Azərbaycan ilə Serbiya
arasında strateji tərəfdaşlıq
xalqlarımızın mənafeyinə uyğundur
Avqustun
12-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə ölkəmizdə rəsmi səfərdə olan
Serbiya Respublikasının müdafiə naziri Bratislav
Qaşiçin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Baş nazir Artur Rasizadə Azərbaycan və Serbiya arasında siyasi, humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, iqtisadi və hərbi-texniki sahədə də mövcud imkanlardan geniş istifadənin zəruriliyini vurğulayıb.
Bratislav Qaşiç Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu qeyd edib. Müdafiə naziri ölkəsində baş verən təbii fəlakət zamanı Azərbaycanın göstərdiyi yardıma görə Serbiya hökuməti adından minnətdarlığını bildirib. O, həmçinin Serbiya dövlətinin bütün beynəlxalq tədbirlərdə hər zaman Azərbaycanın yanında olduğunu, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini birmənalı şəkildə dəstəklədiyini bir daha bəyan edib.
Sonda səmimi görüşə görə dərin təşəkkürünü bildirən serbiyalı nazir respublikamızda sürətli iqtisadi inkişafın şahidi olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Serbiya arasında əlaqələrin perspektivlərinə
dair tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2014.- 13 avqust.- S. 1.