Azərbaycanın hər guşəsi gözəldir

 

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Gəncəyə səfərim həyatımda böyük hadisədir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarətdən aldığım təəssürat isə ömrüm boyu yaddaşımdan silinməyəcək.

Lənkəran şəhərindəki 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi Oruc Xəlilov AzərTAc-a müsahibəsində daha sonra bildirdi ki, bu qədim şəhərə gəlişimlə sanki yaddaşımı təzələdim. Azərbaycanın hər guşəsi gözəldir. Ancaq  qədimliklə müasirliyin vəhdətdə olduğu bugünkü Gəncənin gözəlliyi başqadır. Bu qədim diyarın tarixi, mədəni abidələri, burada həyata keçirilən abadlıq və quruculuq işləri adamı, sözün əsl mənasında, heyran edir.

Mən indiyədək qədim Gəncənin dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, digər dühalar bəxş etdiyini kitablardan oxumuşdum. Burada olduğumuz müddətdə  gəncəlilərin bu dahilərə böyük məhəbbətinin şahidi oldum. Xüsusilə böyük mütəfəkkir Nizami Gəncəvi ilə bağlı çox görülüb. Onun "Xəmsə"sinə daxil olan əsərlərə ucaldılan abidə, yaradılan muzey, dahi şairin məqbərəsi möhtəşəmlik nümunələridir. Biz bu abidələri böyük məhəbbətlə ziyarət  etdik. Əgər "Ölkəmizi tanıyaq" devizi ilə tur-aksiya təşkil olunmasaydı, bəlkə də mən və yoldaşlarım bunları heç vaxt görməyəcəkdik.

 

Azərbaycan. - 2014.- 3 avqust.- S. 3.