Sevgi dolu «Səadət sarayı»

 

Bakının mərkəzində yerləşən memarlıq ansamblında özünəməxsus yeri olan və kifayət qədər yaşa malik "Səadət sarayı" uzun müddət idi ki, təmirə bağlanmışdı və indiyə qədər açılışı ləngiyirdi. "Səadət sarayı" uzun illər Bakıda nikah mərasimlərinin keçirildiyi əsas məkan kimi şöhrət qazanmışdı. Prezident İlham Əliyevin Bakıda tarixi memarlıq abidələrinin qorunması, paytaxtın simasının müasirləşdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində 2007-ci ildə "Səadət sarayı"nda da təmir-bərpa və yenidənqurma işlərinə başlanmışdı. Burada yenidənqurma işləri 2010-cu ildə yüksək sürətlə aparılmışdı.

"Səadət sarayı" əsaslı təmir və yenidənqurma işlərindən sonra açıldı və əhalinin xidmətinə verildi. Bina zəlzələyə qarşı yeni sistemlə quraşdırılmış və bütün təhlükələrə qarşı mühafizə sistemi ilə təchiz olunmuşdur. Saray mükəmməl şəkildə təmir olunub və eyni zamanda qədimiliyini əks etdirən görünüşü də saxlanılıb.

Memar İ.K.Ploşkonun layihəsi əsasında fransız qotikası üslubunda tikilmiş bu mülk "Səadət sarayı"nın binasıdır. "Səadət sarayı"nın binası XX əsrin əvvəllərində məşhur azərbaycanlı milyonçu Murtuza Muxtarov tərəfindən tikdirilmişdir.

Murtuza Muxtarov (1865-1920) Bakı yaxınlığındakı Əmircan kəndində anadan olmuşdur. Məşhur Azərbaycan milyonçusu, xeyriyyəçisi, Azərbaycan sahibkarlığının və neft sənayesinin görkəmli nümayəndəsi, neft sənayesində podratla qazma işinin xeyli hissəsini öz əlində cəmləşdirmiş iri sahibkarı idi. Əvvəllər malakeşlik etmiş, arabaçı olmuş, çəlləkdə mədənlərdən şəhərə qara neft daşıyıb satmaqla məşğul olmuşdur. 1870-ci ildən Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərdən birində fəhləlik etmişdir. Buruqda adi fəhlə kimi işə başlamış, sonra usta təyin edilmişdir. İxtiraçılıq qabiliyyəti, qazma dəzgahını təkmilləşdirməsi, dözümü və qətiyyəti sayəsində sahibkara çevrilmiş, şəxsi qazma kontoru açmışdır. Muxtarovun adı daha çox neftçıxarma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları arasında neft yataqlarının sirrini və qazma işlərini dərindən bilən sahibkar kimi tanınmışdır. Muxtarov Azərbaycan neft sənayesi tarixinə metal ştanqlarla zərbə qazma dəzgahının ixtirası (1895) ilə daxil olmuşdur. O, dövlət patenti aldığı bu ixtirasına "Bakı qazma sistemi" adı vermişdi. Əsasını 1891-ci ildə qoyduğu "Muxtarov M." şirkəti neft sənayesi üçün texniki avadanlıq istehsal edir və neft quyuları qazmaqla məşğul olurdu. Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarında neft quyularının əksəriyyəti onun "Podrat qazma" kontoru tərəfındən qazılmışdır. Sabunçu, Bibiheybət və Suraxanıda özünün mexaniki zavodları və neft mədənləri vardı. Bakıdan Buzovnaya elektrik qatarı yolunda Sabunçudan sonra birinci dayanacaq onun adı ilə adlanır. Dayanacağın ətrafındakı bütün neft quyuları Muxtarova məxsus olmuşdur. Onun Bibiheybətdəki qazma avadanlığı zavodu Rusiyada ilk neft avadanlığı müəssisəsi idi. O, təkcə Bakıda deyil, Maykop və Qroznıda da neft mədən sahiblərilə müqavilə bağlayıb, quyu qazırdı. "Muxtarov M." şirkəti 1906-cı ildən "Qazıma işləri sahibkarları sindikatı"nın, "Neft quyuları qazan Bakı podratçılar cəmiyyəti"nin, 1917-ci ildən isə "Podrat qazıma şirkətləri ittifaqı"nın əsas iştirakçılarından olmuşdur. 1913-cü ildə Muxtarovun müəssisələri daha da genişləndi, Suraxanıda onun üçüncü zavodu fəaliyyətə başladı. Elə həmin il şirkət səhmdar cəmiyyətinə çevrilmişdi və 4 milyon manat əsas kapitalı vardı. 1916-cı ildən cəmiyyətin səhmlərinin əksəriyyəti Petroqraddakı Azov-Don bankının əlinə keçdi və idarəsi Bakıdan Petroqrada köçürüldü. Muxtarov 1914-cü ildə Bakı Tacir Bankının yaradılmasında iştirak etmişdi. Vladiqafqazda qoşa minarəli, qoşa eyvanlı məscid, Əmircanda eyni memarlıq üslubunda məscid (1910), habelə məktəb inşa etdirmişdi. Mərdəkanda salınan (1890) ilk bağlardan biri (sahəsi 8 hektar) Muxtarova məxsus idi.

Muxtarov geniş xeyriyyəçilik fəaliyyəti göstərmiş, ictimai binaların, məktəblərin inşasına heç zaman vəsaitini əsirgəməmişdir. O, "Nəşri-maarif" və "Nicat" cəmiyyətlərinin işində fəal iştirak etmişdir. Bakıda və ətraf kəndlərdə, Rusiya və Avropanın bir sıra şəhərlərindəki çoxlu binalar onun adı ilə bağlıdır. Muxtarov, demək olar ki, Bakının bütün xeyriyyə cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak etmiş, idarə heyətlərinin üzvü olmuş, mətbuata, maarif və mədəniyyətə, incəsənət xadimlərinə qayğı ilə yanaşmış, maddi və mənəvi yardım göstərmişdir. O, məşhur aktyor Hüseyn Ərəblinskinin müalicə xərclərini öz üzərinə götürmüş, Saratovda küçələrdə mahnı oxuyan azərbaycanlı qızın musiqi təhsili almasına yardım göstərmiş, onu konservatoriyaya apararaq, vokal şöbəsinə daxil olmasına kömək etmiş, həmçinin öz soyadını ona verərək, qızlığa götürmüşdür (həmin qız sonralar məşhur opera müğənnisi, xalq artisti, 1938-53-cü illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fatma Muxtarova idi). "Səadət" xeyriyyə cəmiyyəti üçün məktəb binasını da Muxtarov tikdirmişdir. 1908-ci il iyunun 3-dən fəaliyyətə başlamış "Tərəqqi" qəzeti "İrşad" mətbəəsində Muxtarovun pulu ilə çap edilirdi. Bir müddət sonra Muxtarov "İrşad" mətbəəsini satın alıb, daimi istifadə üçün Haşım bəy Vəzirovun sərəncamına vermişdir. Muxtarov İran inqilabçılarına (Səttarxan hərəkatı) da pul və silahla kömək etmişdir.

Abşeronun dəniz sahilində mayak qülləsi (1913), Mərdəkanın Pirhəsən pirində Axund Mirzə Əbu Turabın qəbri üstündə günbəz, Kislovodskda (Şimali Qafqaz), İtaliyanın Florensiya şəhərində bir çox yaraşıqlı binalar Muxtarovun vəsaiti ilə tikilmişdir.

Vladiqafqazda iş səfəri zamanı o, məşhur general Tuqanovla tanış olur. General Muxtarovu öz evinə qonaq dəvət edir. Qonaqlıqda Muxtarov generalın ağıllı, savadlı, gözəl, ortancıl qızı Liza xanımla tanış olur və ilk görüşdən ona aşiq olur. Əvvəl bu evliliyə general narazı olmuşdu. Onların aralarında yaş fərqi çox idi. M.Muxtarovun həyat yoldaşı, nəslən osetin zadəganlarından olan Liza xanım Muxtarova (Tuqanova) Vladiqafqazda doğulub yaşamışdı. Onun valideynləri polkovnik Aslanbəy Tuqanov və Paşa xanım Dudarova ən hörmətli aristokrat nəslinə mənsub idilər.

M.Muxtarovun elçilik və toy mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçib. Nişanda ağ çərkəzi çuxa geyinib ağ Buxara papağı qoymuş, qılınc taxmış 30 igid qız evinə 30 təmtəraqlı xonça gətirmiş, toy isə 7 gün 7 gecə davam etmişdir. Gəlini gümüş işləməli faytonda, həm də başdan-ayağa bəyaz geyinmiş, at minmiş fəxri süvari dəstəsinin müşayiəti ilə aparmışdılar.

Bir-birinə qarşı sevgi, məhəbbət, hörmət hissləri olan bu cütlüyün övladları olmasa da, bir çox uşaqlara qəyyumluq etmiş, oxudub savad vermişdilər.

Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" - deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir.

1910-cu ildə Vladiqafqazdan Bakıya qayıdan Murtuza Muxtarov bunu nəzərə alaraq sevimli arvadı üçün Venesiya üslubunda saray tikdirir. Binanın yaranma tarixi və M.Muxtarov həyatı nə qədər maraqlıdırsa, imarətin memarlıq tərtibatı da bir o qədər maraqlıdır. "Səadət sarayı"nın tikilməsində İmran Qasımovun zəhmətini xüsusilə qeyd etmək lazımdır. Sarayın tikilməsi Qasımovlar ailəsini xoşbəxt etsə də, bu cütlüyün sonu oldu. İmran Qasımovun həyat yoldaşı Rübabə xanım da çox kübar bir qadın olub. Müsəlman qadınları çadraya bürünən zaman Rübabə xanım Avropa dəbi ilə geyinib, şlyapasına straus lələyi taxaraq bəzək verərdi. Sarayın üstündə yerləşən "Orta əsr cəngavər heykəli"ni quraşdıran zaman İmran Qasımovun ayağı sürüşərək yıxılır və 35 yaşında dünyasını dəyişir. 2 həftə sonra Rübabə xanım bu ayrılığa dözməyib, haqq dünyasında sevgilisi ilə görüşə tələsdi. Onların bu faciəsi "Səadət sarayı"nın tikilməsi və sarayın başında heykəlin quraşdırması ilə bağlıdır.

1912-ci ildə "Səadət sarayı"nın tikintisi başa çatır.

Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib, onu heyrətləndirməkdən ötrü binanın qarşısına gətirir. Liza xanım bu binaya baxanda həyat yoldaşına bu binanın Venesiyadakı binaya bənzədiyini söyləyir. Hələ o özü də bilmirdi ki, bu bina ona həyat yoldaşı tərəfindən hədiyyə olunacaq. Heyrətindən nə deyəcəyini bilməyən qadın, binanın qarşısında qulluqçılarının onları qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə, sevincinin həddi-hüdudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər xoşbəxt ailə həyatı sürürlər. Sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir. İndi bu binanı "Səadət sarayı" adlandırırlar.

Bakının ən hörmətli xanımlarından ibarət Bakı Qadın Xeyriyyə Cəmiyyəti yaradılır və ona Liza xanım Muxtarova başçılıq edirdi. İllik "Bakı" sorğu kitabını, "Bakı bələdçisi" təqvimini vərəqləyərkən Liza xanımın adına çox tez-tez rast gəlmək olur. Doktorlar Bəhrambəy Axundov, L.L.Qosiridze, Yelena Martınova (Bakı şəhər başçısının arvadı) ilə birlikdə Liza xanım Muxtarova vərəmlə mübarizə Qafqaz cəmiyyətinin Bakı şöbəsinin idarə heyətinə daxil idi. O, 1913-cü ildə təşkil olunmuş "Uşaq xəstəxanası" xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biri idi və Bakıda xüsusi uşaq xəstəxanasının yaradılmasına yardım edirdi. Onun maarifçilik və tərbiyəçilik fəaliyyəti daha geniş idi. Öz övladı olmayan bu xanım nəslinə məxsus zəngin sarayda pansion təşkil etmişdi ki, burada kasıb ailələrdən olan uşaqlar, yetimlər tərbiyə olunurdu. "Murtuza Muxtarov" səhmdar cəmiyyətinin idarə heyətinə daxil olan Liza xanım Muxtarova "Nicat" Bakı Müsəlman maarifçilik cəmiyyəti ilə bağlı idi. Onun başçılıq etdiyi Bakı Qadın xeyriyyə cəmiyyəti kasıb ailələrdən olan müsəlman qızlarına təhsil almaqda yardım göstərir, böyük maarifçilik işi aparır, çox sayda xeyriyyə məclisləri - "Ağ çobanyastığı günləri" adlanan yığıncaqlar, naharlar keçirirdi və burada yığılan vəsait kasıb və yetim uşaqların ehtiyacına sərf olunurdu.

Lakin cəmiyyətə öz işini başa çatdırmaq müyəssər olmadı. Bütün xeyriyyəçi Bakı milyonçularının aqibəti kimi, Murtuza bəyin də sonu faciəvi olub.

Təbiətcən çox məğrur olan bu şəxsin həyatı faciə ilə bitmişdir. Bakıda 1920-ci ilin aprel ayında (aprel inqilabının ilk günləri) Muxtarovun sarayına soxulan iki nəfər bolşevik ondan təcili evi tərk etməsini tələb edir. Əsəbləri pozulmuş milyonçu Muxtarov bu rəzilliyə dözə bilməyib əlindəki tapança ilə bolşeviklərin birini (bolçevik Anosov) güllələyib öldürür, digər gülləni isə öz alnına vurur....

Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət ərinin onun üçün tikdirdiyi sarayın qonşuluğunda yerləşən evlərdən birinin qonşuluğunda yerləşən zirzəmisində yaşayır. Sara xanım Aşurbəyli danışır ki, o, anası İsmət xanım ilə birlikdə Liza xanım Muxtarovaya baş çəkib ona kömək etmişdilər. Xaricə qaçmaq məqsədilə saxta da olsa, bir türk paşasına ərə gedib, Türkiyəyə gedir. Lakin burada da bəxti gətirmir. Yol yoldaşı onu aldadaraq son varidatını da əlindən alır və aradan çıxır. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Parisdə vəfat edib, amma onun məzarının yeri barədə heç bir məlumat yoxdur, çünki Liza xanım xaricə qaçdıqdan sonra yaxınları ilə əlaqə saxlamayıb, hətta məktub da yazmayıb.

Bu gün də Bakının memarlıq incilərindən sayılan həmin saray uzun illərdir ki, "Səadət sarayı" kimi tanınır. Düz deyirlər ki, məhəbbət insanın qəlbindəki ən yaxşı hissləri oyadır. Ailə xoşbəxtliyi Murtuza Muxtarova və Liza Muxtarovaya yalnız 8 il qismət oldu. Bax, belə. Daha bir sevgi tarixçəsinin sonuna gəldik.

"Səadət sarayı"nın çox gözəl görünüşü və layihəsi ilə bərabər, xeyirxah, sevgi dolu aurası da var ki, ölümə qalib gəlir. Nəcib arzunun, böyük məhəbbətin duyğusu ilə ucaldılan bu bina yenə xeyirxah məqsədlər üçün gərək oldu. Qapısına "Səadət sarayı" lövhəsi asıldı. İndi burada toy, şadlıq mərasimləri keçrilir. Beləliklə, həm sevgi, həm də ölüm bahasına tikilən bu "Məhəbbət məbədi" yaddaşlarda əbədi olaraq əks olunacaqdır.

 

Mətanət ZEYNALOVA,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Arxiv Fondunun istifadəsi şöbəsinin məsləhətçi-arxivçisi

 

Azərbaycan. - 2014.- 3 avqust.- S. 5.