Baş nazir Artur Rasizadə Latviyanın müdafiə naziri ilə görüşüb

 

Avqustun 7-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Baş nazir Azərbaycanla Latviya arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın inkişaf etdiyini məmnunluqla vurğulayıb. Artur Rasizadə bu səfərin hərbi-texniki sahədə də əməkdaşlığın genişlənməsinə kömək edəcəyinə əminliyini bildirib. Sonra qonaqların diqqətini Ermənistanın yürütdüyü işğalçılıq siyasətinə yönəldən Baş nazir Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə ətraflı məlumat verib.

Latviyanın Müdafiə Naziri Bakıda keçirdiyi görüşlər və apardığı danışıqlar barədə Baş nazirə məlumat verərək bildirib ki, azərbaycanlı həmkarları ilə hərbi hazırlıq, təlim-təhsil təcrübə mübadiləsi və digər sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Regionun aktual problemləri ətrafında danışarkən qonaq Ermənistanın yürütdüyü təcavüzkar siyasəti qətiyyətlə pisləyərək, Latviyanın hər zaman Azərbaycanın haqq işini müdafiə etdiyini və münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinin vacibliyini vurğulayıb. Raymonds Veyonis səfərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Azərbaycan. - 2014.- 8 avqust.- S. 1.