Serbiyanın RTS telekanalı: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində növbəti addım

 

Serbiyanın RTS telekanalının saytında “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində növbəti addım” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşləri barədə məlumat verilir. Qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə kompromissülh yolu ilə həllinə ümid edirlər. Görüş çərçivəsində müzakirə olunan məsələlərin, səslənən fikirlərin yer aldığı yazıda son günlərdə Dağlıq Qarabağ regionunda, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması ilə bağlı məqamlar təhlil olunur.

Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilərək deyilir: “Münaqişənin başlanması 1988-ci ilə təsadüf edir. Dağlıq Qarabağ bölgəsinin işğalı və Azərbaycandan qoparılması tərəflər arasında qanlı müharibəyə çevrildi. Münaqişə xeyli sayda insan tələfatı və bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. 1994-cü ildə tərəflər arasında atəşkəs əldə olundu və münaqişənin nizamlanması üçün ATƏT-in Minsk qrupu yaradıldı”.

 

Maqsud Dadaşov

AzərTAc-ın xüsusi müxbiri

Belqrad

 

Azərbaycan. - 2014.- 13 avqust.- S.2.