Bukaonlayn jurnalı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti təhlil edib

 

Bosniya və Herseqovinanın “Buka” onlayn jurnalında Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazı yerləşdirilib. Yazıda görüşlər çərçivəsində müzakirə olunan məsələlərlə bağlı məlumat verilir.

Məqalədə 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamlara toxunulur. Qeyd olunur ki, bu münaqişə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi nəticəsində qanlı müharibəyə çevrilib.

Müəllif vurğulayır ki, son günlər Dağlıq Qarabağ regionunda, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginlik artmaqdadır. Atəşkəsin ciddi pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları həlak olub. Jurnal qeyd edir ki, son günlər gərginliyin artmasına səbəb Ermənistan ordusunun kəşfiyyat-təxribat qruplarının qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etməsidir.

 

Maqsud Dadaşov

AzərTAc-ın xüsusi müxbiri

Sarayevo

 

Azərbaycan. - 2014.- 12 avqust.- S.2.