İdxal-ixrac əməliyyatlarında saldo yenə də müsbətdir

 

Məqsəd isə Azərbaycan məhsullarının çıxarıldığı bazarları daha da genişləndirməkdir

 

2014-cü ilin yanvar-may aylarında Azərbaycan dünyanın 133 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 97 ölkəyə əmtəə ixrac etmiş və 121 ölkədən mal almışıq.

Dövlət Statistika Komitəsi Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, 5 ay ərzində xarici ölkələrlə 13 milyard ABŞ dolları məbləğində ticarət, o cümlədən 9,5 milyard dollarlıq ixrac və 3,5 milyard dollarlıq idxal əməliyyatları aparılıb. 6 milyard dollarlıq  müsbət saldo yaranıb. Ticarət əlaqələrinin 91 faizi MDB ölkələri istisna olmaqla digər dövlətlərlə, o cümlədən 46,4 faizi Avropa İttifaqı ölkələri ilə reallaşıb. 9 faizi isə MDB üzvü olan dövlətlərlə həyata keçirilib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir.

Bu il ölkəmizə idxal olunmuş malların 2,6 milyard dollarlığı MDB üzvü dövlətlər istisna edilməklə digər ölkələrdən alınıb. İdxalın 24,3  faizi MDB və 30,9 faizi Avropa İttifaqı ölkələrinin, qalan 44,8 faizi isə digər dövlətlərin hesabına formalaşıb.

Xarici ticarət dövriyyəsinin beşdədörd hissəsindən çoxu (82,2 faizi) İtaliya, İndoneziya, Almaniya, Fransa, Rusiya, Türkiyə, İsrail, ABŞ, Tayvan, Hindistan, Böyük Britaniya, İspaniya, Çin, Gürcüstan, Tailand, Ukrayna və Portuqaliyanın payına düşüb.

Mal mübadiləsinin 91,5 faizi, o cümlədən ixracın 95,1 faizi və idxalın 81,9 faizi sərbəst dönərli valyuta ilə hesablaşmalar əməliyyat növü ilə həyata keçirilib. Ölkəmizə idxal olunmuş malların ümumi həcminin 14,6 faizi Rusiyanın, 13,9 faizi Türkiyənin, 8,7 faizi ABŞ-ın, 7,8 faizi Almaniyanın, 7,4 faizi Çinin, 6,2 faizi Böyük Britaniyanın, 5,1 faizi Ukraynanın, 3,4 faizi Qazaxıstanın, 2,5 faizi İtaliyanın payına düşür. Qalan 2,3 faizi Koreyanın, 2,2 faizi Braziliyanın, 2 faizi  Yaponiyanın, 1,9 faizi İranın, 1,8 faizi Fransanın, 1,6 faizi Niderlandın, 1,4 faizi Finlandiyanın, hər birində 1,3 faiz olmaqla Bolqarıstan və Belçikanın, 14,6 faizi isə digər ölkələrin hesabına yaranır.

Azərbaycanın xaricdən aldığı məhsulların strukturu maraq doğurur. Belə ki, idxal olunmuş malların ümumi dəyərinin 12,2 faizini yeyinti məhsulları, 4,3 faizini tütün, 1,4 faizini sement, hər birində 2,7 faiz olmaqla əczaçılıq məhsulları və plastik kütlə, 1,5 faizini oduncaq, 10 faizini qara metallar və adıçəkilən xammallardan hazırlanan məmulatlar təşkil edir. Alınan mallar arasında 31,6 faizi maşın, mexanizm, elektrik cihazları, avadanlıqlar, 8,9 faizi nəqliyyat vasitələri, 0,9 faizi mebelonun hissələri, 23,8 faizi  digər mallardır.

Beş ay ərzində ölkəmizə 5037 çeşiddə mal idxal olunub. İdxalın ümumi həcminin 55,5 faizini avtomobil, 31,8 faizini dəmiryolu, 9,7 faizini hava, 2,9 faizini dəniz nəqliyyatı vasitələri ilə gətirilmiş malların dəyəri təşkil edib.

2013-cü ilin yanvar-may ayları ilə müqayisədə idxal olunan ayrı-ayrı malların həcmində də dəyişiklik olub. Belə ki, quş əti və əlavə ət məhsullarının idxalı 3,4 dəfə, kərə yağı, digər süd yağları və pastaları 33,1 faiz, kartof 95,5 faiz, təzə tərəvəz 44,6 faiz, çay 12,2 faiz, buğda 4,5 faiz, bitki yağları 61,3 faiz artıb. İdxalı artan məhsullar arasında şəkər (11,4 faiz), mineral gübrələr (20,5 faiz), məişət kondisionerləri (2,8 dəfə), məişət soyuducuları (5 dəfə), paltaryuyan maşınlar (11,4 faiz) var. Mal əti, təzə meyvə, sement klinkerləri və sement, polietilen, rezin şinlər, polad prokatı, qara metallardan çubuqlararmaturlar, qara metallardan künclüklər və şvellerlər, qara metallardan borular, hesablama  maşınları, blok və qurğuları, mebel idxalı isə azalıb.

2014-cü iln yanvar-may ayları ərzində ölkəyə 27444 ədəd minik avtomobili, 151 ədəd avtobus, 2765 ədəd yük avtomobili idxal olunub.

Xaricə göndərdiyimiz məhsullara aid fakt və rəqəmlər də maraqlıdır. Məsələn, ixrac olunmuş malların 24,9 faizi İtaliyaya, 13,1 faizi İndoneziyaya, 8,3 faizi Almaniyaya, 7,3 faizi Fransaya, 6,3 faizi İsrailə, 4,6 faizi Tayvana, 3,9 faizi Hindistana, 3,1 faizi İspaniyaya, 2,6 faizi Rusiyaya,  2,5 faizi Gürcüstana göndərilib. Tailand, Amerika Birləşmiş Ştatları, Türkiyə və Portuqaliya, Çexiya, Xorvatiya, Avstriya və digər ölkələr də Azərbaycandan xeyli mal idxal ediblər.

Beş ay ərzində ölkəmizdən 1438 çeşiddə mal ixrac olunub. İxrac olunmuş  malların ümumi həcminin 88,8 faizi boru kəməri və elektrik ötürücü xətləri ilə nəqletmə, 6,4 faizi dəmiryolu, 3,7 faizi avtomobil, 0,5 faizi dəniz, 0,6 faizi hava nəqliyyatı vasitələri ilə göndərilmiş malların dəyəri hesabına formalaşıb. İxracın strukturunda xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, çay, bitkiheyvan mənşəli piylər və yağlar, şəkər, spirtlialkoqolsuz içkilər, kimya sənayesi məhsulları, plastik kütlə, pambıq iplik, qara metallar, alüminium  və onlardan hazırlanan məmulatlar üstünlük təşkil edib.

Keçən ilin yanvar-may ayları ilə müqayisədə bu ilin 5 ayında xarici ölkələrə göndərilmiş məhsullardan təzə tərəvəz 24,5 faiz, təzə meyvə 9,6 faiz, bitki yağları 2,8 faiz, marqarin, digər qida üçün yararlı qarışıqlar 27,7 faiz, neft koksu 37,7 faiz, sürtkü yağları 21,5 faiz, emal olunmamış alüminium 1,9 faiz artıb. Çay 20,8 faiz, kartof 46,7 faiz, şəkər 11,9 faiz, pambıq parça ipliyi 57 faiz, polietilen 26,6 faiz, maye qaz 72,5 faiz, aviasiya və digər məqsədlər üçün neft 51,5 faiz, qazoyl 21,2 faiz, qara metallardan boruların ixracı isə 52,2 faiz azalıb.

Cari ilin yanvar-may ayları ərzində qeyri-neft  məhsullarının ixracı 650,1 milyon dollar təşkil edib. Göründüyü kimi, ixracın strukturunda kənd təsərrüfatı məhsulları az yer tutmur. Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçıları üçün münbit şəraitin yaradılması haqqında müvafiq sərəncamlarının icrası nəticəsində meyvə-tərəvəz məhsulları getdikcə artır. Ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsas hissəsini təşkil edən də məhz meyvə-tərəvəzdir.

Nazirlər Kabinetinin ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı Azərbaycan məhsullarının ixracının genişləndirilməsi mövzusuna toxunaraq demişdir: "Yeni bazarlara çıxmalıyıq, regional bazarlara çıxırıq. İndi bu istiqamətdə də işlər görülür və çalışmalıyıq ki, Avropa bazarlarına da böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilək. Buna nail olmaq üçün əlbəttə ki, keyfiyyət yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanda bu sahədə tətbiq olunan yanaşma hesab edirəm ki, keyfiyyəti də təmin edir. İndi Azərbaycanda elə məhsullar vardır ki, ən yüksək keyfiyyətə malikdir".

Azərbaycan məhsullarının həcmi daha da artdıqca, keyfiyyəti indikindən də yüksək olduqca, bazarı da genişlənəcək. O, dünyanın hər yerində daha böyük rəğbət qazanacaq.

 

Flora SADIQLI

 

Azərbaycan. - 2014.- 3 avqust.- S. 4.