Bakıda idman gimnastikası, akrobatikatamblinq üzrə növbəti birgə yarışların açılış mərasimi keçirildi

 

Avqustun 6-da Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika və tamblinq üzrə növbəti birgə yarışların açılış mərasimi keçirildi.

AzərTAc xəbər verir ki, əvvəlcə idmançıların paradı oldu.

Çempionatın açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışdı və yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirdi.

Nazir müavini vurğuladı ki, Azərbaycan gimnastları beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar və paytaxtımız bu idman növü üzrə mötəbər turnirlərə ev sahibliyi edir. Belə mötəbər yarışlardan biri - bədii gimnastika üzrə Avropa çempionatı cari ilin iyununda Bakıda təşkil olunub.

Qazanılan uğurlarda Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirən natiq ölkəmizdə bu idman növünün həmişə inkişafda olduğunu bildirdi.

Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarış açıq elan edildi.

Bakı Gimnastika Məktəbini, Respublika Olimpiya İdman Liseyini, Nizami Rayon İdman Məktəbini və “Neftçi” Cəmiyyətini təmsil edən 80 idmançının qatıldığı turnirin ilk günündə yunior idman gimnastları, akrobatlar və tamblinqçilər yarışdılar.

Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimlər - Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzvləri Mario Vukoya (Xorvatiya) və Dmitri Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr KimBelarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov dəvət olunublar.

 

Azərbaycan. - 2014.- 7 avqust.- S. 8.