Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonundakı
115 nömrəli tam orta
məktəbdə əsaslı təmir və yenidənqurma
işlərindən sonrakı vəziyyətlə
tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də
Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə
əsaslı təmir və yenidənqurma işlərindən
sonrakı vəziyyətlə tanış olmuşdur.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu istiqamətdə görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Qeyd edildi ki, 115 nömrəli məktəbin binası 1965-ci ildə inşa olunub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən 5 min kvadratmetr tikinti sahəsi olan məktəbdə yeni dərs ili ərəfəsində əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. 47 sinif otağından ibarət 1380 şagird yerlik məktəbdə dərslər əsasən iki növbədə keçiriləcək. Məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə təmir olunub və lazımi ləvazimatla təchiz edilib.
Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış oldu.
Məktəbin akt zalı,
yeməkxanası, açıq və örtülü
idman meydançaları da
ən müasir standartlara
uyğun şəkildə yenidən qurulub. Təhsil ocağının bir hektarlıq həyətyanı sahəsində
abadlıq və quruculuq işləri həyata
keçirilib, yaşıllıqlar
salınıb. İstilik və
işıqlandırma sistemləri də müasir
standartlar səviyyəsindədir. Məktəb
içməli və texniki su sistemləri ilə təchiz edilibdir.
Azərbaycan. - 2014.- 12 avqust.- S. 1.