Hərbi hissədə milli qəhrəmanların xatirəsi anılıb

 

Avqustun 6-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin "N" saylı hərbi hissəsində milli qəhrəmanlar Zakir Məcidovun, Ruslan Polovinkanın və Cavanşir Rəhimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Hərbi Hava Qüvvələrinin nümayəndələri, milli qəhrəmanların ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi təyyarəçilərin xatirəsinə hərbi hissənin həyətində ucaldılan abidənin önünə əklil və gül dəstələri qoyublar. Ölkəmizin azadlığı və suverenliyi naminə canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani bildirib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Vətənin qəhrəman oğullarının yubiley və xatirə günlərinin keçirilməsi Silahlı Qüvvələrimizdə artıq ənənə halını alıb. Bu tədbirlər şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə öz müsbət təsirini göstərir.

Tədbirdə milli qəhrəmanların keçdikləri döyüş yolundan söhbət açılıb. Qeyd olunub ki, milli qəhrəmanlar Zakir Məcidov, Ruslan PolovinkaCavanşir Rəhimov 1992-ci il avqustun 6-da Ağdərə uğrunda gedən döyüşlərdə şəxsi rəşadət və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıblar.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Böyük Vətən müharibəsi veteranı, təyyarəçi Damət Nəbiyev, Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Cəlil Xəlilov, Hərbi Hava Qüvvələri komandanının müavini Elşad Pənahov və başqaları çıxış edərək deyiblər ki, bu gün Silahlı Qüvvələrdə şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında, hərbi vətənpərvərlik ruhunda, ata-babaların qəhrəmanlıq ənənələri zəminində tərbiyə olunması, onlara yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlər aşılanması, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məsələlərinə xüsusi önəm verilir. Bu mənada milli qəhrəmanların şərəfli ömür yolunun gənc nəslə örnək olduğu, belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığı vurğulanıb.

Çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində görülmüş işlərdən də danışıblar.

Milli Qəhrəman Cavanşir Rəhimovun qardaşı oğlu Cavanşir Rəhimov tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.

Tədbirdə vətənpərvərlik mövzularında mahnılar səslənib.

 

Azərbaycan. - 2014.- 7 avqust.- S. 6.