İqtisadiyyat və sənaye
naziri Rusiyanın Azərbaycandakı səfiri
ilə görüşüb
Avqustun
8-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya
Federasiyasının Azərbaycandakı səfiri Vladimir
Doroxinlə görüşüb.
Nazirlikdən AzərTAc-a verilən məlumata görə, görüş zamanı nazir Azərbaycan - Rusiya əlaqələrinin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda Rusiya kapitallı 570 şirkətin fəaliyyət göstərir. Rusiya tərəfindən ölkəmizə yatırılmış investisiyaların həcmi 1,8 milyard ABŞ dollarını ötüb. Azərbaycan isə son 10 ildə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya qoyub və 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 10,5 faiz artıb. Ş. Mustafayev xatırladıb ki, Rusiya bazarı Azərbaycan üçün ənənəvi bazardır və ötən il qeyri-neft ixracının 32 faizi, kənd təsərrüfatı və emalı məhsullarının ixracının isə 30 faizdən çoxu bu ölkənin payına düşüb.
Səfiri Vladimir Doroxin ölkələrimiz arasında əməkdaşlığın genişləndiyini vurğulayaraq, Rusiya bazarında Azərbaycan mallarına, o cümlədən kənd təsərrüfatı məhsullarına əhəmiyyətli dərəcədə tələbat olduğunu deyib.
Görüş zamanı səfir Rusiya Federasiyasının Azərbaycan Respublikasına təyin olunmuş ticarət nümayəndəliyinin yeni rəhbəri Eldar Tlyabiçevi təqdim edib.
Ş. Mustafayev E. Tlyabiçevi təyinatı münasibətilə
təbrik edərək, onun ticarət əlaqələrimizin
daha da genişlənməsinə
dəstək verəcəyinə əminliyini bildirib.
Nazir Azərbaycanın
qeyri-neft sektorunun, eləcə
də kənd təsərrüfatının böyük
potensiala malik olduğunu, dövlət dəstəyi tədbirləri
nəticəsində qeyri-neft məhsullarının
istehsalının ilbəil artdığını, ölkəmizin
xarici bazarlara, o cümlədən Rusiya
bazarına bu məhsulların,
xüsusilə kənd təsərrüfatı və emalı
məhsullarının ixracını genişləndirməkdə
maraqlı olduğunu diqqətə
çatdırıb.
Azərbaycan. - 2014.- 9 avqust.- S. 4.