“Türk Eğitim-Sen”in nümayəndə
heyəti Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında olub
Avqustun
7-də Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Mehbalıyev Azərbaycanda səfərdə
olan “Türk Eğitim-Sen”in nümayəndə heyəti ilə
görüşüb.
AzərTAc xəbər verir ki, AHİK sədri qonaqlara Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib, eyni zamanda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) ilə “Türk Eğitim-Sen” arasındakı səmərəli əməkdaşlıqdan danışıb.
Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdıran S.Mehbalıyev qeyd edib ki, iki ölkə arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir.
TANAP boru kəmərinin reallaşdırılmasından danışan AHİK sədri bu layihənin hər iki dövlət və xalqların maraqlarına, onların rifahının yaxşılaşmasına xidmət edəcəyini qeyd edib. O, dünyada türkdilli ölkələrin tarixi və mədəniyyətinin təbliğatında birgə səy göstərməyin vacibliyini də vurğulayıb.
“Türk Eğitim-Sen”in sədr müavini Talib Ceylan bildirib ki, digər sahələrdə olduğu kimi, Azərbaycanla Türkiyənin həmkarlar ittifaqları arasında da yüksək səviyyəli əməkdaşlıq mövcuddur.
Qeyd olunub ki, bu səfər 2006-cı ildə ATİAHİ Respublika Komitəsi və “Türk Eğitim-Sen” arasında bağlanan qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında təcrübə mübadiləsinin aparılması məqsədi ilə həyata keçirilir.
Səfər çərçivəsində qonaqlar Quba
Soyqırımı Memorial Kompleksini
və bir sıra tarixi
abidələri ziyarət ediblər.
Azərbaycan. - 2014.- 8 avqust.- S. 4.