Rahat yol rahat
həyat deməkdir
Ulu öndər
Heydər Əliyevin
"Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir" kəlamını
fəaliyyəti ilə
reallaşdıran Prezident
İlham Əliyevin diqqət və qayğısı sayəsində
Bakıda və onun ətraf qəsəbələrində, eləcə
də regionlarda dövlət proqramları
çərçivəsində bu istiqamətdə şoxsaylı layihələr
həyata keçirilib. Nəticədə
ümumilikdə ölkə
üzrə 3017, o cümlədən
1103 kilometr respublika əhəmiyyətli və
1914 kilometr yerli əhəmiyyətli yol çəkilib. Bu yollarda 164 yeni körpü və yol ötürücüsü
tikilib, 47 körpü
əsaslı təmir
olunub. Yol-nəqliyyat
kompleksi üzrə tədbirlərin yerinə
yetirilməsinə 8,2 milyard manat vəsait
sərf edilib.
Prezident
İlham Əliyev yaradılmaqda olan yol infrastrukturunda işlərin bundan sonra da davam
etdiriləcəyini diqqətə
çatdıraraq demişdir:
"Yaxın vaxtlarda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə veriləcəkdir. Bu, dünya miqyasında ən gözəl aerovağzal komplekslərinin
arasında olacaqdır,
həm xarici görünüşü, həm
daxili rahatlığı
çox gözəldir,
ən yüksək standartlara cavab verir. Nəzərə alsaq ki, Azərbaycanda çoxsaylı
beynəlxalq tədbirlər
artıq adi hal alıbdır, əlbəttə, bu aeroportun ölkəmizin ümumi inkişafında rolu çox böyük olacaqdır.
Bu, ölkəmizə bir giriş qapısıdır. Əlbəttə, yeni aerovağzal kompleksinin tikintisi hesab edirəm ki, tarixi hadisədir.
Magistral yolların tikintisi qrafik üzrə davam edir. Biz burada da əsas diqqəti keyfiyyətə yönəltməliyik.
Çünki magistral yollarımızın
əksəriyyəti tikilib,
indi işlər davam edir. Ancaq keyfiyyət ön planda olmalıdır".
Tikilib istifadəyə verilən
magistral yolların çox qısa coğrafi xronologiyasına
nəzər salsaq görərik ki, Abşeron iqtisadi rayonu üzrə 174 kilometr yol, 18 körpü, Gəncə-Qazax
iqtisadi rayonu üzrə 626 kilometr yol, 21 körpü, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 206 kilometr yol, 34 körpü, Lənkəran
iqtisadi rayonu üzrə 168 kilometr yol, 25 körpü, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 293 kilometr yol, 30 körpü, Aran iqtisadi rayonu üzrə 1068 kilometr yol, 26 körpü, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 96 kilometr yol, Dağlıq Qarabağ iqtisadi rayonu üzrə isə 386 kilometr yol və 10 körpü tikilib və yenidən qurulub.
Magistral
avtomobil yollarının
yenidən qurulması
üzrə isə vəziyyət belədir: Bakı-Ələt-Gürcüstanla dövlət sərhədi,
Bakı-Quba-Rusiya ilə
dövlət sərhədi,
Ələt-Astara-İranla dövlət
sərhədi magistral
avtomobil yollarında yenidənqurma işləri
davam edib. Bakı-Hacıqabul (118 kilometr), Yevlax-Gəncə
(87 kilometr), Gəncə
dövrələmə (39 kilometr),
Bakı-Gəndob (132 kilometr)
və Ələt-Kürsəngi
(30 kilometr) avtomobil yolları 4 zolaqlı - birinci texniki dərəcəyə, Bakı-Şamaxı
(118 kilometr) və Hacıqabul-Bəhramtəpə istiqamətində (50 kilometr)
avtomobil yolları isə ikinci texniki dərəcəyə
uyğun çəkilib.
Beynəlxalq əhəmiyyətli magistral yolların qalan hissələri də 4 zolaqlı olmaqla yenidən qurulur. Eyni zamanda Qusar-Ənig-Ləzə
(39 kilometr), Şəki-Qax
(35 kilometr), Qəbələ-Oğuz
(46 kilometr), Ağstafa-Poylu-Sadıxlı
(59 kilometr), Ağdaş-Ləki
(12 kilometr), Goran-Naftalan
(18 kilometr) və digər yerli əhəmiyyətli avtomobil
yolları da yenidən qurulub. Bundan əlavə, ölkə rəhbərinin imzaladığı
sərəncamlara əsasən,
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan ayrılmış
vəsaitlər hesabına
kəndləri rayon mərkəzləri
ilə birləşdirən
və kəndlərarası
yollar əsaslı təmir edilib. Belə yolların ümumi uzunluğu 1334 kilometrdir.
Cari ilin ilk aylarında ölkə rəhbərinin
sərəncamları ilə
2014-cü ilin dövlət
büdcəsindən kəndlərarası
avtomobil yollarının
tikintisi və yenidən qurulması üçün
Quba Rayon İcra
Hakimiyyətinə 7 min nəfər
əhalinin yaşadığı
7 yaşayış məntəqəsini birləşdirən
Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün
5 milyon 300 min, Saatlı
Rayon İcra Hakimiyyətinə
44 min nəfər əhalinin
yaşadığı 17 yaşayış
məntəqəsini birləşdirən
Sımada-Qarayevkənd avtomobil
yolunun tikintisinin davam etdirilməsi üçün 3 milyon
700 min, Gədəbəy rayonuna
27 min nəfər əhalinin
yaşadığı 11 yaşayış
məntəqəsini birləşdirən
Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar
avtomobil yollarının
tikintisinin davam etdirilməsi üçün
6 milyon 700 min, İsmayıllı
rayonuna 4 min nəfər
əhalinin yaşadığı
5 yaşayış məntəqəsini
birləşdirən İsmayıllı-Göytəpə-Ruşan-Qualıcaq
yolunda işlərin sürətləndirilməsi məqsədilə 3,4 milyon manat vəsait ayrılmışdır. Respublika
Prezidentinin Ehtiyat Fondundan ayrılmış 5,5 milyon
manat vəsait hesabına 28 kilometr uzunluğunda Zaqatala-Danaçı-Aşağı Çardaxlı avtomobil yolunun artıq 14 kilometri tikilmiş, qalan hissəsində isə işlər davam edir. Bir sözlə,
bu gün yolunuz Azərbaycanın hansı bölgəsinə,
hansı kəndinə
düşsə, yeni çəkilmiş və
çəkilməkdə olan
yolların, eləcə
də böyük tikinti-quruculuq işlərinin
şahidi olacaqsınız.
Bu proses eyni sürətlə
Bakıda və onun ətraf qəsəbələrində də
davam edir. Təkcə son illər paytaxtda 379 kilometr yol çəkilib, müxtəlif səviyyəli
40 yol qovşağı,
körpü və tunel yenidən qurulub, vətəndaşların
təhlükəsizliyini təmin
edən 37 piyada keçidi inşa edilib. Dünya standartlarına uyğun
qurulmuş paytaxt yollarında hərəkətin
və nəqliyyat axınlarının idarə
olunması, ictimai nəqliyyatın işinin
təkmilləşdirilməsi üçün Nəqliyyatı
İntellektual İdarəetmə
Sisitemi də yaradılıb. Həmçinin yollardakı tıxac və parklama problemi ilə əlaqədar səkilərdə,
yolun hərəkət
hissəsində, parklara
və metrolara girişlərdə avtomobillərin
qanunsuz parklanmasının
qarşısının alınması
üçün tədbirlər
həyata keçirilir.
Nərimanov rayonu, Atatürk
prospekti - 47 ünvanda
yeni yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir. Uzunluğu
86, eni 3,5, hündürlüyü 6,5 metr
olan bu yeni
keçid may ayının
sonlarında istifadəyə
verilmişdir. Şəhərin
baş planına uyğun olaraq, Vaqif prospektinin genişləndirilərək Əhməd
bəy Ağaoğlu küçəsi ilə birləşdirilməsi, Ziya
Bünyadov küçəsinin
yenidən qurulması,
Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının
salınması istiqamətində,
eləcə də Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, akademik Həsən Əliyev küçələrində və
digər ərazilərdə
də işlər görülür, bəzilərində
son tamamlama işləri
başa çatmaq üzrədir.
Bu baxımdan Bakıda
Qara Qarayev və Babək prospektlərinin yenidən
qurulması xüsusi vurğulanmalıdır. Belə ki,
metronun "Koroğlu"
stansiyasından prospektə
gələn yol "Xalqlar dostluğu" metro
stansiyasınadək genişləndirilir.
Qara Qarayev prospekti ilə Cəmşid Naxçıvanski
küçəsinin kəsişməsində
390 avtomobil tutumlu yeraltı və yerüstü, Cəmşid
Naxçıvanski küçəsi
ilə E.Süleymanov küçələrinin kəsişməsində
isə 210 avtomobil tutumlu yeraltı dayanacaq tikilir. Heydər Əliyev prospektində yerləşən "Şəfa"
stadionunun qarşısında
da böyük yol qovşağının
və yeraltı piyada keçidinin inşası tamamlanmaq üzrədir.
Bunlardan
əlavə, paytaxtın
Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə
küçələri ilə
kəsişməsində - "Xutor dairəsi"ndə yerləşən yol qovşağı kompleksinin
tikintisi ilə bağlı işlərin
cari ilin iyun-iyul aylarında başa çatdırılması
nəzərdə tutulub.
Bu yol qovşağı
kompleksinə 3 tunel və 1 yol ötürücüsü
daxildir. Birinci tunel
uzunluğu 890, eni 22 metr olmaqla 4 hərəkət zolağından
ibarət olacaq. Birinci tunel istifadəyə
verildikdən sonra nəqliyyat vasitələri
3-cü mikrorayon dairəsindən
"Xutor dairəsi"nə
daxil olmadan Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi
istiqamətinə maneəsiz
çıxa biləcəklər.
Uzunluğu 450, eni 10,5
metr olan 2 hərəkət zolaqlı
və birgedişli ikinci tunel Ə.Salamzadə
küçəsindən Z.Bünyadov
prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə,
üçüncü tunel
isə Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən Ə.Salamzadə
küçəsinə maneəsiz
hərəkəti təmin
edəcək. Hazırda həmin
yol qovşağı kompleksində tikinti işləri yekunlaşma mərhələsindədir.
Cari ilin əvvəllərindən paytaxtın
şimal giriş qapısı hesab olunan Bakı-Sumqayıt magistralının da yenidən qurulmasına başlanılıb. Biləcəri-Xocasən avtomobil yolunun
Sulutəpə-Biləcəri hissəsi genişləndirilir.
Hazırda 2 zolaqlı olan
yol yenidənqurmadan sonra 8 hərəkət (4
gediş, 4 gəliş)
zolağından ibarət
olacaq. Xocasən
istiqamətində yeni
dairə yaradılacaq,
Sumqayıt istiqamətindən gələn
nəqliyyat vasitələri
yeni yaradılmış
4 zolağın hesabına
həm Xocasən, həm də Bakı-Sumqayıt-Yevlax avtomobil
yoluna sərbəst çıxa biləcək.
Rəhman SALMANLI
Azərbaycan. - 2014.- 3 avqust.- S. 4.