Kəlbəcərdə girov götürülmüş soydaşlarımızın ailə üzvləri Rusiya Prezidentinə daha bir müraciət ünvanlayıblar

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumat görə, Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə bir daha müraciət ünvanlayıblar. Müraciətdə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı problemin həlli olunması xahiş edilir.

Avqustun 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu məsələ ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla görüşüb. Ə.Həsənov nümayəndəliyin rəhbərinə bildirib ki, qurum Xankəndi ofisi ilə birlikdə cəsədin və girovların qaytarılması məsələsini daim nəzarətdə saxlamalı və bu istiqamətdə fəaliyyətini gücləndirməlidir.

Baş nazirin müavini daha sonra Həsən Həsənovun ailə üzvləri ilə görüşüb.

Məlumatda həmçinin bildirilir ki, bu məsələlər ilk gündən Prezident İlham Əliyevin nəzarətindədir və aparılan işlər haqqında dövlət başçısına mütəmadi məlumatlar verilir.

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 2.