Azərbaycan-Rumıniya Gənclər və
Mədəniyyət Assosiasiyası Rumıniya Prezidentinə,
hökumətə və beynəlxalq təşkilatların
nümayəndəliklərinə açıq məktubla
müraciət edib
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya Prezidentinin administrasiyasına, hakimiyyət orqanlarına, ölkədəki tanınmış mətbuat orqanlarına və beynəlxalq təşkilatların nümayəndəliklərinə açıq məktubla müraciət edib. AzərTAc xəbər verir ki, müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə olunur.
Bildirilir ki, son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozmaları nəticəsində Azərbaycan hərbçiləri öldürülür, sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən uşaqlara odlu silahlardan atəş açılır.
Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edilir, Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki, erməni əsarətində olduğu, bir milyondan çox qaçqının və məcburi köçkünün öz yurdlarını itirməsi, işğal olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığı vurğulanır.
Müraciətin sonunda təcavüzkar
Ermənistana qarşı təzyiqlərin
artırılmasına çağırış edilir.
İqbal Hacıyev
AzərTAc-ın xüsusi müxbiri
Buxarest
Azərbaycan. - 2014.- 8 avqust.- S. 7.