Türkiyənin xəbər portalı Əli Həsənovun AzərTAc-a müsahibəsini yayıb

 

Türkiyənin www.gazetekars.com xəbər portalı Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsini türk dilində yayıb.

“Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir” sərlövhəli müsahibədə son günlər Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində yaranmış ciddi gərginliyin səbəblərinə aydınlıq gətirilir. Diqqəti işğalçı ordunun kəşfiyyat-təxribat qrupları tərəfindən dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə edilən basqınlara yönəldən Əli Həsənov Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejimin beynəlxalq hüquqa zidd əməllərindən bəhs edir. Qeyd olunur ki, erməni təxribatçı qrupları qarşılarına qoyduqları məqsədə nail ola bilməmiş və ciddi itkilər verərək geri çəkilmişlər.

Təqdim olunan müsahibədə, həmçinin Ermənistanın beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamasından, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmasından, Azərbaycan Ordusunun işğal olunmuş torpaqları azad etmək əzmindən və xalqımızın nikbin əhval-ruhiyyəsindən də söhbət açılır.

Müsahibə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür :

http://www.gazetekars.com/ali-hasanov-gundemi-degerlendirdi-14137h.htm

 

Sabir Şahtaxtı,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 2.