Danimarkanın Azərbaycan diasporu
Dağlıq Qarabağ münaqişəsi
zonasında gərginliyin eskalasiyasına dair
bəyanatla çıxış edib
Danimarkanın
Azərbaycan diasporu Dağlıq Qarabağ münaqişəsi
zonasında gərginliyin eskalasiyasına dair bəyanatla
çıxış edib.
AzərTAc xəbər verir ki, “Vətən” cəmiyyətinin Danimarka parlamentinin deputatlarına, sədrinə və Xarici işlər komitəsinin başçısına ünvanlanan bəyanatında bu günlərdə Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması faktları ilə bağlı narahatlıq ifadə olunub.
Məktubda bildirilir ki, Azərbaycan həmişə sülhü və təhlükəsizliyi dünya səviyyəsində dəstəkləyən ölkə olub. Lakin Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. Bu işğal nəticəsində Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının həmin ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələrinə məhəl qoymur.
Müraciətdə xüsusi vurğulanır ki, Ermənistan qoşunları iyulun 31-dən başlayaraq Azərbaycan qoşunlarının mövqelərinə hücuma keçib. Bu hücumların nəticəsində Azərbaycan Milli Ordusunun 13 hərbi qulluqçusu həlak olub. Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olmasına baxmayaraq, Ermənistan tərəfi Azərbaycanın Qarabağ regionunun işğalını davam etdirir, habelə münaqişənin eskalasiyasına cəhdlər göstərir.
Yaranmış vəziyyətdən
çıxış edən “Vətən” cəmiyyəti Ermənistanın
işğalçılıq və Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası
siyasətini dayandırması üçün
dünya birliyini və
beynəlxalq təşkilatları bu
ölkənin rəhbərliyinə təsirli təzyiq
göstərməyə çağırır.
Rauf Əliyev
AzərTAc–ın xüsusi müxbiri
Stokholm
Azərbaycan. - 2014.- 8 avqust.- S. 2.