«İrəli» İctimai Birliyi «Erməni təcavüzünə yoxdeyir

 

"İrəli" İctimai Birliyi (İB) son dövrdə qoşunların təmas xəttində baş verən gərginliklə əlaqədar sosial şəbəkələrdə "Erməni təcavüzünə yox!" kampaniyasını başladıb.

İB-dən AzərTAc-a bildiriblər ki, kampaniya Ermənistan Respublikası tərəfindən iyirmi ildən çoxdur Azərbaycan Respublikasının ərazi bütövlüyünün, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına qarşı yönəldilib.

Birliyin sədri Mirhəsən Seyidov deyib ki, beynəlxalq qurumların bütün hadisələr qarşısında susması kampaniyanın həyata keçirilməsinin önəmini artırır: "Artıq iyirmi ildir ki, biz bu müharibənin acı nəticələrini yaşayırıq. Amma onlar susurlar. Xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin sadəcə mülahizələr bildirmələri, reallıqda Ermənistana qarşı heç bir sanksiya və tələblərlə çıxış etməmələri erməni təcavüzünü daha da artırır."

Kampaniyaya qoşulmaq və "Erməni təcavüzünə yox!" demək üçün xüsusi olaraq yaradılmış internet portalına (httr://ireli.az/storagression/index.html) daxil olub verilən linklər vasitəsilə göstərilən sosial şəbəkələrdən birini seçib ona uyğun təlimata əməl etmək kifayətdir. Gənclər kampaniyada paylaşılanları ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki də işarələməklə həyata keçirirlər.

Qeyd edək ki, "İrəli" İctimai Birliyi bundan əvvəl son günlər sərhəd rayonlarında baş verən hadisələrlə əlaqədar gənclər adından dünya dövlətlərinə və beynəlxalq qurumlara altı dildə bəyanat göndərib. Həmin bəyanat üçün yaradılan sosial kampaniyaya 23 mindən artıq gənc qoşulub. Mindən artıq gənc isə həmin bəyanatı dünya dövlətləri və beynəlxalq təşkilatlara göndərib.

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 3.