Şəki yollarında yenidənqurma
işləri genişlənir
15 nömrəli Şəki Yol İstismar İdarəsi ümumilikdə 98 km respublika, 343 km yerli əhəmiyyətli yola xidmət edir. İdarənin kollektivi son dövrlər istər yolların çəkilişində, körpülərin tikintisində, istərsə də təmir-bərpa işlərində uğurlarını xeyli artırıb. İdarə rəisi Şahin İbadov söhbət zamanı bildirdi ki, dövlətin yüksək qayğısı sayəsində gündən-günə gözəlləşən Şəkinin yollarının da rahat və yaraşıqlı olmasına çalışırlar. Ş.İbadov onu da qeyd etdi ki, yol infrastrukturunun yenilənməsi şəhərlə məhdudlaşmır, Şəkinin kənd yolları da əsaslı şəkildə yenidən qurulur.
Ölkə Prezidenti İlham Əliyevin bu ilin may ayında verdiyi sərəncama əsasən yerli əhəmiyyətli Şəki-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun yenidən qurulması üçün 3,3 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 1140846 manatı sərf edilməklə artıq 6 km yolun əsası hazırlanıb, 1 kilometrlik hissəyə isə asfalt döşənib. Ümumi uzunluğu 17,1 km olan bu avtomobil yolu (əvvəlki çınqıl yol) sovetlər dönəmindən bir dəfə də olsa təmir görməmişdi. Ümumilikdə 15 min əhalinin istifadə edəcəyi Şəki-Baş Göynük-Baş Şabalıd avtomobil yolundan Şin, Baş Layısqı, Qumux və Cunut kəndlərinə də yollar ayrılır. Yolun yenidən qurulması həmin kəndlərin sakinlərinin də gediş-gəlişini asanlaşdıracaq. 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan avtomobil yolunun tikintisinin ümumi dəyəri 9 milyon manatdır. İdarənin baş mühəndisi Vahid Əyyubovun bildirdiyinə görə, Şəki-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun 11 km-i III, 4 km-i V, 2, 1 km-i isə IV dərəcəlidir. Yolda süni qurğuların tikintisi də davam edir. Ümumilikdə keçid üçün 32 ədəd metal boru quraşdırılıb. 1 ədəd 12 metr uzunluğunda diametri 1 metr olan dəmir-beton boru, 3 ədəd 36 metr uzunluğunda 1,25 metr diametrli borular da yağış və sel sularının "zərərsizləşdirilməsinə" xidmət edəcək. Tikinti işləri davam etdikcə 3 ədəd uzunluğu 4, hündürlüyü 2,5 metr olan dəmir-beton suötürücü borunun keçidi də nəzərdə tutulub. Onu da qeyd edək ki, fundamentallığı ilə diqqət çəkən bu avtomobil yolu yeni çəkilmiş Şəki-Qax magistralının 17-ci kilometr hissəsindən ayrılır.
Ötən ayda Şəkiyə daha bir xoş xəbər çatdı. Prezident İlham Əliyev 3 iyul 2014-cü il tarixdə Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük - Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Şəki Şəhər İcra Hakimiyyətinə 3,3 milyon manat vəsait ayrılıb. Dövlət başçısının bu qayğısı sakinlər tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanıb.
Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti kənd yollarının tikintisi məsələsinə də toxunmuşdur: "İnfrastruktur layihələri arasında biz son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət göstəririk. Çünki buna böyük ehtiyac vardır. Yerlərdən gələn xahişlər də bunu göstərir.
Bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilibdir. Ancaq hələ ki bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır.
Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər".
15 nömrəli Şəki Yol İstismar İdarəsinin xidmət etdiyi yerli əhəmiyyətli avtomobil yolları arasında hələ ki çınqıl döşənən yollar da az deyil. Düzdür, təmir olunub, hamarlanıb, ancaq asfalt yolun rahatlığını vermir. Yəqin ki, bu yollara da asfalt döşənər.
Görülən işlər sırasında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki ərazisinin 129 - 150-ci kilometrliyindəki asfalt-beton örtüyün təmirini də qeyd etmək olar. Elə şəhərdaxili yollarda da təmir işləri davam etdirilir. Bu ilin 6 ayı ərzində 415 min 71 manatlıq iş görülüb - 19360 kvadratmetr asfalt döşənib.
İdarənin balansında asfalt - beton zavodu, 4 avtoqreyder, 3 buldozer, 2 asfaltyayan maşın, 4 ekskavator, 2 yükləyici, 13 özyükünüboşaldan maşın və digər texnika var. Çalışırlar ki, hər bir texnikadan səmərəli istifadə olunsun.
Kollektiv üzvlərindən avtoqreyderçi Qaffar Qaffarov, Sakit Mülayimov, asfaltdöşəyən Rüstəm Əbdürrəfiyev, buldozerçi Ramiz İlyasov, fəhlələrdən İntiqam Bəhruzov, Tural Əhmədov, Rahim Xəlilov, sürücülərdən Möyüb Abdulxalıqov, Elxan Məsimov və digərləri işgüzarlıqları ilə seçilirlər.
İdarədə olarkən onu da öyrəndik ki, son iki il ərzində ümumi uzunluğu 2989 poqonmetr olan 49 körpü istifadəyə verilib. Çəkilən yollar, tikilən körpülər isə insanların daha rahat yaşamasını təmin edən amillərdəndir.
T.NƏZƏRLİ
Azərbaycan. - 2014.- 8 avqust.- S. 6.