"Ağır, az
ağır və yüngül xəsarət növlərinin
Siyahısı"nın təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 269 Bakı şəhəri, 1
avqust 2014-cü il
"İcbari
sığortalar haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2013-cü
il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 4 iyul tarixli 937 nömrəli Fərmanının
1.1.3-cü yarımbəndinin ikinci abzasının
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
"Ağır, az ağır və yüngül xəsarət
növlərinin Siyahısı" təsdiq edilsin (əlavə
olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269
nömrəli qərarı ilə təsdiq edilmişdir
Ağır, az ağır və yüngül xəsarət
növlərinin
1. Ağır xəsarətlər
1.1. Həyat
üçün təhlükəli olan zədələnmələr
bədən xəsarəti, xəstəlik və ya patoloji vəziyyət
halında ola bilər.
1.2. Həyat
üçün təhlükəli olan xəsarətlər
aşağıdakılardır:
1.2.1. kəllə boşluğuna keçən
yaralar (baş beyin toxumasının zədələnib-zədələnməməsindən
asılı olmayaraq);
1.2.2. kəllə tağı və kəllə əsası
sümüklərinin tam sınıqları;
1.2.3. baş beynə təzyiq edilməsi
(sıxılması) və ya edilməməsi
(sıxılmaması) ilə nəticələnən
ağır dərəcəli beyin əzilmələri, beyin
kötüyünün zədələnməsi simptomları
ilə müşayiət edilən orta dərəcəli beyin
əzilmələri;
1.2.4. həyat üçün təhlükəli
olan kəllədaxili epidural, subdural və ya subaraxnoidal
qansızmalar;
1.2.5. onurğa kanalına keçən yaralar
(onurğa beyninin zədələnib-zədələnməməsindən
asılı olmayaraq);
1.2.6. boyun fəqərələrinin
sınıq-çıxığı, cisimlərinin və ya
hər iki qövsünün sınıqları, yaxud birinci və ya ikinci boyun fəqərələrinin
qövsünün birtərəfli sınıqları
(onurğa beyni funksiyasının pozulmasından asılı
olmayaraq);
1.2.7. boyun fəqərələrinin
çıxıqları;
1.2.8. onurğa beyninin boyun şöbəsinin
qapalı zədələri;
1.2.9. onurğa beyni funksiyasının pozulması ilə
və ya kliniki təsdiq edilmiş ağır dərəcəli
şokla nəticələnən bir və ya bir neçə
döş, yaxud bel fəqərələrinin
sınıqları, yaxud
sınıq-çıxıqları;
1.2.10. ağır onurğa şoku və ya çanaq
üzvlərinin funksiyasının kəskin pozulması ilə
müşayiət olunan onurğa beyninin döş, bel və
oma seqmentlərinin qapalı zədələri;
1.2.11. udlağın, qırtlağın, traxeyanın
və yemək borusunun daxilə keçən yaraları;
1.2.12. ağır dərəcəli şokla və tənəffüsün
pozulması ilə və ya həyat üçün başqa
təhlükəli təzahürlərlə müşayiət
edilən, selikli qişanın cırılması ilə olan
qırtlaq, traxeya qığırdaqlarının və
dilaltı sümüyün qapalı sınıqları;
1.2.13. döş qəfəsinin plevra və ürək
kisəsi boşluqlarına, divararalığına keçən
yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən
asılı olmayaraq);
Qeyd. Əgər hemopnevmotoraks əlamətləri yoxdursa,
dərialtı emfizema məhdud xarakterlidirsə və yara
kanalı plevra boşluğuna keçməmişdirsə, belə
hallarda döş qəfəsi yaralanmalarında aşkar
olunmuş dərialtı emfizema daxilə keçən xəsarət
əlaməti kimi qiymətləndirilməməlidir.
1.2.14. qarnın periton boşluğuna keçən
yaraları, o cümlədən peritonarxası üzvlərin
(böyrəklərin, böyrəküstü və mədəaltı
vəzilərin və s.) açıq yaraları, sidik kisəsinin,
düz bağırsağın yuxarı və orta şöbələrinin
həmin üzvlərin boşluğuna keçən yaraları (daxili
üzvlərin zədələnib-zədələnməməsindən
asılı olmayaraq);
1.2.15. döş qəfəsinin, qarnın, çanaq
boşluğu üzvlərinin, eləcə də
peritonarxası üzvlərin bu Siyahının 1.3-cü bəndində
göstərilən xəstəliklər və patoloji vəziyyətlərdən
hər hansı biri və ya bir neçəsi ilə müşayiət olunan qapalı zədələnmələri;
1.2.16. uzunborulu sümüklərin: bazu, bud və
qamış sümüklərinin açıq
sınıqları;
Qeyd.
Mil, dirsək və incik sümüklərinin açıq
sınıqlarının, bazu, bud və qamış
sümüklərinin qapalı sınıqlarının, həmçinin
iri oynaqların (bazu, dirsək, mil-bilək, bud-çanaq, diz və
ya aşıq-baldır) açıq və qapalı zədələrinin
ağırlıq dərəcəsi onların bu
Siyahının 1.3-cü bəndində göstərilən vəziyyətləri
törətməsi və ya əmək qabiliyyətinin
dayanıqlı itirilməsi əlamətlərinə əsasən
təyin edilməlidir.
1.2.17. ağır dərəcəli şok və ya
çoxlu qanitirmə ilə, yaxud sidik kanalının
mağaralı hissəsinin cırılması ilə
müşayiət edilən çanaq sümüklərinin
sınıqları;
1.2.18. ağır dərəcəli şoka və ya
kollaps törətmiş çoxlu qanitirməyə, klinik nəzərəçarpan piy və ya qaz emboliyasına, kəskin
böyrək çatışmazlığı əlamətləri
ilə müşayiət olunan travmatik toksikoza səbəb
olan zədələr;
1.2.19. iri qan damarlarının zədələnmələri:
aortanın, yuxu (ümumi, xarici və daxili),
körpücükaltı, qoltuqaltı, bazu, qalça, bud,
dizaltı arteriyaların və onları müşayiət edən
venaların zədələnmələri;
Qeyd. Digər periferik damarların (başın,
üzün, boynun, saidin, əlin, baldırın, ayaq pəncəsinin)
zədələnmələri həyat üçün konkret
təhlükə (çoxlu qanitirmə, təsdiq olunmuş
ağır dərəcəli şok) törətməsindən
asılı olaraq qiymətləndirilməlidir.
1.2.20. bədən
səthinin 15 faizdən çox sahəsini əhatə edən
III-IV dərəcəli termiki yanıqlar və donmalar, bədən
səthinin 20 faizdən çox sahəsini əhatə edən
III dərəcəli termiki yanıqlar və donmalar, bədən
səthinin 30 faizdən çox sahəsini əhatə edən
II dərəcəli termiki yanıqlar və donmalar, eləcə
də az sahəsini əhatə edən, lakin ağır dərəcəli
şok törədən yanıqlar və donmalar, səs
yarığının ödemi və daralması əlamətləri
ilə müşayiət olunan tənəffüs
yollarının termiki yanıqları;
1.2.21. yerli təsirdən başqa, həyat
üçün təhlükəli olan ümumi toksiki təsir
göstərən qatı turşuların,
aşındırıcı qələvilərin və digər
kimyəvi birləşmələrin, müxtəlif
yandırıcı maddələrin törətdikləri
yanıqlar;
1.2.22. həyat üçün təhlükəli əlamətlər
kompleksi (beyin qan dövranının pozulması, huşun itməsi,
amneziya və s.) ilə aydın nəzərəçarpan və
obyektiv əlamətlərlə təsdiq olunan boyun üzvlərinin
sıxılması və mexaniki asfiksiyanın digər
növləri.
1.3. Bu
Siyahının məqsədlərinə görə həyat üçün təhlükəli
olan xəstəlik və ya patoloji vəziyyətlər
aşağıdakılardır:
1.3.1. müxtəlif etiologiyalı ağır dərəcəli
(III-IV dərəcələr) şok;
1.3.2. müxtəlif etiologiyalı koma;
1.3.3. massiv (çoxlu) qanitirmə;
1.3.4. kəskin ürək və ya damar
çatışmazlığı;
1.3.5. kəskin böyrək və ya qara ciyər
çatışmazlığı;
1.3.6. ağır dərəcəli kəskin tənəffüs
çatışmazlığı;
1.3.7.
irinli-septik vəziyyət;
1.3.8. daxili üzvlərin infarktı, ətrafların
qanqrenası, baş beyin damarlarının emboliyası
(hava və piy), tromboemboliya ilə nəticələnən
qan dövranı pozuntuları;
1.3.9. həyat üçün təhlükəli
olan vəziyyətlərin müştərəkliyi.
1.4. Həyat
üçün təhlükəli olmayan, lakin nəticələrinə
görə
ağır hesab edilən xəsarətlər
aşağıdakılardır:
1.4.1. görmənin itirilməsi, yəni hər iki
gözdə tam daimi (dayanıqlı ) korluq və yaxud 2 metr və
ondan az məsafədə barmaqların sayıla bilməməsinə
qədər görmənin itməsi vəziyyəti (görmə
itiliyi 0,04 və daha az);
1.4.2. bir gözdə görmənin tam itməsi;
Qeydlər:
1. Kor
gözün çıxarılmasına səbəb olan zədələnmə
sağlamlığın pozulma müddətinə görə
qiymətləndirilməlidir.
2.
Görmə qabiliyyəti, əvvəldən zəifləmiş
(1,0-dan aşağı) gözlərdə
görmənin itirilməsi barədə Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
qəbul olunmuş faiz cədvəlinə görə təyin
edilir.
1.4.3. eşitmənin itməsi, yəni tam karlıq və
yaxud zərərçəkənin danışıq nitqini hər
iki qulaq seyvanından 3-5 sm məsafədə eşitməməsi
kimi bərpa olunmayan vəziyyət;
1.4.4. bədənin hər hansı bir
üzvünün və yaxud onun funksiyasının itirilməsi:
1.4.4.1. dilin (nitqin) itirilməsi, yəni öz fikrini ətrafdakılara
başa düşülən, aydın səslərlə
çatdırmağı bacarmamaq;
1.4.4.2. qol və ya qıçın itirilməsi-onların
gövdədən ayrılması və ya dirsək, diz
oynaqları səviyyəsindən aşağı olmamaqla
amputasiyaları və yaxud funksiyasının itirilməsi
(iflic və ya onların fəaliyyətini tam pozan digər vəziyyət);
Qeyd. Digər hallar isə ətrafın hissəvi itirilməsi
kimi hesab edilməli və ümumi əmək qabiliyyətinin
daimi (dayanıqlı) itirilməsi əlamətinə görə
qiymətləndirilməlidir.
1.4.4.3. nəsiltörətmə qabiliyyətinin itirilməsi-cinsi
əlaqədə olma, mayalandırma, döllənmə və
doğuş qabiliyyətinin itməsi.
1.5. Psixi
pozuntuya və ya ruhi xəstəliyə səbəb olma.
1.6.
Əmək qabiliyyətinin üçdə bir hissəsindən
az olmamaqla, daimi (dayanıqlı) itirilməsi.
1.7. Peşəkar əmək qabiliyyətinin tam itirilməsi.
1.8.Xəsarətlə birbaşa səbəbli əlaqəsi olan, müddətindən asılı olmayaraq hamiləliyin pozulması.
1.9. Narkomaniya və ya toksikomaniyaya səbəb olma.
1.10. Sifətdə bərpa olunmayan xəsarətlər.
Qeydlər:
1. Sifətdə, eləcə də qulaq seyvanında vaxt keçdikcə bərpa olunmayan və onların aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və rekonstruktiv əməliyyatlar) tələb olunan patoloji dəyişikliklər (çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları, deformasiya, mimika və çeynəmə pozuntuları, kəskin nəzərəçarpan asimmetriya və s.) nəzərdə tutulur.
2. Vaxt keçdikcə öz gedişi boyu, eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarətlər isə sifətin bərpa olunmayan xəsarətləri hesab edilmir və xəsarət növlərinin digər dərəcələrindən birinə aid edilir.
2. Az ağır
xəsarətlər
2.1. Sağlamlığın uzun müddət pozulmasına səbəb olan aşağıdakı hallar az ağır xəsarətlərə aid edilir:
2.1.1. sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən xəsarətlər;
2.1.2. ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10%-dən 33%-ə qədər), dayanıqlı itirilməsi ilə nəticələnən xəsarətlər.
3. Yüngül xəsarətlər
3.1. Yüngül xəsarətlərə aşağıdakılar aid edilir:
3.1.1. sağlamlığın qısa müddətdə (21gündən az) pozulmasına səbəb olan xəsarətlər;
3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı;
3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı;
3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla);
3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar;
3.1.6. baş beyin silkələnməsi;
3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr;
3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə
qədər) dayanıqlı itirilməsinə səbəb
olan zədələnmələr.
Azərbaycan. - 2014.- 9 avqust.- S. 1.