Daxili Qoşunların Bərdədəki “N” saylı hərbi hissəsində xidməti müşavirə keçirilib

 

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov Qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsində olub.

Daxili Qoşunların mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyətinin yoxlanılması məqsədi daşıyan səfər çərçivəsində Ş.Məmmədov hərbi hissənin döyüş hazırlığını, təlim-tədrisin vəziyyətini yoxlayıb, şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təchizatı ilə maraqlanıb.

Hərbi hissənin komandiri məruzə edərək şəxsi heyətin döyüş qabiliyyətinin və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu bildirib.

Sonra hərbi hissədə xidməti müşavirə keçirilib. Daxili Qoşunların Komandanı ölkəmizin iqtisadi qüdrətinin artmasının Silahlı Qüvvələrimizin möhkəmlənməsinə geniş imkanlar açdığını deyib. Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü islahatlar bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, ən müasir silahtexnikalarla təchiz olunmuş Azərbaycan ordusu Cənubi Qafqazda liderliyini qoruyub saxlamaqdadır.

Ötən dövrdə hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən razılığını ifadə edən general-mayor Ş.Məmmədov şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib. O, zabit və gizirlərin peşə vərdişlərinin artırılması istiqamətində səylərin daha da artırılmasının, onların hər an istənilən tapşırığı yerinə yetirməyə hazır olmalarının vacibliyini qeyd edib.

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 2.