Almaniyalı deputat:
“Ermənistanın işğalçılıq siyasətinə
son qoyulmalıdır”
Almaniya
Federativ Respublikası Bundestaqının Xristian-Sosialist
İttifaqı Fraksiyasının üzvü Tobias Zeç
Avropa Azərbaycan Cəmiyyətinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair
suallarını cavablandırıb.
AzərTAc xəbər verir ki, Tobias Zeç bildirib ki, artıq iyirmi ildən çoxdur ki, Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxlayır. “Bu siyasət BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə ziddir. Buna görə də Avropa ictimaiyyəti mövcud status-kvonu qəbul edə bilmir. Odur ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır”, - deyə o bildirib.
Deputat vurğulayıb ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin qaytarılması və məcburi köçkünlərin doğma torpaqlarına geri dönməsi, bizim gələcəkdə ciddi şəkildə dəstəkləyəcəyimiz məsələlər sırasındadır: “Bu kontekstdə “Avropa Qonşuluq Siyasəti” və “Şərqi Tərəfdaşlığı” yüksək səviyyədə əməkdaşlıq üçün vacib alətlərdir. Biz bu alətləri gələcəkdə inkişaf etdirməli və mövcud əməkdaşlıq formalarından daha çox bəhrələnməliyik”.
Tobias Zeç qeyd edib ki, qondarma “Dağlıq Qarabağ Respublikası” beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. O deyib: “Bizim mövqeyimizdə dəyişiklik yoxdur. Bu mənada Avropa İttifaqı 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş “parlament seçkilərini” qanunsuz hesab edib”.
Tobias Zeçin
sözlərinə görə, son zamanlar qoşunların təmas xəttində
gərginliyin və toqquşmaların artması bu atəşkəsin kövrəkliyini
göstərir. “Biz əslində intensivləşən
bir münaqişənin şahidi
oluruq. Odur ki, ATƏT mühüm bir vasitəçi olaraq
Dağlıq Qarabağ münaqişəsini
həll etmək üçün beynəlxalq
hüququn əsas prinsipləri əsasında
formalaşdırılmış “Madrid
Prinsipləri”nin irəli çəkilməsini gücləndirməlidir.
Buraya həmçinin Ermənistan tərəfindən
işğal edilmiş
rayonların qaytarılması, bütün
qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına geri
qayıtması məsələsi daxildir.
Yuxarıda qeyd etdiklərimi nəzərə
alaraq biz Ermənistanın
işğalçı qüvvələri tərəfindən
gərginliyin yenidən artırılmasını pisləyirik”,
- deyə deputat vurğulayıb.
Azərbaycan. - 2014.- 8 avqust.- S. 5.