Dövlətin aqrar sektora dəstəyi öz bəhrəsini verir

 

Son illər Azərbaycanda iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq üçün bir sıra mühüm addımlar atılıb. Hazırda dövlət qeyri-neft sektoruna, o cümlədən aqrar sahəyə daha çox investisiya yönəldir. Təkcə son iki-üç il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərlə maliyyələşdirilən 94 istehsal, emalinfrastruktur müəssisəsindən 84-ü aqrar sənaye kompleksinə aiddir.

Rəqəmlərdən göründüyü kimi, aqrar sektora daha çox kapital qoyuluşu həyata keçirilib. Bütün bunlar dövlət tərəfindən bölgələrin və aqrar sektorun inkişafı istiqamətində gördüyü işlərin tərkib hissəsidir. Hazırda aqrar sektorda çalışan sahibkarlar torpaq vergisindən savayı bütün növ vergilərdən azad edilib. Dünyanın heç bir ölkəsində fermerlərin xeyrinə belə əlverişli qərarlar qəbul olunmayıb. Bundan əlavə, əkinçiliklə məşğul olan hər bir fermerə istifadə etdiyi yanacaqsürtkü yağlarına görə də kompensasiya ödənilir. Eyni zamanda, fermerlər istifadə etdikləri gübrəni bazar qiymətlərindən ucuz alır. Yaranan qiymət fərqini isə dövlət özü büdcə hesabına ödəyir. Fermerlərə göstərilən kömək bununla bitmir. Onlar, həmçinin toxumu, cins mal-qaranı və kənd təsərrüfatı texnikasını da güzəştli qiymətlərlə alırlar.

Əvvəllər fermerlərin banklardan kredit götürüb öz təsərrüfatlarını genişləndirmək imkanları məhdud idi. Dövlət bu problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər gördü. Bunun ən başlıcası aqrar sektorda çalışan sahibkarlara uzunmüddətli və güzəştli kreditlərin verilməsidir. İndiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib. Qeyd edək ki, bu təsərrüfatların hamısı iri istehsal obyektləridir.

Dövlət, bununla yanaşı, bölgələrdə kiçikorta həcmli fermer təsərrüfatlarının yaradılmasına da önəm verir. İndiyədək Sahibkarlığa Kömək Milli Fondu minlərlə ortakiçik fermer təsərrüfatına güzəştli kreditlər verib. Artıq bir çox fermerlər öz kiçik təsərrüfatlarını inkişaf etdirərək orta təsərrüfat səviyyəsinə qaldırıb və məhsul istehsalını xeyli artırıblar.

Xatırladaq ki, ölkə əhalisinin yarıya qədəri regionlarda yaşayır. Aqrar sektorun inkişafına dövlətin böyük əhəmiyyət verməyinin bir səbəbi də iqtisadi amillə yanaşı, sosial məsələlərin həllidir. Belə ki, aqrar sektorun inkişafı bölgələrdə yaşayan insanların işlə təminatı və rifah halının yaxşılaşması deməkdir. Məqsəd isə ölkə iqtisadiyyatının bütün sahələrinin şaxələndirilmiş şəkildə inkişafını təmin etməkdir.

Dövlət tərəfindən aqrar sektorda həyata keçirilən uğurlu islahatlar nəticəsində bölgələrdə artıq iri fermer təsərrüfatları yaranmağa başlayıb. Bu təsərrüfatlar böyük torpaq sahələrinə, texnikaya və maliyyə vəsaitinə sahibdir. Təcrübə göstərir ki, bu sahədə görülən işlər davam etdirilməlidir. Çünki belə təsərrüfatlarda məhsuldarlıq daha yüksək olur.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə demişdir: "Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyim sərəncamlar və hazırda aparılan işlər, islahatlar deməyə əsas verir ki, biz bu sahədə də daha sürətli inkişafa nail olacağıq. İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. İri fermer təsərrüfatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir. Biz, bildiyiniz kimi, əgər belə demək mümkünsə, kiçik bir layihədən, birinci layihədən - 5 min hektar layihəsindən başlamışıq. Orada görünür ki, məhsuldarlıq nə qədər yüksəkdir. Burada verilən məlumata görə, hazırda 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Nəticə etibarilə, biz mövcud olan torpaqlarda məhsuldarlığı artıraraq özümüzü tam şəkildə taxılla təmin edə bilərik. Məhsuldarlıq 56 sentnerdir, ancaq orta hesabla ölkə üzrə təxminən 25-26 sentnerdir. Yəni yeni təsərrüfatlarda məhsuldarlıq iki dəfə artıqdır. Ən müasir texnologiya, texnika, gübrələr, aqroxidmət göstərilir. Çalışmalıyıq ki, bu təcrübəni biz bundan sonra o qədər də böyük olmayan təsərrüfatlara da tətbiq edək. Əlbəttə ki, həcm baxımından bu, fərqlənəcək, amma yanaşma eyni olmalıdır. Əslində, biz iri fermer təsərrüfatlarının müasir səviyyədə yaradılması ilə ölkəmizdə bir standart müəyyən edirik. Bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə əsaslanmalıdır".

Həmin iclasda qeyd edilmişdir ki, ölkəmizdə aqrar sektorun imkanları çox genişdir.  Biz dünyaAvropa bazarına qısa bir zamanda böyük həcmdə keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxara bilərik. Ölkənin kənd təsərrüfatı məhsulları ixracının əsas hissəsini meyvə-tərəvəz təşkil edir. Bu məhsulların ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz artaraq 68,9 milyon dollara çatıb. Lakin bu, mövcud potensialımızdan xeyli aşağıdır. Əsas hədəf daha çoxdaha keyfiyyətli məhsul ixrac etməklə dünya bazarlarında özümüzə daimi yer tutmaqdır. Həyata keçirilən uğurlu aqrar islahatların bunu təmin edəcəyinə şübhə yoxdur.

Cari ilin birinci yarısında ölkə üzrə bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində sabit artım müşahidə edilib, 2,3 milyard manatlıq məhsul istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bu dövrdə bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq sahələr üzrə artım 10,1 və 3 faiz olub. Beləliklə, kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı sabit qalaraq 4,4 faiz təşkil edib.

Ölkədə kənd təsərrüfatı məhsullarının həcmini daha da artırmaq üçün yeni suvarma sistemləri yaradılır. Bu, ölkəyə on minlərlə hektar torpağın əkin dövriyyəsinə daxil edilməsinə imkan verəcək. Hazırda tikintisi başa çatmaq üzrə olan Şəmkirçay və Taxtakörpü su anbarları bu missiyanı uğurla həyata keçirəcək. Beləliklə, yaxın illər ərzində Azərbaycan özünün ərzaq təhlükəsizliyini tam təmin etməklə yanaşı, dünya bazarına məhsul ixrac edən ölkəyə çevriləcək. Dövlət tərəfindən həyata keçirilən aqrar siyasətin başlıca məqsədi də məhz budur.

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 6.