Gintaras Visotskas: Aİ-nin və NATO-nun üzvü olan ölkələrin
əksəriyyəti hesab edir
ki, Dağlıq Qarabağ
Azərbaycana məxsus olmalıdır
Avqustun
6-da Litvanın www.slaptai.lt internet portalında bu saytın rəhbəri
Gintaras Visotskasın “Cənubi Qafqazdan narahatlıq doğuran xəbərlər:
Ermənistan Silahlı Qüvvələri Azərbaycanı atəşə
tuturlar” sərlövhəli məqaləsi dərc olunub
(http://www.slaptai.lt/index.php/gyvenimo-skandalai/8314-nerima-keliancios-zinios-is-pietu-kaukazo-armenu-pajegos-apsaudo-azerbaidzana.html).
Məqalədə deyilir ki, son bir neçə gündə Ermənistan və Azərbaycan arasında qoşunların təmas xəttində yaranan silahlı toqquşmalar haqqında informasiya hazırda dünya KİV-lərinin ilk səhifələrində dərc olunur. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan arasında yenidən başlanan münaqişə bir neçə gün ərzində hətta Ukrayna və Rusiya arasında hərbi hadisələr barədə informasiyanı arxa plana keçirib. G.Visotskas yazır ki, siyasi və hərbi ekspertlər belə bir məsələ üzərində təsadüfən “baş sındırmır”. Ermənistan tərəfindən yeni silahlı hücumlar hansı məqsədə xidmət edir? Bəlkə bu, yeni beynəlxalq münaqişənin başlanğıcıdır? G.Visotskas əmindir ki, nüfuz dairələrinin sərhədlərini yenidən dəyişdirmək istəyən qüvvələr mövcuddur.
Bu münaqişəyə müxtəlif cür - həm yerli, həm də beynəlxalq səviyyəli münaqişə kimi yanaşmaq olar. Hücumların təşəbbüskarı bir qayda olaraq Ermənistandır. Lakin Azərbaycanın öz istəyi ilə öz torpaqlarından imtina edəcəyini düşünmək sadəlövhlükdür. Özü də ermənilər Dağlıq Qarabağla bərabər, daha yeddi sərhədyanı rayonu işğal ediblər.
Son onilliklərin təcrübəsi göstərir ki, Azərbaycan zəbt olunmuş torpaqları sırf dinc vasitələrlə geri qaytarmağa çalışır, bütün beynəlxalq öhdəliklərə dəqiq riayət edir. Ona görə də bütün müasir dünyanın dəstəyinə nail olub. Aİ-nin və NATO-nun üzvü olan ölkələrin əksəriyyəti hesab edir ki, Dağlıq Qarabağ Azərbaycana məxsus olmalıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs edən məqalə müəllifi diqqətə çatdırır ki, Ermənistanın Dağlıq Qarabağın strateji əhəmiyyət təşkil edən münbit və minerallarla zəngin torpaqlarını ələ keçirmək arzusu Azərbaycan xalqının nümayəndələrinə silahlı hücumlarla, etnik təmizləmə ilə müşayiət olunub. Hərbi əməliyyatları yalnız 1994-cü ildə dayandırmaq mümkün olub.
G.Visotskas yazır ki, avqustun 8-9-da Soçidə Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarına böyük ümidlər bəslənilir. Ola bilsin, bu danışıqlar cəbhədə atəşi də kəsər. Azərbaycan intensiv və məqsədyönlü şəkildə təhrik olunmasa, vuruşmanın çox böyük olacağı gözlənilmir.
Nigar Cəfərli
AzərTAc-ın xüsusi müxbiri
Vilnüs
Azərbaycan. - 2014.- 8 avqust.- S. 5.