Gəncə muzeylər şəhəridir

 

Gəncənin mədəni həyatı zəngindir. Həmişə belə olubdur. Gəncə Azərbaycanın, o cümlədən mədəniyyət mərkəzlərindən biri olmuşdur. Hazırda şəhərin mədəni həyatı kifayət qədər zəngindir. Yeni muzeylər açılır. Nizami Muzeyi, Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzi, ondan əvvəl bir neçə muzey açılmışdır.

Yəni şəhərin çox zəngin və dolğun ictimai, mədəni həyatı vardır və bu, əlbəttə ki, məni sevindirir, çünki Gəncə Azərbaycanın qədim şəhəridir, ikinci şəhəridir, Nizami yurdudur.

 

İlham ƏLİYEV

 

Son illər qədim  Gəncə xeyli müasirləşib. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri yeni muzeylərin yaranması ilə də müşayiət olunur. Yerləşdikləri binaların möhtəşəmliyinə görə qeyri-adi gözəlliyə malik olan bu muzeylər çox qısa zamanda istər sakinlərin, istərsə də Gəncənin qonaqlarının böyük marağına səbəb olmuşdur.

Gəncənin girişinə - Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə-Kompleksinə yaxınlaşarkən ecazkar bir aləmlə qarşılaşırsan.  Əslində, bütün girişlər şəhərlərin ilk bələdçiləridir. Qısa bir vaxtda tikilib başa çatan bu möhtəşəm abidə şəhərin beş qapısından biri olan "Məqbərə qapısı"nın bərpa olunan variantıdır.

Burada xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Gəncədə vətəndaş müharibəsinin qarşısının alınması salnaməsi əks olunmuşdur. Kompleksin sol cinahında ulu öndər Heydər Əliyevin, sağ cinahda isə Prezident İlham Əliyevin Gəncə ilə bağlı fikirləri həkk edilmişdir. Qalanın sağ hissəsindəki papiruslardan birində Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olması, digərində isə Milli Qurtuluş hərəkatının Gəncədən başlanması göstərilmişdir. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılmışdır.

Darvazalar 1063-cü ildə gəncəli usta İbrahim Osman oğlu tərəfindən düzəldilən Qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanmışdır. Həmin qapılar 1139-cu ildə zəlzələ nəticəsində Gəncə şəhəri dağılarkən gürcü çarı Demetre tərəfindən Gürcüstana aparılmış və Kutaisinin Helat monastırında saxlanılır.

Qalanın hər iki tərəfindəki birinci mərtəbələrdə və yeraltı keçiddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin sələfləri və xələflərinin şəkillərindən ibarət qalereya yaradılmışdır. Qalereya elə işıqlandırılır ki, insan ilk andan qeyri-adi bir aləmə düşdüyünü hiss edir. Burada Gəncənin 26 görkəmli şəxsiyyətinin abidəsi qoyulmuşdur. Muzeyin sağ tərəfində ikinci mərtəbədə Gəncənin hərb tarixi muzeyi yaradılmışdır. Burada xronoloji ardıcıllıqla Gəncənin hərb tarixinin qədim vaxtlarından başlayaraq 1918-1920-ci illərədək olan dövrü əhatə edilmişdir. "1918-1920-ci illərdə Gəncənin hərb tarixi"nə aid vitrində o dövrün silah-sursatı və 1919-cu il Gəncə qarnizonu döyüşçüsünün fotoşəkli nümayiş olunur. Ekspozisiyanın sonunda tərtib edilmiş rəmzi bölmədə Vətən uğrunda həlak olanların şərəfinə "Əbədi məşəl" və döyüşçülərin təsvirləri nümayiş etdirilir.

Qalanın üçüncü mərtəbəsində Gəncə əhalisinin məişəti, mədəniyyəti, həyatı haqqında məlumat verən etnoqrafik muzey yaradılmışdır. Tarix boyu sənətkarlıq mərkəzi olmuş Gəncədə 30-dan çox sənət sahəsinin yüksək səviyyədə inkişaf etməsindən xəbər verən nümunələr öz nəfisliyi ilə göz oxşayır. Etnoqrafik muzeydə xalça məmulatları, Şərq süfrə mədəniyyətinə xas çay dəstgahı, dulusçuluq məhsulları, misgərlik sənəti nümunələri və digər etnoqrafik əşyalar təqdim olunur.

Qalanın dördüncü mərtəbəsində Gəncənin qədim və zəngin süfrə mədəniyyətini, qonaqpərvərlik ənənələrini yaşatmaq məqsədilə milli kulinariya mətbəxi yaradılmışdır. Muzeydə Gəncə şəhərində mövcud olmuş Azərbaycanda ilk dövlət əhəmiyyətli qədim tikililərin rəsm və fotoları da nümayiş etdirilir. Dördüncü mərtəbədən qalanın bürclərinə qalxmaq mümkündür. Buradan şəhərin mənzərəsi göz oxşayır. "Azərbaycan milli geyimləri" sərgisində ölkəmizin müxtəlif regionlarına məxsus geyimlər və bəzək əşyaları nümayiş olunur. Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında tərtib edilmiş "Azərbaycan - qədim sivilizasiya məkanı" sərgisində müxtəlif bölgələrə aid 120-dən artıq qiymətli arxeoloji eksponat sərgilənir. Muzeydə Azərbaycan xalqının formalaşdığı ərazinin kosmosdan görüntü xəritəsi, Dərbənd qalasının maketi və digər eksponatlar böyük maraq doğurur.

Qala Qapıları ArxeologiyaEtnoqrafiya Muzeyini son bir neçə ayda 1400 nəfər ziyarət edib.

Gəncəlilərin müqəddəs məkan saydığı və son aylarda 10 minə yaxın ziyarətçini qəbul edən möhtəşəm Heydər Əliyev Mərkəzində bu qədim şəhərin ən böyük muzeyi fəaliyyət göstərir. Muzey ulu öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyi böyük işlər, Azərbaycan xalqının rifahı, ölkəmizin gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib. Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

Muzeydə  Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir.

Heydər Əliyev Mərkəzində oxu zalı, elektron kitabxana, xarici dil kursları, "IDEA" İctimai Birliyi resurs mərkəzi, videokonfrans salonu, hər cür təchizatı olan iclaskonfrans zalları var. Akt zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi  və sərgi salonu da orijinal fəaliyyəti ilə seçilir. Park-kompleksdə yerləşən müasir incəsənət muzeyi adından da göründüyü kimi, müasirlərimizin bu günümüzlə bağlı əl işlərini dəyərli eksponat kimi təqdim edir.

Görkəmi tamamilə dəyişdirilən və gecə də, gündüz də gözəlliyi göz oxşayan Nizami Gəncəvi məqbərəsinin yaxınlığında bənzərsizliyi ilə diqqəti cəlb edən bir muzeyvar. Tikintisinə 2012-ci ildə başlanılan Nizami Gəncəvi muzeyi Prezident İlham Əliyevin Gəncəyə on ikinci səfəri zamanı açılmışdır.

Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilməsi buraya gələnlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat almağa imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulmuşdur.

Burada ulu öndər Heydər Əliyev və Nizami Gəncəvi guşələri yaradılmış, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılmışdır. Muzeydə dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü var. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı sərəncam və qərarları sərgilənir. Burada dahi şairin 800, 840 illik yubileyləri münasibətilə nəşr olunan kitabmonoqrafiyalar nümayiş etdirilir. Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan "Xəmsə" və monoqrafiyalar Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Metropol Muzeyində qorunan nadir "Xəmsə" əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılmışdır. Nizami Gəncəvinin irsinin öyrənilməsində muzeyin əhəmiyyəti olduqca böyükdür.

Muzeydə elmi tədbirlər üçün nəzərdə tutulmuş konfrans zalı da var. Buraya  gələn qonaqlar və turistlər üçün istirahət guşələri də yaradılmışdır. Binada Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin yüksək zövqlə toxunmuş xalça portretləri diqqəti cəlb edir.

Muzeyin özəlliklərindən biri də Azərbaycanın Mərkəzi Bankı tərəfindən qızıldan hazırlanmış Nizami Gəncəvi mükafatına layiq görülmüş şəxslərin -  Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetcer, Türkiyə Cümhuriyyətinin sabiq prezidenti Süleyman Dəmirəl, ABŞ-ın sabiq prezidenti Bill Klinton, Latviyanın sabiq baş naziri Vaira Vike-Freyberqa, Niderlandın sabiq baş naziri Vim Kok, Oksford məktəbinin rəhbəri, Britaniya Kral Akademiyasının prezidenti Baronessa Süzan Grenfeld, UNESCO-nun xüsusi elçisi Valter Füst, Misirin İsgəndəriyyə Kitabxanasının rəhbəri doktor İsmail Seragəldin və Dalay-lama kimi görkəmli dövlət, elmdin xadimlərinin dahi mütəfəkkir haqqında söylədikləri dəyərli fikirləri öz əksini tapmasıdır.

Muzey əməkdaşları bildirirlər ki, böyük mütəfəkkir Nizami Gəncəvi irsinə olan sonsuz maraq buraya həmişə ziyarətçi axını ilə müşayiət olunur.

Şəhərin mərkəzində klassik memarlıq üslubunda tikilmiş və görkəmi ilə diqqəti cəlb edən bir bina var. Binanın qarşısındakı bağ və Məhsəti Gəncəvinin möhtəşəm heykəli ümumi ansamblı tamamlayır. Hər zaman qələbəlik olan bu möhtəşəm binada Məhsəti Gəncəvi Mərkəzi fəaliyyət göstərir.

Burada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və yardımçı otaqlar var. Oxu zalında ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və mədəniyyətimizin hamisi olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat və fəaliyyətini işıqlandıran kitablar yer almışdır. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rusingilis dillərində təqdim olunur. Mərkəzdə Məhsəti və Nizaminin ədəbi irsindən, Azərbaycan xalçaçılığının zənginliyindən bəhs edən kitablar da sərgilənir. Azərbaycanın zəngin mədəniyyətini Fransada yaxından tanıtmaq məqsədi ilə müxtəlif tədbirlər hazırlayıb həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ölkənin qədim ReymsMiluz şəhərlərində Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgi və konsertlər təşkil edilmişdir. Həmin tədbirləri əks etdirən fotolar da burada nümayiş olunur.

Mərkəz-muzeydə milli musiqi alətləri sərgisi yaradılmışdır. Burada Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycanın görkəmli şair və mütəfəkkirləri, musiqisi haqqında geniş elmi məlumatlar da əldə etmək mümkündür. Mərkəzin milli geyimlər sərgisində Məhsəti dövrü, xüsusilə də İntibah dönəmində xanımlara xas milli geyim nümunələri nümayiş olunur. Rəsm qalereyasında Məhsəti Gəncəviyə və rübailərinə həsr edilmiş müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər yer alıb. Məhsəti otağında şairənin heykəli ucaldılmışdır. Burada proyektor vasitəsilə miniatür və rəsm əsərləri təqdim edilir. Mərkəzdə musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı var.

Gəncənin digər muzeyləri də sakinlərin və turistlərin maraq dairəsinə daxildir. Mir Cəlal Paşayevin ev muzeyi, Gəncə tarix və diyarşünaslıq muzeyi, Nizami Gəncəvinin və İsrafil Məmmədovun xatirə-ev muzeyləri, Müasir İncəsənət Muzeyi buraya gələnlərin Gəncənin tarixi, görkəmli övladları, müasir incəsənəti haqqında dolğun məlumatlar əldə etməsi üçün zəngin eksponatlara malikdir.

Yeni muzeylərin yaradılması, bu muzeylər üçün möhtəşəm binaların tikilib istifadəyə verilməsi Gəncənin gözəlliyini daha da artırır. Təqdirəlayiq haldır ki, hər yeni tikilidə qədim şəhərin milli memarlıq xüsusiyyətləri qorunub saxlanılır.

Ölkə Prezidenti İlham Əliyev Gəncədə Heydər Əliyev Mərkəzinin açılışında demişdir: "Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı-nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir".

 

Rəfiqə SADIQOVA,

"Gəncənin səsi" qəzetinin baş redaktoru,

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2014.- 8 avqust.- S. 6.