Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə
görüşü keçirilib
Avqustun
10-da Soçi şəhərindəki “Boçarov Ruçey”
iqamətgahında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir
Putin və Ermənistan Respublikasının Prezidenti Serj
Sarkisyanın birgə görüşü keçirilib.
Rusiya dövlətinin başçısı Vladimir PUTİN Azərbaycan və Ermənistan prezidentlərini salamlayaraq dedi:
- Hörmətli İlham Heydər oğlu,
Hörmətli Serj Azatoviç,
Sizinlə Rusiyada görüşmək imkanına görə sizə bir daha təşəkkür etmək istəyirəm.
Dünən bizim həm Ermənistan Prezidenti, həm də Azərbaycan Prezidenti ilə ikitərəfli münasibətlər barədə söhbət etmək imkanımız oldu. Axşam qeyri-formal şəraitdə də görüşdük. Düzdür, şükür Tanrıya ki, dünən axşam biz işgüzar xarakterli məsələlərə toxunmadıq. Bununla belə, bir-birimizlə müxtəlif mövzularda söhbət etməyə imkan oldu. Mənim fikrimcə bu, regional tənzimləmə ilə bağlı ən mürəkkəb, ağır məsələlər barədə səmimi söhbət etmək üçün müəyyən şərait yaradır.
Təbii ki, bu problemlərin həllinin, Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq formatları mövcuddur. Şübhəsiz ki, biz bütün bu beynəlxalq formatlara hörmətlə yanaşırıq və həmkarlarımızla işləməkdə davam edəcəyik.
Lakin hər halda bizim
xüsusi, daha
yaxın münasibətlərimizin mövcud
olmasını nəzərə alsaq dərin
tarixi keçmişimiz
bizim harada
olmağımız və keçmişdən bizə miras qalmış bütün
bu problemlərin nizamlanmasında irəliləmək
üçün nə etmək lazım
olması barədə səmimi fikir
mübadiləsi aparmağa imkan verir. Hər halda mənə elə gəlir ki, bu, faydalıdır.
İstənilən halda faydalıdır. Bu gün sizinlə
görüşmək və bütün bu mövzular barədə
söhbət etmək imkanına görə çox
şadam.
X X X
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
- Sağ olun, Vladimir Vladimiroviç.
Bu məsələyə münasibətinizə görə sağ olun. Dünən müzakirə etdiyimiz kimi, bu məsələ öz həllini tələb edir. O, həddən artıq uzandı. Ümidvaram ki, bu prosesdə Sizin şəxsən iştirak etməyiniz danışıqlar prosesinə yeni təkan verəcəkdir.
Qeyd etdiyiniz kimi, danışıqların formatı artıq mövcuddur, münaqişənin tənzimlənməsi üçün hüquqi baza da vardır. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çox keçib, amma həmin qətnamələr hələ də kağız üzərində qalıb.
Minsk qrupu
həmsədrlərin şəxsində işləyir, tərəfləri
yaxınlaşdırmağa cəhd göstərir, lakin bu, o
qədər də yaxşı alınmır. Buna görə
düşünürəm ki, Rusiya bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, tənzimləmə
prosesində əlbəttə, xüsusi rol oynayır. Ümid edirik ki, biz
ən yaxın vaxtda danışıqlar yolu ilə, sülh yolu ilə beynəlxalq hüququn
norma və prinsiplərinə uyğun ədalətli həlli
tapacağıq.
X X X
Rusiya Prezidenti Vladimir PUTİN dedi:
- Məmnuniyyətlə bildirirəm
ki, Azərbaycan Prezidenti də problemin sülh yolu ilə həll
edilməsinin zəruriliyinə
diqqət yetirdi. Bu, həqiqətən ən başlıca məsələdir, çünki
insanların həlak olmasından daha böyük faciə yoxdur.
Hər halda bunu nəzərə almaq lazımdır ki, münaqişəli vəziyyət çoxdan yaranıb, bizə keçmişdən, deyə
bilərik və demək lazımdır ki, Sovet İttifaqının
mirası kimi qalıb. Biz bu məsələnin
həllini tapmaq üçün səbir,
müdriklik, bir-birimizə
hörmət nümayiş
etdirməliyik.
Şübhəsiz, xoş
məram varsa hər hansı mürəkkəb
vəziyyət tənzimlənə bilər. Mənə elə
gəlir ki, Azərbaycan xalqı tərəfindən,
erməni xalqı tərəfindən bu cür xoş məram mövcuddur. Gəlin, bu tərkibdə
söhbət edək, sonra isə həmkarlarımızla
bərabər bir qədər də oturub məsləhətləşək.
Azərbaycan. - 2014.- 12 avqust.- S. 1.