Azərbaycan Ordusu erməni silahlı birləşmələrinin istənilən hücum və təxribatlarının qarşısını alır, düşmənə layiqincə cavab verir

 

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup QHT və KİV nümayəndəsi cəbhə bölgəsinə səfər edib.

AzərTAc xəbər verir ki, səfər çərçivəsində qeyri hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər cəbhənin Füzuli rayonu istiqamətindəki “N” saylı hərbi hissədə şəxsi heyətlə görüşüb.

Əsgər, gizir və zabitlərin qarşısında çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğıdan söz açıblar.

Bildirilib ki, Silahlı Qüvvələrimizin potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Ordumuz müasir silah və hərbi texnika ilə tam təchiz olunub. Qətiyyətlə vurğulanıb ki, Azərbaycan Ordusu düşmənin istənilən hücum və təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinə layiqincə cavab verir.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə xəttinə son səfəri və buradakı çıxışı əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaradıb.

Nümayəndə heyəti Füzuli rayonu ərazisində yerləşən hərbi hospitalda yaradılan şəraitlə də tanış olublar.

Sonra media təmsilçiləri və ictimaiyyət nümayəndələri Yeni Xocavənd qəsəbəsində yaşayan, avqustun 2-də düşmənin diversiya qrupunun həmləsini dəf edərkən qəhrəmanlıqla həlak olan çavuş Sənan Quliyevin yas mərasimində iştirak ediblər. Qürurverici məqam isə şəhidimizin yaşadığı qəsəbədə yol boyu Azərbaycanın dövlət bayraqlarının asılması və şəhidin ailə üzvlərinin S.Quliyevin qəhrəmanlığı ilə fəxr etməsi olub.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov şəhidin qəhrəmanlığı haqqında danışıb.

Bildirilib ki, S.Quliyevin ailəsində bu ilk şəhid deyil: “Sənanın əmisi də erməni işğalçıları ilə döyüşdə şəhid olub. Bu nəslin nümayəndələri erməni işğalçılarına qarşı gedən döyüşlərdə qəhrəmanlıqlar göstəriblər”.

İcra hakimiyyətinin başçısı işğal altında olan ərazilərimizin azad olunacağı günün uzaqda olmadığını xüsusi qeyd edib.

Şəhidin babası Əlqəmə Quliyev onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bu yaşında döyüşə getməyə hazır olduğunu da deyib.

Daha sonra media təmsilçiləri Xocavənd istiqamətindəki hərbi hissələrdən birinə gediblər. Jurnalistlər səngərdə əsgər, gizir və zabitlərlə görüşüb, döyüş növbəsi çəkən hərbçilərimizin xidməti ilə yaxından tanış olub, düşmənin mövqelərini müşahidə ediblər.

Hərbi hissənin yüksək rütbəli zabiti bildirib ki, hər gün mövqelərimiz Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulur. Lakin son günlər bu daha intensiv xarakter alıb. Düşmənin təxribat xarakterli hərəkətləri həmişə olub, yenə də var. Düşmən tərəfdə çox böyük qorxu hiss olunmağa başlayıb. İndi gecə düşən kimi ermənilər vahiməyə düşür və kortəbii şəkildə ətrafa atəş açmağa başlayırlar.

Zabit qeyd edib ki, hazırda hərbi hissədə şəxsi heyətin ayıq-sayıqlığı, döyüş hazırlığı yüksək səviyyədədir. Hamı döyüşə can atır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı, eləcə də düşmənə qarşı döyüşlərdə fərqlənənlərin müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırılması bizə böyük stimul verib.

Düşmənlə üz-üzə olan postlarımızda gecə-gündüz növbə çəkən əsgərlər, gizirlər və zabitlər düşməndən qətiyyən çəkinmədiklərini, işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda əməliyyatların başlanacağı günü səbirsizliklə gözlədiklərini bildiriblər.

Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan Hərbi Birliyinin yüksək vəzifəli zabiti isə deyib ki, bəzi kütləvi informasiya vasitələrinin FüzuliAğdam rayonlarında guya bəzi kəndlərdə əhalinin evlərini tərk etdiyi barədə yayılan məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Cəbhədə baş verən son proseslər Azərbaycanda ordu ilə xalq arasında birliyin necə yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bütün ölkədə olduğu ki, burada da ordumuza böyük inam var. Ağdam, Xocavənd, Füzuli, Beyləqanda əhali əvvəllər necə yaşayır, işləyir və qəhrəmancasına düşmənlə üz-üzə dururdusa, indi də elədir. Azərbaycanın ordu bölmələri bütün parametrlərinə görə, Ermənistan silahlı birləşmələrindən üstündürişğal olunmuş torpaqları tezliklə azad etməyə hazırdır.

Ön cəbhədə olan hərbiçilərimizlə, əsgərlərimizlə söhbət zamanı bir daha əmin olduq ki, onlar düşmənin istənilən həmləsinin qarşısını alır, təmas xəttindəki postlarımızda ayıq-sayıq Vətənin keşiyində dayanırlar.

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 3.