Ermənistana qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır

 

Ermənistan ordusu tərəfindən bütün cəbhə xətti boyunca atəşkəs rejiminin pozulması ilə bağlı son hadisələr Azərbaycanı işğalçı qüvvələrə qarşı adekvat tədbirlər görməyə vadar etdi. Ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bilavasitə məşğul olan ATƏT-in Minsk qrupu yenə də baş verən hadisələrlə bağlı sadəcə quru ifadələrlə narahatçılığını bildirir. Tərəfləri sülh sazişinin tələblərinə əməl etməyə çağırdı.

İşğalçı Ermənistanın cəbhədə törətdiyi son təxribatlar ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaratdığı halda bəzi dövlətlər, beynəlxalq təşkilatlar yalnız quru bəyanatlar verməklə kifayətləndilər. Necə olur ki, 22 ildir işğalçılıq siyasəti aparan, terrora dəstək verən Ermənistana dair boş bəyanatlar verilir, amma Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyalar qəbul olunur. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrində hər şey aydın göstərilib. Bu qətnamələr 20 ildən artıqdır ki, yalnız kağız üzərində qalır. Buna ikili standartdan başqa heç bir ad vermək mümkün deyil. Artıq Azərbaycan ictimaiyyəti bilir ki, beynəlxalq aləm ikili standartlar aparır və xalqın fikrini bu problemdən yayındırmaq istəyir. Ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın son təxribatlar zamanı verdiyi hər bir şəhidə, hər bir yaralıya görə məsuliyyət daşıyırlar. Ona görə də ən qısa zamanda bu işğala, bu təcavüzə son qoyulmalıdır. Eyni zamanda verilən bəyanatlarda işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycan bərabərləşdirilməməlidir. Axı həmin beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrdə Ermənistan işğalçı Azərbaycan isə işğala məruz qalan ölkə kimi göstərilir. Ermənistana dəstək vermək isə işğalçıya, təcavüzkara nəfəs vermək deməkdir.

Hər kəs aydın şəkildə görür ki, Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır və danışıqları pozur. Bu ölkə BMT TŞ-nin qətnamələri başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. İşğalçı ölkə münaqişənin sülh yolu ilə həlli təkliflərinə də təpki göstərir. Bəs, nədən beynəlxalq qurumlar hələ də susurlar? Bəllidir ki, bu ölkənin təcavüzkar hərəkətlərinə dünya birliyinin lazımi cavab verməməsi mövcud olan ikili standartlar, erməni lobbisidiasporunun fəaliyyəti ilə bağlıdır. Lakin avqustun 6-da Ağdam və Bərdə rayonlarına səfər edərək "N" saylı hərbi hissədə hərbçilərlə görüşən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir daha Ermənistana xəbərdarlıq etdı. Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər: "Bunu bizbilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilibdir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün  imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruqbu ordu istənilən vaxtda istənilən vəzifəni icra edə bilər".

 Bu səfərin böyük hərbi əhəmiyyəti ondan ibarət oldu ki, düşmən artıq Azərbaycanın niyyətinin çox ciddi olduğunu dərk etdi. Bu səfər bir daha onu göstərdi ki, Azərbaycanın güclü ordusu, qüdrətli Ali Baş Komandanı var. Azərbaycan Prezidenti ölkə maraqlarını bütün səviyyələrdə və şəraitdə qorumağa  qadir bir şəxsiyyətdir. Dövlət başçısının söylədiyi fikirlər Dağlıq Qarabağ problemini həll edəcək beynəlxalq təşkilatlara da ciddi mesajdır. Ona görə də işğalçı Ermənistana qarşı ciddi ölçü götürülməlidir. Azərbaycan ictimaiyyəti də hesab edir ki, bu gün Ermənistan beynəlxalq hüquq normalarından doğan prinsipləri ayaq altına atan, BMT Nizamnaməsini kobud şəkildə pozan, terroru dövlət səviyyəsinə çatdıran ölkə olduğundan ciddi şəkildə cəzalandırılmalı və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Azərbaycan xalqı Ermənistanın cəzalandırılmasını və ədalətin bərqərar olunmasını tələb edir. İşğala məruz qalan ölkə kimi Azərbaycan hələ bu münaqişənin sülh yolu ilə tənzimlənməsi yollarının olduğunu düşünür. Əgər Ermənistan qəbul edilən qətnamələrə əməl edərsə, danışıqlar masasına əyləşərsə, münaqişənin həlli istiqamətində ciddi addımlar atıla bilər. Ancaq yenə də işğalçı ölkə öz çirkin siyasətini davam etdirəcəyi təqdirdə Azərbaycanın başqa yolu qalmayacaq. Azərbaycan xalqı  doğma torpaqları daxilində ikinci bir erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 3.