Prezident İlham
ƏLİYEV: «Biz o torpaqlara qayıdacağıq»
Həmişə olduğu kimi, son günlərin şəhid əsgərləri hamını bir həqiqət ətrafında yenidən toplaya bildi: "Torpaqdan pay olmaz!" Belə bir vaxtda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Qarabağa - Ağdam və Bərdə rayonlarına səfəri, cəbhə bölgəsindəki "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüşü xüsusi məna və əhəmiyyət daşıyır. Komanda müşahidə məntəqəsindən düşmən mövqelərini izləyən Ali Baş Komandan daha sonra təmas xəttində yerləşən hərbi hissədə döyüş tapşırığını yerinə yetirərkən xüsusilə fərqlənən bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi.
Təmas xəttində vəziyyətlə tanış olduğunu deyən dövlət başçısı bildirdi ki, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti gündən-günə artır: "Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik".
Dövlət başçısı son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunduğunu, həm də xarici mənbələrdən alınan, ən müasir standartlara cavab verən avadanlıq, texnika, silah-sursat alındığını nəzərdə tutaraq bildirdi: "Hava hücumuna qarşı ən müasir qurğular əldə edilibdir. Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan Ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər".
Təmas xəttində son günlər baş verən hadisələr, demək olar ki, bütün cəmiyyəti hərəkətə gətirdi. Erməni işğalçı qüvvələrinin bir neçə gün əvvəl qorxaqcasına, namərdcəsinə gecə vaxtı bizim mövqelərimizə hücum etməsi yaşından, peşəsindən, siyasi baxışlarından asılı olmayaraq, hər bir azərbaycanlını mübariz bir əsgərə çevirdi. Əsgərlərimiz tərəfindən layiqli cavabını alan işğalçılar geri oturduldu: "Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir. Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilmişdir və bu əməliyyatlarda xüsusi rəşadət, cəsarət, peşəkarlıq göstərən əsgər, gizir və zabitlər bu gün bu masa arxasında əyləşmişlər. Mən onları təltif etmişəm. Göstərdiyiniz cəsarətə, peşəkarlığa görə sizə Azərbaycan xalqı adından öz minnətdarlığımı bildirmək istəyirəm və əminəm ki, bundan sonra da bütün döyüş tapşırıqlarını ləyaqətlə icra edəcəksiniz".
Azərbaycan Prezidenti, Ali Baş Komandan bu gün düşmənin panikada, isterikada olduğunu da vurğuladı: "Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq. Bir həftə bundan əvvəl həlak olmuş şəhidlərimiz öz torpağında şəhid olmuşlar. Sual olunur: erməni əsgərinin - işğalçı qüvvələrin əsgərinin Ağdam ərazisində nə işi var?"
Dövlət başçısının dəfələrlə söylədiyi kimi, Ermənistan dövləti məhz tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq. 1990-cı illərin əvvəllərində baş verən müəyyən hadisələr olmasaydı, torpaqlarımız işğal altına düşməzdi. Ancaq indi şərtlər dəyişib. Bu gün ölkəmizin iqtisadi, siyasi potensialı Ermənistandan qat-qat artıqdır, dəfələrlə üstündür. "Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma "erməni dövləti"nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq. Son həftə ərzində və ondan əvvəlki dövrdə təmas xəttində müşahidə olunan mənzərə onu deməyə əsas verir ki, biz istənilən varianta hazırıq. Necə ki siyasi və iqtisadi meydanda ermənilərə qalib gəlmişik, döyüş meydanında da onlara qalib gəlməyə qadirik. Biz güclü hərbi potensiala malikik. Artıq bu, müxtəlif vaxtlarda nümayiş etdirilib. Hərbi təlimlərdə və paradlarda bizim texnikamız nümayiş etdirilir. Amma bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir" - deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı haqlı olaraq qeyd edib ki, bu gün Azərbaycanda gözəl, gənc, vətənpərvər bir nəsil yetişib və onların hamısı Ali Baş Komandanın əmrini gözləyir: "Son hadisələr də bunu göstərir. Hətta hərb işindən kənarda olan insanlar da fikirlərini, istəklərini bildirirlər, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu, məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdədir".
Dövlət başçısı əsgər və zabitlərlə görüşün sonunda hamının ürəyindən keçən hissləri belə ifadə etdi: "Bizim işimiz haqq işidir. Biz öz torpağımızda yaşayırıq. Bura Azərbaycan torpağıdır. Buradan bir neçə kilometr məsafədə yerləşən Ağdam şəhəri də Azərbaycan torpağıdır, Xankəndi də, Şuşa da, bütün digər işğal edilmiş torpaqlar da. Ağdam şəhərini erməni quldurları, vəhşiləri yerlə-yeksan ediblər. Buradan Ağdam şəhərinin qalıqları açıq-aydın görünür. İki binadan başqa bütün binalar dağıdılıb. Biz Ağdam şəhərini bərpa edəcəyik. İşğal edilmiş, dağılmış bütün şəhərləri bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə yaşayırıq və yaşayacağıq. Münaqişə öz həllini tapmayana qədər daim öz prinsipial mövqeyimizi nümayiş etdirəcəyik və təmas xəttində üstünlük daim bizdə olacaq. Göstərdiyiniz qəhrəmanlığa görə sizi bir daha təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm".
Bəxtiyar QARACA
Azərbaycan. - 2014.- 8 avqust.- S. 1.