Ancaq biz öz suverenliyimizi bərpa edəcəyik.
Bütün işğal edilmiş
torpaqlarda, o cümlədən
Şuşada, Xankəndidə
Azərbaycan bayrağı
qaldırılacaqdır. Bu, bizim məqsədimizdir.
Bu məqsədə doğru gedirik və biz bu məqsədə çatmaq
üçün daha da güclü ordu yaratmalıyıq.
Bu gün ölkəmizin
iqtisadi, siyasi potensialı Ermənistandan
qat-qat artıqdır,
üstündür. Son illər ordu quruculuğu sahəsində
görülən işlər
nəticəsində biz hərbi
üstünlüyü də
əldə etmişik
və öz potensialımızı getdikcə
daha da artıracağıq.
Münaqişənin həlli yalnız
ölkəmizin ərazi
bütövlüyü çərçivəsində
mümkündür. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Tarixi, əzəli
Azərbaycan torpağıdır.
Beynəlxalq hüquq normaları
bizim mövqeyimizi dəstəkləyir. Bütün dünya
Dağlıq Qarabağı
Azərbaycan ərazisi
kimi tanıyır.
Biz heç vaxt Azərbaycan torpağında
ikinci qondarma “erməni dövləti”nin yaradılmasına
imkan verməyəcəyik,
öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu
ilə, ya hərbi yolla. Biz hər iki
varianta hazırıq.
Son həftə ərzində və ondan əvvəlki dövrdə təmas xəttində müşahidə
olunan mənzərə
onu deməyə əsas verir ki, biz istənilən varianta hazırıq.
Necə ki, siyasi və
iqtisadi meydanda ermənilərə qalib gəlmişik, döyüş
meydanında da onlara qalib gəlməyə
qadirik. Biz güclü hərbi potensiala malikik. Artıq bu, müxtəlif vaxtlarda nümayiş etdirilib. Hərbi təlimlərdə və paradlarda bizim texnikamız nümayiş etdirilir.
Amma bizim ən böyük
gücümüz əsgərlərimizin
cəsarəti, vətənpərvərliyidir.
Bu gün Azərbaycanda
elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali
Baş Komandanın əmrini gözləyir.
Son hadisələr də bunu göstərir.
Hətta
hərb işindən
kənarda olan insanlar da öz
fikirlərini, istəklərini
bildirirlər, könüllü
olaraq cəbhə bölgəsinə getmək
istəyirlər. Bu, məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu
yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdədir. Ermənistandan isə son hadisələrdən
sonra əhali kütləvi köçə
başlamışdır. Onsuz da son illər ərzində Ermənistanı
orta hesabla ildə 70-80 min vətəndaş
həmişəlik tərk
edirdi. Ancaq son günlər ərzində
bu köç daha da güclü
olmuşdur. Yəni onlar
bizdən qorxurlar, panikadadırlar. Özləri etiraf edirlər ki, xarici yardım
olmadan Ermənistanın
müstəqilliyini saxlaya
bilməzlər. Açıq şəkildə etiraf edirlər ki, xarici qüvvələrə
güvənirlər. Biz
isə öz xalqımıza, öz gücümüzə güvənirik.
Biz öz ərazi
bütövlüyümüzü bərpa edəcəyik və etməliyik. Azərbaycan xalqı öz ordusunu sevir, ona inanır, güvənir. Siz ordumuzun
inkişafında böyük
xidmətlər göstərmisiniz.
Bizim, əlbəttə, bütün
hərbi hissələrimizdə
xidmət edən əsgər, gizir və zabitlər çox böyük qiymətə layiqdirlər.
Ancaq sizin əməliyyatlarınızın,
xüsusi təyinatlı
bölmələrdə xidmət
edən əsgər və zabitlərimizin xüsusi xidməti vardır. Siz hər an öz həyatınızı risk altına
salırsınız, böyük
qəhrəmanlıq göstərirsiniz.
Mən bunu yüksək qiymətləndirirəm və
istəyirəm Azərbaycan
xalqı da bilsin ki, bizim
necə gözəl döyüşçülərimiz, qəhrəmanlarımız var.
Sizin gələcək fəaliyyətiniz uğurlu olacaqdır. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda yaşayırıq. Bura Azərbaycan torpağıdır. Buradan bir neçə kilometr məsafədə yerləşən Ağdam şəhəri də Azərbaycan torpağıdır, Xankəndi də, Şuşa da, bütün digər işğal edilmiş torpaqlar da. Ağdam şəhərini erməni quldurları, vəhşiləri yerlə-yeksan edirlər. Buradan Ağdam şəhərinin qalıqları açıq-aydın görünür. İki binadan başqa bütün binalar dağıdılıb. Biz Ağdam şəhərini bərpa edəcəyik. İşğal edilmiş, dağılmış bütün şəhərləri bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə yaşayırıq və yaşayacağıq. Münaqişə öz həllini tapmayana qədər daim öz prinsipial mövqeyimizi nümayiş etdirəcəyik və təmas xəttində üstünlük daim bizdə olacaqdır.
Göstərdiyiniz qəhrəmanlığa görə sizi bir daha təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm.
Mən hərbi hissələrdə tez-tez oluram. Təmas xəttində də, bu bölgədə də, digər mövqelərdə də olmuşam. Bir daha demək istəyirəm ki, mənə operativ məlumat verilir. Ancaq bu gün gəlmişəm ki, sizinlə birlikdə bu səngərlərdə olum, sizə öz sözümü deyim və Azərbaycan xalqını buradan əmin edim ki, Azərbaycan Ordusu Azərbaycan dövlətini qoruyur və öz məqsədinə çatacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Sizi şərəfli xidmətinizdə bir daha salamlayıram və sizə bu şərəfli işdə yeni uğurlar arzulayıram.
Mayor İMANOV çıxış edərək təşəkkürünü bildirdi: Cənab Ali Baş Komandan, silahdaşlarım adından orduya göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirik. Hər an verdiyiniz hər bir əmri yerinə yetirməyə hazırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun.
Mayor
İMANOV: Sağ olun.
Azərbaycan Respublikasına
xidmət edirəm!
X X X
Əsgər və zabitlər Ali Baş Komandan ilə xatirə şəkli çəkdirdilər.
Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev operativ müşavirə keçirdi.
Dövlət başçısına cəbhə
xəttində ümumi
vəziyyətlə bağlı
məruzə edildi.
Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham
Əliyev müvafiq
tapşırıqlarını verdi.
Azərbaycan. - 2014.- 7 avqust.- S. 1-2.