İran nümayəndə heyəti Dövlət Bayrağı Meydanında və İçərişəhərdə olub

 

Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 7-də Dövlət Bayrağı Meydanında və İçərişəhərdə olub.

AzərTAc xəbər verir ki, iranlı qonaqlara dünyada ən hündür bayraq dirəklərindən birinin yerləşdiyi Dövlət Bayrağı Meydanı haqqında məlumat verilib. Meydanı gəzən İran nümayəndə heyətinin üzvləri, həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə meydanda yaradılmış Dövlət Bayrağı Muzeyi və oradakı nadir eksponatlarla tanış olublar.

Daha sonra qonaqlar İçərişəhərə gəliblər. Onlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, buradakı tarixi, memarlıq abidələri barədə ətraflı məlumatlar çatdırılıb.

Dövlət Bayrağı Meydanı və İçərişəhərlə tanışlıq iranlı qonaqlarda xoş təəssürat yaradıb.

 

Azərbaycan. - 2014.- 8 avqust.- S. 4.