“Bakı 2015”in məsul şəxsləri ilk Avropa Oyunlarını stimullaşdırmaq üçün Beynəlxalq Olimpiya Akademiyasının sessiyasında iştirak edirlər

 

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı şəxsləri Yunanıstanın Olimpiya şəhərində keçirilən Beynəlxalq Olimpiya Akademiyasının 2014-cü il Avropa Gənclər Sessiyasında iştirak etmək üçün bu ölkədə səfərdədirlər.

Əməliyyat Komitəsindən AzərTAc-a bildiriblər ki, Beynəlxalq Olimpiya Akademiyası, “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsinin birgə təşkil etdiyi sessiya Olimpiya hərəkatının stimullaşdırılması üzərində cəmləşən maarifləndirici mühazirələr və seminarlardan ibarətdir.

Sessiyada “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin

baş direktoru Saymon Kleq komitənin birinci Avropa Oyunlarına hazırlıq istiqamətində gördüyü işlərin gedişi barədə son məlumatları Avropa Milli Olimpiya Komitəsinin nümayəndələrinin diqqətinə çatdırıb.

S.Kleq qeyd edib ki, mən ömrümün otuz ilini Olimpiya hərəkatına həsr etmişəm və birinci Avropa Oyunlarını təşviq etmək üçün burada - Olimpiya Oyunlarının vətənində olmaqdan məmnunluq duyuram. Əminəm ki, Azərbaycan qədim ənənələrə uyğun olaraq Bakını əks etdirən müasir, dinamik, innovativ və canlı tədbir keçirəcək.

Öz strategiyasını “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi komissiyasına təqdim etməzdən əvvəl iştirakçı qruplar həftə ərzində tövsiyələr hazırlayacaqdır. Komissiya ən innovativuğurlu işi qalib kimi seçəcəkdir.

Beynəlxalq Olimpiya Akademiyası 1949-cu ildə yaradılıb. Akademiyanın əsas məqsədi Olimpiya ruhunun bütün dünyada yayılmasıdır.

Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları maraqlı və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaqdır.

“Bakı-2015” Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaqdır.

İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaqdır. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondotriatlon daxildir.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcəkdir.

 

Azərbaycan. - 2014.- 7 avqust.- S. 5.