Azərbaycan-İran əlaqələrinin
inkişafı perspektivləri müzakirə edilib
Avqustun 6-da Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib. İclasda tərəflər müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri ilə təmsil olunub.
AzərTAc xəbər verir ki, iclasda çıxış edən Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki qonşu ölkə olan Azərbaycan və İran arasında siyasi, iqtisadi və sosial-humanitar əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, əməkdaşlığın bərabərhüquqlu və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğuladı. Ş.Mustafayev Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladaraq dedi: “Dövlət başçılarının son 20 ildə 16 rəsmi və işgüzar səfəri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı görüşləri və əldə edilən razılaşmalar bu münasibətlərin daha da dərinləşməsində böyük rol oynayıb. 2014-cü ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə Davosdakı görüşü, eləcə də Prezident İlham Əliyevin bu ilin aprel ayında İrana rəsmi səfəri zamanı keçirdiyi yüksək səviyyəli görüşlər, müxtəlif sahələrdə imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verib. İndiyədək iki ölkə arasında 103 sənəd, o cümlədən iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb”.
Ş.Mustafayev qeyd etdi ki, Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyəsi və geniş müqavilə-hüquqi baza iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri genişlənir. 2013-cü ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 7 faiz artıb. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 441 İran investisiyalı şirkət fəaliyyət göstərir. İran tərəfindən Azərbaycanda əsas kapitala 382 milyon dollar, qeyri-neft sektoruna isə 105 milyon dollar investisiya yatırılıb. Təkcə 2013-cü ildə İranın əsas kapitala sərmayələrinin həcmi 158 milyon dollar təşkil edib. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ticarət və investisiya sektorlarında əməkdaşlığın inkişafı üçün böyük imkanlar vardır.
Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin inkişafında bu gün 9-cu iclası keçirilən Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyətini qeyd edən Ş.Mustafayev ötən dövr ərzində görülmüş işlər barədə məlumat verdi. Qeyd edildi ki, ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi, sənaye, energetika, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də humanitar sahələrdə əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb. Bu ilin aprel ayında Azərbaycan Prezidentinin İrana səfəri zamanı “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalanıb. Naxçıvan ilə İranın Şərqi Azərbaycan vilayəti arasında Culfa-Culfa (İİR) yeni avtomobil yolu körpüsünün istifadəyə verilməsi nəqliyyat əlaqələrinin genişlənməsi, beynəlxalq tranzit yüklərin daşınması, vətəndaşların rahatlığının təmin olunması baxımından xüsusi önəm kəsb edir.
Tədbirdə bildirildi ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, bir sıra qonşu ölkələrə torpaq iddiaları regional əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin inkişafına ciddi maneələr törədir, iqtisadi potensialın tam reallaşmasını məhdudlaşdırır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində digər region ölkələrinin inkişafı fonunda bu təcavüzkar ölkədə sosial-iqtisadi ressesiya yaşanır, ölkə regional layihələrdən kənarda qalır, demoqrafik uçuruma yuvarlanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Naxçıvanın da blokadaya alınması ilə nəticələnib. Belə vəziyyətdə Naxçıvanın problemlərinin həll edilməsində İranın dost və qonşu münasibəti xüsusilə əhəmiyyətlidir. Azərbaycan üçün ən ağrılı problem olan bu münaqişənin həlli üçün Ermənistanın təcavüzkar və işğalçı addımlarının qarşısının alınması, eləcə də tarixi ədalətin bərpa edilməsi istiqamətində qonşu İranın Azərbaycanın ədalətli mövqeyini davamlı dəstəkləməsi, Ermənistana təzyiqin gücləndirilməsi çox önəmlidir.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi iclasın təşkilinə göstərdiyi diqqətə və səmimi qəbula görə Azərbaycan tərəfinə təşəkkür etdi. Mahmud Vaezi prezidentlərin görüşündən sonra ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğuladı.
İclasda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə Azərbaycan-İran əməkdaşlığının inkişafına dair müzakirələr aparıldı.
Sonda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunlarına dair Protokol imzalandı. Sənədi Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzaladılar.
Sənəddə sənaye, energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı,
nəqliyyat, rabitə və yüksək texnologiyalar,
investisiya, ticarət, turizm,
təhsil və digər sahələrdə əməkdaşlığın
inkişafı, əlaqələrin genişləndirilməsi
nəzərdə tutulur.
Azərbaycan. - 2014.- 7 avqust.- S. 5.