Atçılığa münasibət
kökündən dəyişdirilməlidir
Ötən ilin dekabr ayında Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin səkkizinci sessiyası keçirildi. Dünya bilicilərinin iştirak etdiyi bu mötəbər tədbirdə Azərbaycanda geniş yayılmış çövkən atüstü idman oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Mədəni İrs Siyahısına daxil edildiyi elan olunmuşdu. Elimizin milli ənənəsi ilə bağlı olan çövkən oyununun dünya səviyyəsində tanınması müstəqil Azərbaycanın beynəlxalq aləmdəki böyük nüfuzundan bir daha xəbər verir.
Ölkəmizdə atçılığın tarixi çox qədimdir. Herodot və Strabonun əsərlərində qeyd olunur ki, qədim Alban dövlətində atçılıq geniş inkişaf etmiş, böyük şöhrət qazanmışdı. Tarixçi alim R.Səttarzadə isə yazır: "Azərbaycan at cinsləri qədimdən xalq seleksiyası, sonralar bəzi Şərq atları qanının qarışdırılması nəticəsində formalaşıb. Bura Qarabağ atı, Dilboz atı, Quba Yorğası və Şirvan atı daxildir".
Kəndli məişətinin dayağı, məğrur kişilərin vüqarı, atüstü milli oyunların iftixarı, süvarilərin gücü-qüvvəti olan atlar ölkəmizin əvəzsiz sərvəti sayılırdı. Çövkən oyunu hələ min illər bundan əvvəl Azərbaycan torpağında geniş yayılmışdı. On birinci əsrin ədəbi yadigarı olan "Qobusnamə"də çövkən oyununun faydası və qaydaları haqqında ayrıca fəsil verilmişdi. Tarixin yaddaşında belə bir fakt da yaşayır: ötən əsrin əvvəllərində Böyük Britaniyanın kraliçasına Qarabağ cinsli "Zaman" adlı kəhər bağışlanmışdı. Azərbaycan atları beləcə böyük şöhrət qazanıb. Rəsmi sənədlərdə deyilir ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur.
Bunlar
Dilboz və
Qarabağ
atlarıdır.
Dilboz atları
əsasən Qazax bölgəsində
bəslənilir. Minik-qoşqu tipli atlardır.
Qədim Qazax mahalında ardıcıl xalq
seçməsi yolu ilə yetişdirilib. Tədricən
qonşu Tovuz, Şəmkir, Borçalı bölgələrinə,
hətta Şəki mahalına da yayılıb. Qarabağ cinsi kimi, Dilboz atları da ölkənin
qızıl fondu hesab edilir. El arasında
deyirlər ki, Dilboz atları Qazağın Xanlıqlar kəndində
Dilbazların nəslinin tövlələrində
ardıcıl seçmə yolu ilə yetişdirilib. Bu işdə Allahyar bəy Zülqədirli sülaləsinin
də böyük rolu olub. Dilboz cinsinin, daha doğrusu, Dilboz
adının yaranma tarixi
Nadir şah Əfşar dövrünə təsadüf edir. Rəvayətə görə, uğurlu
döyüşdən qayıdan Nadir şah indiki Xanlıqlar
kəndinin yaxınlığında dincəlirmiş. Burada ona qulluq göstərən çox zirək,
dilli-dilavər Əli adlı şəxsi şah sorğu-suala
tutur, qazaxlı gəncin hazırcavab və ağıllı
olması diqqətini cəlb edir. Əlidən
xoşlanan hökmdar ona öz ilxısından bir erkək və
bir dişi at verilməsini əmr edir. Qazax
atları ərəb və Qarabağ cinsləri ilə
cütləşdirilir. Deyirlər ki, on doqquzuncu yüzillikdə Qazax qəzasında
iyirmi mindən cox seçmə at var idi.
Elə bu baza əsasında 1933-cü ildə Ağstafa
Atçılıq Zavodu yaradılıb. Məqsəd təmizqanlı ingilis atları ilə rəqabət
apara biləcək atlar yetişdirmək idi. Təzə zavod öz təbii
şəraitinə görə əlverişli
sahə sayılan Böyük Kəsikdə
yerləşirdi. İllər boyu uğurlu fəaliyyət
göstərib.
Burada yetişdirilən "Qranuzov" ləqəbli ayğırın
balaları Tbilisidə və Almatıda keçirilən
yarışlarda birinci yerləri tutaraq yüksək prizlər
və mükafat qazanmışdı. Digər ayğır -
"Rubulnir"in balaları da iki, üç və beş yaşlarında Almatıda ümumittifaq
yarışında birinci yerləri tutmuşdur. "Sarov"
ləqəbli ayğırın balaları da yüksək
göstəricilərə nail olmuşdu. İctimai bölmədə
atçılığın təməl daşını
qoyan məşqçilərdən Şirin Kazımovun,
Əli Tağıyevin, Yasin İsmayılovun, Vəli
Kazımovun, İsa Süleymanovun, məşqçi Nizami
İsgəndərovun böyük əməkləri qeyd
olunmalıdır.
1949-cu ildə
atçılıq briqadiri Əsgər Eminov nümunəvi
xidmət hesabına yetmiş madyanın hərəsindən
bir bala aldığı üçün ona Sosialist Əməyi
Qəhrəmanı adı verilmişdi. Bu, həmin
Əsgər Eminovdur ki, Bakı cıdır meydanında
çempion adını qazananda xalq şairi Səməd
Vurğun onu bağrına basaraq qolundakı qızıl
saatı hədiyyə etmişdi.
Bir-birinin
ardınca gələn qələbələrdən ruhlanan
çaparlar "Piyalə" və "Ox", "Baharbənd",
"Yaylıq", "Sür, papaq", "Gərdək
qaçırmaq" oyunlarına geniş meydan
açdılar. Respublikanın qərb bölgəsində
atçılıq idmanı sürətlə inkişaf etməyə
başladı. Hələ 1958-1959-cu illərdə
yeni üzə çıxan atüstü milli oyunların bir
hissəsi Gəncə şəhərində nümayiş
etdirildi. 1960-cı ilin may ayında ilk dəfə olaraq qərb
bölgəsinin bir neçə kənd komandası arasında
çövkən yarışı keçirildi. Bir ildən sonra "çövkən"
yığma komandası Bakı cıdır meydanında
respublika komandasına 2:1 hesabı ilə qalib gəldi. "Çövkən" Moskvada keçiriləcək
yarışlarda iştirak etmək hüququ qazandı.
1951-ci ildə atçılıqda əldə edilən nailiyyətlərə
görə respublikamıza SSRİ Nazirlər Sovetinin keçici
qırmızı bayrağı verildi. Sonrakı ildə çaparlarımız Moskva, Kiyev,
Pyatiqorsk, Tbilisi, Rostov, Daşkənd şəhərlərində
və başqa yerlərdə keçirilən
yarışlarda uğurla çıxış etdilər.
1967-ci ilin sentyabr ayında Moskva yarışında təcrübəli
çapar Fikrət Hüseynovun komandası böyük
uğur qazandı. Ümumittifaq atüstü xalq
oyunlarının baş hakimi, Sovet İtiffaqı
marşalı S.M.Budyonnı hünərvər çapara təbrik
məktubu yolladı. Məktubda deyilirdi: "Çox
hörmətli Fikrət Hüseynov! Qədim Azərbaycan
xalq oyunlarının tədqiqi və bərpası uğrunda
çəkdiyiniz zəhmət təqdirəlayiqdir.
Sentyabr ayında Moskva cıdır meydanında keçirilən
atüstü xalq oyunları üzrə yarışlarda azərbaycanlı
igidlərin yüksək qələbəsi - birinci yeri
tutması Sizin gərgin əməyinizin
bariz nümunəsi kimi yadda qalacaqdır. Şəxsən
sizi və Azərbaycanın yığma komandasının
üzvlərini ürəkdən təbrik edirəm".
Sonrakı illərdə də Gəncəbasar
çaparlarının müəyyən uğurları
olmuşdur.
Dilboz
atçılıq təsərrüfatının direktoru Zəlimxan
Gülalıyev bu yerlərə şöhrət gətirən,
lakin bir vaxtlar laqeydlik üzündən doğma yurddan didərgin
düşən atların taleyi barədə belə dedi:
- Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunda oxuyarkən
(indi Aqrar
Universitet) təsadüfən əlimə bir qəzet
keçmişdi. Həmin qəzetdə
Qazaxın Dilboz atları haqqında hələ Böyük Vətən
müharibəsi illərində respublika Mərkəzi Komitəsinin
verdiyi bir qərar diqqətimi cəlb etdi. Qərarda
deyilirdi ki, alman faşistlərinin Qafqaza yaxınlaşması
ilə əlaqədar olaraq Dilboz cinsli atların qorunması məqsədilə
onlar respublikanın mərkəzi rayonlarından birinə
köçürülsün və müharibədən dərhal sonra həmin
atlar öz yerlərinə qaytarılsın.
Atçılıq mütəxəssisi olmaq arzusu ilə
yaşadığıma görə bu qəzeti saxladım ki,
haçansa lazım ola bilər. Sonralar Ağstafa Atçılıq Zavodunda direktor
işlədiyim zaman həmin qərarın icrası ilə
maraqlandım. Öyrəndim ki, otuzuncu illərdə
Ağstafa zavodu yarananda Dilboz atlarını aparıb Şəki
rayonundakı Daşüz camışçılıq
sovxozuna təhvil veriblər. Qərarın
bir hissəsinə əlüstü əməl olunsa da, ikinci
bəndi, atların geri qaytarılması məsələsi nədənsə
yaddan çıxmışdı. Müharibədən
neçə il keçsə də, həmin atlar hələ də öz
"vətəninə" qaytarılmamışdı.
Bu məsələ məni çox narahat edirdi. Ona görə
də müxtəlif təşkilatlara ayaq döydüm.
Heç bir maneə, laqeydlik məni fikrimdən
daşındıra bilmədi! Çox get-gəldən sonra kənd təsərrüfatı nazirliyinin köməyi ilə Şəkidən
on baş Dilboz atını alıb gətirə bildim. Bununla da 1997-ci ildə rayonumuzda yeni bir dövlət
təsərrüfatı - Ağstafa Dilboz atçılıq
müəssisəsi yaradıldı.
Həmin vaxtdan illər keçir. Təsərrüfatımız xeyli dirçəlib. Dilbozların şöhrəti qismən də olsa
qaytarıldı. İlk uğur 2005-ci ilin
dekabrında - ulu öndər Heydər Əliyevin xatirə
günü münasibətilə Bakı cıdır
meydanında keçirilən yarışlarda qazanıldı. Həmin
yarışda 31 at iştirak edirdi. Bizim də
"Patron" və "Səfir" adlı atlarımız
seçilmişdi. Hər iki
atımızın qaçışı mütəxəssisləri
də, idmançıları da heyrətləndirdi. Hər iki at bu çətin məsafəni qətiyyətlə
dəf edərək birinci və ikinci yerləri tutdu. Beləliklə, uzun illərdən sonra tilsim
qırıldı.
Növbəti qələbə 2007-ci ildə möhtərəm
Prezident İlham Əliyevin ad günü şərəfinə
Şəki şəhərində keçirilən
"Prezident kuboku" uğrunda yarışda oldu. "Marafon-45"
adlanan atüstü turizm yürüşünə Dilboz
cinsindən olan altı seçmə at
çıxarmışdıq. Dilbozlara
arxayın idik. Onlarla xeyli vaxt Bakı
cıdır meydanında təlim- məşqləri
keçirilmişdi. Məşqçimiz
Şəmsəddin Atayev çaparlarla ciddi məşğul
olur, atlarla davranmağın üsullarını dönə-dönə
öyrədirdi.
Gərgin
zəhmət öz bəhrəsini verdi. 45 kilometrlik marafon yürüşündə "Sərin"
ləqəbli atla Ülviyyə Əliverdiyeva birinci yerə
çıxdı. Onun arxasınca
komandamızın digər üzvləri - Şamxal Əhmədov
öz "Nabor"u, Emin Atayev "Səfir"i, İlqar Məmmədov
"Nabran"ı, Kənan Balagözov "Nikkel"i, Tofiq
Qasımov isə "Sadiq"i ilə mənzil başına
çatdılar. Beləliklə,
idmançılarımız birinci yerə çıxaraq
Prezident kubokuna layiq görüldülər. Məsul yarışlarda əsl əzmkarlıq
nümayiş etdirən çaparlarımız milli
çövkən oyunu üzrə respublika çempionu
oldular".
At
muraddır, - deyərlər. Atın faydası
hamıya bəllidir. Azərbaycan məişətinin,
mərdliyinin, qeyrət və qüdrətinin arxası,
dayağı sayılan atçılıq ötən əsrin
doxsanıncı illərində nədənsə diqqətdən
kənarda qalmışdı. İctimai təsərrüfatlar
dağıldıqca atlar da tədricən yoxa
çıxdı. Ən qəribəsi budur ki, Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunda
atçılıq fakültəsi də ləğv olundu. Hər sahədə atçılığa
münasibət kökündən dəyişildi. Yalnız ölkəmiz müstəqilliyini bərpa
etdikdən sonra ümumən atçılığın
inkişafına, eləcə də atüstü oyunlara yeni həyat
verildi.
2007-ci ildə "Atçılıq haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul olundu. May
ayının 22-də Prezident İlham Əliyev
"Atçılıq haqqında Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" fərman
imzaladı. Atçılıq haqqında qanunvericiliyin məqsədi
seleksiya- damazlıq işinin yaxşılaşdırılması,
milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at
damazlıq özəklərinin qorunub saxlanması, eləcə
də yüksək keyfiyyətə və qiymətli irsi əlamətlərə
malik cins atların yetişdirilməsi və təkmilləşdirilməsi
üçün hüquqi zəmin yaratmaqla ölkədə
atçılığın inkişafına nail olmaqdır.
Hazırda
ölkəmizin bir neçə damazlıq təsərrüfatında
cins atlar yetişdirilir: Ağstafa və Şəkidə Dilboz
atları, Bərdə rayonunun Lənbəran qış
otlaqlarında Qarabağ atları saxlanılır. Ağcabədinin Şahsevən kəndində, demək
olar, hər ailədə at bəslənilir,
könüllülərdən ibarət "Şahsevən"
komandası müxtəlif yarışlarda fəal iştirak
edir, mükafata layiq yerlər tutur. (Heyif ki, bu hünərvər komandanın atçılıq
bazası yoxdur). Ümumən son vaxtlar fiziki və
hüquqi şəxslər atçılığa böyük
maraq göstərirlər. Onlar xaricdən
təmizqanlı atlar alaraq respublikaya gətirir və onları
şəxsi təsərrüfatlarında bəsləyirlər.
Məsələn, Binə ərazisində yerləşən
"Jokey" klubu yüksək tələblərə cavab
verən atları yetişdirib yarışlara
çıxarır. Novxanıda sərhədçi
atçılıq klubunda sərhəd qoşunları
üçün "Günay" atçılıq təsərrüfatında
isə sırf idman atları yetişdirilir.
Təəssüflə deməliyik ki, bütün bunlara
baxmayaraq, Qazax bölgəsində atçılığa
münasibət ciddi narahatlıq doğurur. Xüsusən
Ağstafa atçılıq təsərrüfatının vəziyyəti
daha dözülməzdir. Neçə vaxtdır ki,
müəssisə irəliləmək əvəzinə günü-gündən geri
gedir. İşçilərə əməkhaqqı
verilmir, müxtəlif təşkilatlara borclar aybaay artır.
Ən qəribəsi budur ki, Ağstafa
südçülük kompleksinin təşkili ilə əlaqədar
olaraq zavodun xeyli torpaq sahəsi qeyri münbit yerlərlə əvəzləşdirilib, yaxud
ayrı-ayrı fiziki şəxslərə verilib. Təsərrüfatda
yaranmış hərc-mərclik barədə keçən il yanvar ayının 13-də mətbuatda
çıxış etmişdik. Kənd təsərrüfatı
nazirliyindən və Ağstafa Rayon İcra Hakimiyyətindən
alınan cavablarda məqalədə qeyd olunan faktlar etiraf
edilirdi.
Cavablarda deyilirdi ki, dövlət atçılıq müəssisələri təsərrüfat
hesabı ilə fəaliyyət göstərir. Dəfələrlə
müraciət olunmasına baxmayaraq, həmin təsərrüfatlara
dövlət dəstəyi göstərilmir. Ağstafada atçılıq təsərrüfatının
idarəetmə mexanizminin təkmilləşdirilməsi və
ona maliyyə köməyinin göstərilməsi barədə
Nazirlər Kabinetinə layihələr, təkliflər
verilmişdir.
Aradan il
yarım keçməsinə baxmayaraq bu layihələrin və təkliflərin hələ də nəticəsi
yoxdur. Hələlik bəlli olan budur ki, atçılıq
zavodunun direktoru Kamandar Yusifov anbardar işləyən oğlu
ilə birlikdə baş-başa verərək 70 tondan
çox otu satmış, yüzlərlə qoyun-quzunu tələf
etmiş, baxımsızlıq ucundan mövcud texnika yararsız
hala düşmüşdür. Bütün
bunlara görə K.Yusifov və oğlu tutduqları vəzifələrdən
azad edilmiş, Ağstafa Atçılıq Zavodu isə
Qazaxdakı Dilboz təsərrüfatı ilə birləşdirilmişdir.
Bu dəyiş-düyüşün ilkin nəticəsi
barədə nə demək olar? Keçən il
Ağstafadan gedən atlar Şəki şəhərində
keçirilən yarışlarda müəyyən uğurlar əldə
etmişdisə, cari ildə onlar yarışdan əliboş
qayıtmışlar.
Qazax-Ağstafa bölgəsində
atçılığın vəziyyəti və ona
münasibət bax belədir. Xüsusən çövkən
oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni
İrs Siyahısına salındığı bir vaxtda
atçılığa bu cür yarıtmaz münasibət ciddi təşviş
doğurur.
Əhməd
İSAYEV
Azərbaycan. - 2014.- 3 avqust.- S. 5.