Moskvada Azərbaycan ordusuna dəstək aksiyası keçirilib

 

Avqustun 7-də Azərbaycanın Rusiyadakı səfirliyinin binası qarşısında Moskva Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş məlum hadisələrlə bağlı Azərbaycan diasporu üzvlərinin iştirakı ilə aksiya keçirilib.

Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, Moskva Azərbaycan Cəmiyyətinin sədri Oqtay Hüseynov, cəmiyyətin fəalları Mircamal Rəhimli, Kənan Qəribov, Əliş Kərimov, Məhəmməd Rəfiyev, Musa Musayev və "Lider" televiziya kanalının Rusiya üzrə müxbiri Anar Həsənov nümayişdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək olmağa və xalqımızla həmrəylik nümayiş etdirməyə çağırıblar.

Çıxışlarda son günlər cəbhə bölgəsində yaranmış gərgin vəziyyətin qəbuledilməz olduğu bildirilib. Rusiyada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşmələrinin vacibliyi vurğulanıb və səfərbərlik elan ediləcəyi təqdirdə həmvətənlərimizin işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək üçün tam hazır olduqları bildirilib.

Səfirliyin müşavir-elçisi Asəf Mehdiyev aksiya iştirakçıları qarşısında çıxış edərək Azərbaycan diasporunun üzvlərinə səfir Polad Bülbüloğlunun salamlarını, Azərbaycan dövləti və Prezidentinə dəstək məqsədilə irəli sürülmüş təşəbbüslərinə görə minnətdarlığını çatdırıb. O, bütün dünyada, o cümlədən Rusiyada Azərbaycan diasporunun artan gücünü qeyd edib, onun Azərbaycan Prezidenti və dövləti ətrafında sıx birləşdiyini vurğulayıb. Həmçinin Asəf Mehdiyev Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həll olunması istiqamətində gördüyü işlər barədə məlumat verib.

Tədbirin sonunda aksiya iştirakçıları səfirliyin nümayəndəsinə Moskva şəhərində yaşayan və səfərbərliyə hazır olan 500 nəfərdən artıq azərbaycanlı könüllünün siyahısını təqdim ediblər.

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 2.