Vətənpərvərliyi necə təbliğ etməli

 

Tarix boyu xalqımızın, vətənimizin başına gətirilənlərə böyük ürək ağrısı, vətəndaş yanğısı ilə yanaşan ümummilli lider Heydər Əliyev deyirdi: "Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir".

Bu vəzifəni yerinə yetirmək üçün ailədən başlayaraq bütün müvafiq qurumlar, bütün cəmiyyət eyni məsuliyyəti bölüşməlidir.

Hələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməyib. Ölkəmiz müharibə şəraitindədir. Buna baxmayaraq, Azərbaycan sürətlə inkişaf edərək güclü bir dövlətə, beynəlxalq  məkanda sanballı və etibarlı tərəfdaşa çevrilib. Ölkə Prezidenti İlham Əliyev bir nömrəli problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün fədakarlıqla çalışır. İnsanların rifahının yaxşılaşdırılması naminə sosial-iqtisadi islahatlar aparılır, qəbul edilən dövlət proqramlarının icrası uğurlu nəticələr verir. Başqa sözlə, dövlətimiz və onun rəhbəri üzərinə düşən missiyanı mövcud reallıqlar nəzərə alınmaqla yüksək səviyyədə yerinə yetirir. Bəs belə bir qüdrətli ölkənin övladlarının vətənpərvər, kamil bir vətəndaş kimi böyüməsi üçün lazımi işlər görə bilirikmiya bu istiqamətdə apardığımız təbliğat yetərlidirmi?

Övladlarımızın mənəvi cəhətdən sağlam, fiziki baxımdan möhkəm böyümələri üçün ölkəmizdə hər cür şərait var. Olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi, idmana dövlət qayğısı gənc nəslin sağlam inkişafının təminatı sayıla bilər. Ölkəmizdə normal ortaali təhsil almaq üçünheç bir problem yoxdur. İstər dövlət xətti, istərsə də Heydər Əliyev Fondunun təşəbbüsü və qayğısı ilə tikilib istifadəyə verilən yeni, müasir tipli təhsil ocaqları da Azərbaycan övladlarının ixtiyarındadır. Bütün bunlar məsələnin görünən tərəfləridir. Görünməyən tərəf isə uşaqların, yeniyetmə və gənclərin mənəvi aləmlərinin gizlinləri, əxlaqi duyum və düşüncələrindəki narahatlıqlardır. Danılmaz faktdır ki, bu gün bir qisim Azərbaycan gəncinin mənəvi dünyasına yabançı təsirlər vasitəsilə yad cığırlar açılır. Onların qəlbinə, beyninə bu yad cığırlarla milli əxlaqa zidd, milli ənənələrdən uzaq, vətənpərvər və torpaqsevərlik hisslərini zaman-zaman çürüdüb məhv edən ziyanlı elementlər yeridilməyə cəhdlər göstərilir. Bunun nəticəsində isə böyüməkdə olan gəncin səsi, yerişi, gülüşü, saçı, geyim-keçimi, həmçinin evə-ailəyə, ətraf mühitə, böyüyə-kiçiyə, cəmiyyətə, ən nəhayət, vətəndaşı olduğu ölkəyə münasibəti dəyişə bilər. Belə gənclər sayğısız, biganə və mənasız göründükləri qədər də ikrah doğururlar. Səbəblər elə də mürəkkəb deyil: ifrat dərəcədə zərərli internet əyləncələri, müxtəlif yollarla ölkəmizə ayaq açan missionerlərin ziyanlı və şirnikləndirici təbliğatının parıltılı cəzbi, eləcə də ailə münaqişələri zəminində əxlaqi və tərbiyəvi dəyərlərin aşınmaya məruz qalması. Məhz belə gənclərin ölkəmizi istəməyənlərə, bədxah qüvvələrə, onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə olunması müşgülə çevrilir. Nəticədə bu "yad qafalılar" balıq kimi çox asanlıqla milli mentalitetə yabançı ünsürlərin tilovuna ilişirlər. Bütün bunlar isə ölkəmizin sabahına, gələcəyinə atılan daşlardır.

"Şou-biznes" aləminin tərbiyə və əxlaqımıza vurduğu zərbələr də ölçüyə gəlməzdir. Bu "aləm"in bütün bayağılığını, eybəcərliyini və ziyankarlığını evlərimizə "ötürməkdə" bəzi televiziya kanalları hələ də yarışırlar.

Dövlət müstəqilliyinin bərpasının ilk illərində Azərbaycan əsgərini görmək, nizami yerişinə, hərbi-vətənpərvərlik mahnıları oxumağına tamaşa etmək adamda qürur hissi doğururdu - çünki gördüklərimiz milli idi, özümüzünkü idi. Hətta televiziya vasitəsilə Azərbaycan əsgəri paltarında, sinəsində silah alovlu baxışlarla evə, əzizlərinə salam göndərən döyüşçülərə baxıb kövrələnlər də az olmurdu. Bütün bunlar əslində o dövrün vətənpərvərlik təbliğatı istiqamətləri sayılırdı. Televiziya verilişləri də əsasən bu istiqamətdə hazırlanırdı. Hətta bəzi ədəbi-bədii, ictimai-siyasi məzmunlu verilişlərə əsgərlərin mahnı sədaları altında keçidini və ya hansısa şairin hərbi mövzuda bir neçə şeirini salırdılar ki, tamaşaçıda vətənpərvərlik ovqatı yaradılsın. Tamaşaçıda isə  belə verilişlərə baxmaq, hətta müzakirə etmək ehtiyacı çox idi.

İllər ötdü, dövlətimiz, ordumuz gücləndi, televiziya kanallarının sayı çoxaldı. Şübhəsiz, hərbi-vətənpərvərlik mövzusunda verilişlərin hazırlanması yeni baxış, yeni konsepsiya tələb edirdi. Bu reallıq ortaya çıxanda isə bu mövzuda verilişlərin sayı yox dərəcəsinə qədər azaldı. Səbəb olaraq iki məqam diqqəti çəkdi: görüntüfakt xatirinə hərbi verilişlərin proqrama salınması və peşəkar kadrlarla gənclərin balansının yaradılmaması...

İndiki dövrdə əsgərin evə salam göndərməsi, əsgər mahnıları ilə keçid kadrları şübhəsiz ki, vətənpərvərlik təbliğatı adına tamaşaçı diqqətini cəlb edə bilməz. Bu günün Azərbaycan əsgəri 1990-cı illərin əsgəri olmadığı kimi, hərbi-vətənpərvərlik verilişləri də o zamankı kontekstə uyğun hazırlanmamalıdır.

Bir həqiqət də var ki, vətənpərvərliyin təbliği üçün vacib deyil ki, verilişdə mütləq əsgər və ya silah göstərilsin. Bu baxımdan AzTV-nin ölkə paytaxtının yolları, yeraltı keçidləri, körpüləri, parkları, gecə mənzərələri, yeni memarlıq nümunələri ilə bağlı hazırladığı musiqili lövhələrin (keçidlərin) vətənpərvərlik təbliğatı istiqamətində rolu əvəzsizdir. Proqramlararası keçidlərdə, həm də ən baxımlı vaxtlarda təqdim olunan bu kadrlar qəlbimizdə qürur, əminlik hissləri oyadır, güclü bir ölkənin vətəndaşı olmaqdan bir daha duyğulanırıq. Bu təsvirlərin mahiyyətində çox şey var: iqtisadi güc, sosial rahatlıq, gələcəyə inam. Həm də unutmayaq ki, bu kadrlara dost da baxır, düşmən də - dost sevinir, düşməninsə qəlbində qara qanlar axır. Etiraf edək ki, indiki dövr üçün bu teletəqdimat vətənpərvərlik təbliğatının yeni və gözəl ifadəsidir.

Bir fakt da danılmazdır ki, aparılan təbliğat qədərincə, müəyyən əndazə çərçivəsində olmalıdır. Bu prinsip pozulanda əks-təbliğata da çevrilə bilər.

Ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən sonra yeni dəyərlər, yeni münasibətlər, yeni təbliğat üsulları formalaşmağa başladı. Əslində bayrağımızı, himnimizi sevmək üçün elə bir fövqəladə təbliğat metodu da lazım deyildi. Bu sevgini millətimiz, onun vətənpərvər övladları illər boyu qəlbində gəzdirmiş, bugünkü müstəqilliyimizi həsrətlə gözləmişdilər.

Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri olarkən Azərbaycanın ötən əsrin əvvəlində endirilmiş dövlət bayrağı ilk dəfə sessiya zamanı iclas zalına gətirildi, gurultulu alqışlar altında öz möhtəşəm yerini tutdu. Bu, ulu öndərin dövlət, millət, vətən sevgisinin bənzərsiz ifadəsi idi! Ulu öndər heç bir əmr imzalamadan, heç bir tapşırıq vermədən bayrağı sevməyin yolunu göstərdi. Bu, həm də ən böyük təbliğat idi! Bu, həm də yaxına, uzağa güclü bir mesaj idi - Azərbaycan müstəqillik yolundan dönməyəcək! Dönmədi də! Azərbaycan ulu öndərin rəhbərliyi altında böyük uğurlara, möhtəşəm zəfərlərə imza ataraq dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrildi. Bu möhtəşəm yolu fədakarlıqla davam etdirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində ölkəmiz böyük nailiyyətlərə qovuşur. Dövlət başçısı milli təəssübkeşliyi, milli dövlətçilik ənənələrinə sadiqliyi, ölkənin ən ucqar yaşayış məntəqəsi barədə belə düşünməyi, qayğılanmağı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki birmənalı və dönməz mövqeyi, Azərbaycan naminə hər cür fədakarlıqlara hazır olmağı ilə əsl vətənpərvərlik nümunəsi göstərir. Bu vətənpərvərliyi xalq çox təbii qəbul edir. Çünki onun mahiyyətində inam və səmimiyyət dayanır.

Unutmayaq ki, bu vətən - Azərbaycan hamımızındır! Harada çalışmağımızdan, hansı sənətin sahibi olmağımızdan asılı olmayaraq onun övladlarının əxlaqını, tərbiyəsini, gələcəyini qorumalıyıq. Elə etməliyik ki, qızlarımız abırlı-həyalı, oğullarımız kişi səsli, kişi yerişli, kişi ürəkli böyüsün! Belə övladlarla vətən heç vaxt darda qalmır!

    

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2014.- 8 avqust.- S. 7.